AÇG-də neftvermə əmsalının 40 faizdən çox artırılması hədəflənir

AÇG-də neftvermə əmsalının 40 faizdən çox artırılması hədəflənir
İqtisadiyyat 18

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda neftvermə əmsalını 40 faizdən yuxarı qaldırmağı qarşıya məqsəd qoyub.

BAKU.WS xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Babək Hüseynov "AÇG-də hasilata dəstək: Yeni yanaşmalar və texnologiyalar" tədbirində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, AÇG bloku həm Azərbaycanın, həm də qlobal neft sənayesinin ən mühüm aktivlərindən hesab olunur. Yataqda milyardlarla barel neft ehtiyatı mövcuddur. İndiyədək burada böyük həcmdə hasilat həyata keçirilsə də, qarşıda hələ əhəmiyyətli neft ehtiyatları qalır.

Babək Hüseynov qeyd edib ki, AÇG rezervuar xüsusiyyətlərinə görə dünya miqyasında qabaqcıl yataqlardan biridir. Bu baxımdan keçiricilik, məsaməlilik, yatağın ölçüsü və digər geoloji göstəricilər xüsusi əhəmiyyət daşıyır.

SOCAR rəsmisinin sözlərinə görə, yataq artıq hasilatın pik mərhələsini geridə qoyub və hazırda təbii azalma dövrünü yaşayır. Şirkətin əsas məqsədi isə mövcud potensialdan mümkün qədər səmərəli istifadə etmək və yatağın ümumi neftvermə göstəricisini yüksəltməkdir.

O bildirib ki, bu istiqamətdə SOCAR müstəqil qiymətləndirmə aparmaq əvəzinə, layihənin operatoru BP ilə birgə işləməyi üstün tutub. Tərəflər yatağın istismar müddəti ərzində əldə edilə biləcək son neftvermə əmsalını müəyyənləşdirmək üçün ortaq araşdırma aparıblar.

B. Hüseynovun sözlərinə görə, neftin keyfiyyəti və mövcud infrastruktur nəzərə alınaraq, AÇG-də son neftvermə əmsalının 40 faizdən yüksək səviyyəyə çatdırılmasının mümkün olduğu qənaətinə gəlinib. O vurğulayıb ki, bu göstərici dünya neft sənayesində ən yüksək nəticələrdən biri hesab olunur.

SOCAR-ın vitse-prezidenti əlavə edib ki, qarşıya qoyulan hədəfə çatmaq üçün yatağın yeraltı quruluşu və rezervuar xüsusiyyətlərinin daha dərindən öyrənilməsi istiqamətində genişmiqyaslı seysmik tədqiqatlar aparılır.

Onun sözlərinə görə, SOCAR BP ilə əməkdaşlıqda texniki baxımdan mümkün layihələrin yalnız iqtisadi səmərəlilik meyarına görə ilkin mərhələdə kənarlaşdırılmaması mövqeyini ortaya qoyub. İlk növbədə texniki imkanların tam müəyyənləşdirilməsi, daha sonra isə layihələrin qiymətləndirilməsi əsas götürülüb. Bu prosesdə SOCAR öz müstəqil texniki rəyini də təqdim edib.

Babək Hüseynov vurğulayıb ki, AÇG-nin hasilat potensialının artırılması istiqamətində görülən işlər SOCAR və BP-nin birgə fəaliyyətinin nəticəsidir. Tərəflər yatağın imkanlarını nəzərə alaraq həyata keçiriləcək layihələrin siyahısını birlikdə müəyyənləşdirib və onların icrasına başlayıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər