SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Bizim maliyyə vəziyyətimiz, manatın məzənnəsi sabitdir, kifayət qədər valyuta ehtiyatlarımız var, bütün sosial layihələr - infrastruktur layihələri, tikinti-quruculuq işləri icra edilir". 
 
BAKU.WS-in məlumatına görə, bunu prezident İlham Əliyev Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində iştirakı zamanı deyib. Dövlət başçısı bildirib ki, Azərbaycanda aparılan işlər və gələcəkdə bizim planlarımızın reallaşması ölkəmizi daha da gücləndirəcəkdir. Mən gələcəkdə sosial və iqtisadi inkişafla bağlı heç bir ciddi problem görmürəm: 

"Bu gün dünyada gedən proseslər, qanlı toqquşmalar, müharibələr artıq dünya gündəmini zəbt edir. Yəni, bu, adi hala çevrilib. Ona görə Azərbaycanda sabitliyi, təhlükəsizliyi qorumaq, möhkəmləndirmək doğrudan da çox təqdirəlayiq bir haldır. Bu şəraitdə müstəqil siyasət yürütmək, iqtisadi-sosial inkişafa nail olmaq onu göstərir ki, düzgün siyasət aparılır, xalq da bunu görür, bəyənir və seçkilərdə öz sözünü deyir".
 
İlham Əliyev vurğulayıb ki, enerji sektorunda Azərbaycanın dünyadakı rolu getdikcə artmaqdadır və bu gün biz "Cənub” qaz dəhlizi kimi nəhəng layihəni - Avropanın bir nömrəli enerji layihəsini icra edirik və həm də liderlik göstəririk.
 
"Yəni, bütün bu işlər davam etdiriləcək. Bu işləri sürətləndirmək və daha da böyük nəticələr əldə etmək üçün cəmiyyətdə hələ ki, mövcud olan, bizi - iqtidarı və xalqı narahat edən problemlər aradan qaldırılmalıdır. Bunların içində korrupsiya, rüşvətxorluq birinci yerdədir. Çünki korrupsiya dövlətimizin dayaqlarını sarsıdır, inkişafı, azad rəqabəti əngəlləyir, müəyyən dərəcədə inamsızlıq yaradır. Ona görə məhkəmə işçilərinin burada çox böyük rolu vardır. Bir daha demək istəyirəm, ilk növbədə, məhkəmə sistemində korrupsiyaya, rüşvətxorluğa yol verilməməlidir", - deyə prezident əlavə edib.
 
Şahin Həbibov
BAKU.WS