Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı

Türkiyədə Halk TVyə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı
Dünya 10

Türkiyənin "Halk TV" telekanalına qarşı aparılan istintaq çərçivəsində növbəti əməliyyat həyata keçirilib. Əməliyyat zamanı 12 nəfər barəsində saxlanılma qərarı verilib, onlardan 9-u polis tərəfindən saxlanılıb.

BAKU.WS NTV-yə istinadən xəbər verir ki, saxlanılanlar arasında telekanalın tanınmış aparıcısı Ece Üner və onun həyat yoldaşı Deniz Bayramoğlu da yer alıb.

Telekanalın xəbər koordinatoru Hakan Kürşad Oğuz barəsində də saxlanılma qərarı çıxarılıb. İstanbul Baş Prokurorluğunun açıqlamasına əsasən, onun hazırda ölkə xaricində olduğu müəyyən edilib.

Türkiyə mediasının məlumatına görə, istintaq "Halk TV"nin sahibi Cafer Mahiroğlu ilə bağlı araşdırmalar çərçivəsində genişləndirilib. İş üzrə maliyyə əməliyyatları, şirkətlər və bələdiyyə tenderləri ilə mümkün əlaqələr yoxlanılır.

Araşdırma çərçivəsində şübhəlilərə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, cinayətkar təşkilat yaratmaq və ona üzv olmaq, ictimaiyyəti yanıldan məlumatların yayılması, rüşvət, tenderlərə müdaxilə və vergi qanunvericiliyinin pozulması ilə bağlı iddialar irəli sürülüb.

Qeyd edək ki, sadalanan ittihamlar hələ məhkəmə tərəfindən təsdiqlənməyib.

Son xəbərlər