Azərbaycan banklarının dollar fırıldağı
Son vaxtlar bəzi banklar müştərilərin dollar kreditlərini manata çevirməyə başlayıblar. Lakin təəssüf ki, bu düzgün addımı əvəzsiz etmirlər.
BAKU.WS-in məlumatına görə, banklar bunun əvəzində kredit üzrə faiz dərəcəsini artırır, yaxud müştəridən komisyon haqq tuturlar. Maliyyə sahəsi üzrə ekspert, vəkil Əkrəm Həsənov isə hesab edir ki, bu, tamamilə yolverilməz haldır və müştərilər bankların bu təklifinə razılaşmamalıdır.
"Əvvəla, ona görə ki, bankların bu addımı "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Prezidentin 22 dekabr 2014-cü il tarixli Fərmanının 11-ci bəndinə ziddir. Orada deyilir: "Azərbaycan Respublikasının Mərkəzi Bankı kommersiya banklarının kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması, həmin dərəcələrlə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi arasında fərqin azaldılması istiqamətində əməli tədbirlər görsün və görülən işlər barədə altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat versin”. Yəni Prezident Mərkəzi Banka tapşırıb ki, faiz dərəcələrinin aşağı salınmasını təmin etsin. Banklar faiz dərəcələrini azaltmaq əvəzinə artırırlar".
Mütəxəssis hesab edir ki, bankların bu əməli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Qərarınının 6-cı bəndinə ziddir:
"Orada deyilir: "Əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədəmüvafiq hesab edilsin”. Başqa sözlə, Məhkəmə banklara dollar kreditləri üzrə faiz dərəcələrini aşağı salmaq göstərişini verib (bunun tövsiyə deyil, məhz göstəriş olmasını hələ may ayında ətraflı əsaslandırmışam)".
Ə.Həsənovun sözlərinə görə, qeyd edilənlərə əsasən müştərilər kreditin valyutasının dəyişdirilməsi zamanı banka hər hansı əlavə ödənişin edilməsinə razılaşmamalı, əksinə faiz dərəcəsinin daha da aşağı salınmasını tələb etməlidirlər: "Valyutanın dəyişməsi bankların lütfü deyil, müştərinin haqqıdır.
Belə ki, Mülki Məcəllənin 422-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Təbii ki, manatın kəskin devalvasiyası şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir", - deyə mütəxəssis əlavə edib.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Bu bank kredit faizlərini azaltdı
Azərbaycan Beynəlxalq Bankı yeni fəaliyyət strategiyasına uyğun olaraq istehlak kreditlərinin faiz dərəcələrinin azaldılması istiqamətində növbəti addımını atıb...