SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Amerika Federal Ehtiyatlar Sistemi dolların uçot dərəcəsini artırmağa hazırlaşır. Bu artım Açıq Bazar üzrə Əməliyyatlar Federal Komitəsinin (FOMC) 16 dekabrdakı növbəti görüşündə mümkün ola bilər. 
 
BAKU.WS-in məlumatına görə, bütün dünyada şirkətlər, investorlar və nüfuzlu siyasətçilər demək olar ki sıfır faiz dərəcəsi erasının sonuna yaxınlaşdıqlarını anlayırlar. "Project Syndicate"ın baş iqtisadçı Anatoli Kaletski öz məqaləsində dolların kəskin bahalaşması ehtimalından yazıb. 

İqtisadçı ekspert hesab edir ki, faiz dərəcələrinin qaçılmaz artımı çox daha yavaş olacaq. Federal Ehtiyatlar Sisteminin (FED) sədri Canet Yellen də dəfələrlə deyirdi ki, bu artımlar aşağı həcmdə müşahidə olunacaq: "Hərçənd ki, bankirlərə həmişə etibar etmək olmaz. Çünki onların işi tələb edir ki, şüurlu şəkildə investorları yanıltsınlar. Ancaq FED-in "faiz dərəcələrini uzun müddətə artıracağı" öhdəliyi tamamilə səmimidir. 

FED inflyasiyanı qaldırmaq üçün çox aşağı faiz dərəcələrini saxlamalı olacaq, hətta inflyasiya yüksəlməyə başladıqdan sonra da bu proses öz tempi ilə davam edəcək. Bu pul siyasətinin tətbiq edilməsi bütün dünyada 2008-ci ildən başlayan iqtisadi böhrandan sonra başlayıb. Dolların uçot dərəcəsi 2016-cı ilin sonuna kimi 1,0-1,5% arta bilər. ABŞ-da faiz dərəcələrinin təxirəsalınmaz artımı iqtisadi tarixdə lap qabaqcadan açıqlanan ilk hadisədir. Çünki 1994-cü ilin fevralında və 2004-cü ilin iyununda dolların uçot dərəcəsi qəflətən dəyişmişdi. Ancaq bu dəfə hər şey plana uyğun olacaq". 
 
Mütəxəssis hesab edir ki, ABŞ faiz dərəcələrini artmağa başlayanda dollar gözlənildiyi kimi demək olar ki, hər yerdə bahalaşacaq: "Xüsusilə, Avropa Birliyi və Yaponiya pul-kredit siyasətini dəyişməyə və məcbur olacaq. Dolların bahalaşması daha çox inkişaf edən iqtisadiyyatlarda və Beynəlxalq Valyuta Fondunda narahatlıq, qorxu və təlaşa səbəb olur. Dolların əhəmiyyətli dərəcədə möhkəmlənməsi inkişaf edən ölkələr üçün ciddi problemlər yaradır. Çünki bu kimi ölkələrdə şirkətlər və hökumətlər böyük dollar borclarını öz üzərlərinə götürür və yerli valyutanın devalvasiyası nəzarətin itməsinə gətirib çıxarır. 

Əgər FED növbəti ayda faiz dərəcələrini qaldırsa dolların artımı avtomatik olmayacaq. ABŞ-ın bu maliyyə-kredit siyasəti qlobal miqyasda dağıdıcı təsirlərə səbəb olacaq. Növbəti ilin iqtisadi perspektivlərində dolların sürətli bahalaşması, inkişaf edən bazarlarda kapital axını, beynəlxalq dollar borc alanları üçün maliyyə fəlakətləri, Asiyada və Latın Amerikasında valyutaların devalvasiyaları gözləniləndir. 
 
Dolların uçot dərəcəsinin artırılması şübhəsiz ki, qlobal valyuta bazarındakı dəyişikliklərin manata təzyiqini artıracaq. Qeyd edək ki, manatın cari məzənnəsi müəyyənləşdirilən zaman neftin dünya bazar qiyməti deyil, məhz dollar avro münasibəti nəzərə alınır. Bu ilin fevral ayından Mərkəzi Bank 2 valyutalı səbətdən istifadə edir və artıq avro dollar ilə yanaşı dayanır. Yəni, dünya valyuta bazarında məzənnə dəyişikliyi baş verirsə, artıq manatın dollar kursu sabit qalmır, o da dəyişir.
 
Mərkəzi Bankın valyuta səbətində dolların payı yenə də çoxdur. Bu isə o deməkdir ki, dolların avroya məzənnə dəyişən zaman ABŞ pulu avropalıların puluna nisbətən buna daha az reaksiya verir. Buna görə də FED-in son qərarı dolların manata təzyiqini artırmaqla yanaşı gələcəkdə dünya bazarında avronun ucuzlaşacağı halda manatın da dollara nisbətən ucuzlaşmasına gətirib çıxaracaq. Məsələyə dekabrın 16-da aynılıq gələcək. Gözləyək...

Şahin Həbibov
BAKU.WS