“2017-ci il Azərbaycan üçün çətin olacaq”

“2017-ci il Azərbaycan üçün çətin olacaq”
İqtisadiyyat 1369
 

"2017-ci ildə məqsəd iqtisadiyyatın stabilləşməsinə nail olmaqdan ibarətdir”.

BAKU.WS-in məlumatına görə, bunu Sherg.az-a Azərbaycanda ümumdaxili məhsulun azalması ilə bağlı iddialara aydınlıq gətirərkən iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

O diqqətə çatdırıb ki, məlum devalvasiyalar iqtisadiyyata mənfi təsir göstərdi:

"Nəticə etibarı ilə Azərbaycan iqtisadiyyatında 2015-2016-cı illərdə mənfi təsirlər yarandı. Hazırkı islahatlarla müəyyən irəliləyişə nail olmağa çalışılır. 2017-ci ildə Azərbaycan iqtisadiyyatında ümumdaxili məhsulda artımın qeydə alınması çətin olacaq. Çünki Dünya Bankının proqnozlarında da 2017-ci il Azərbaycan iqtisadiyyatı üçün azalma proqnozu verilib. 2018-ci ildə isə beynəlxalq maliyyə qurumları, o cümlədən Dünya Bankı Azərbaycan üçün artım proqnozlaşdırıb, ümumdaxili məhsulda artımın olacağı məhz bu il gözlənilir. Bu isə qeyri-neft sektorunun inkişafından asılı olacaq.

Azərbaycanda qeyri-neft sektorunun inkişafına nail olmaq üçün azad iqtisadi zonanın yaradılması və ölkəmizin digər bölgələrində də prosesin davam etdirilməsinə ehtiyac var. Azad iqtisadi zonalar iqtisadi artıma nail olunması baxımından çox vacib vasitə ola bilər. Bu, yeni investisiyaların cəlb edilməsinə də imkan yaradır.

Beləliklə növbəti il iqtisadi artım qeyri-neft sahəsinin inkişafı ilə bağlı aparılan fəaliyyətlərdən asılı olacaq. Azərbaycan bununla bağlı tədbirləri davam etdirməklə 2018-ci ildə yenidən iqtisadi artımı bərpa edə bilər”.

BAKU.WS

Son xəbərlər