Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür

Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür
Siyasət 10

Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Naxçıvanda jurnalistlərə açıqlammasında deyib.

Deputatın sözlərinə görə, TRIPP layihəsi artıq Ermənistan parlamentində müzakirə olunub və Ermənistanda bu istiqamətdə avtomobil yolunun çəkilməsi ilə bağlı işlərə başlanılıb. Azərbaycanda isə Zəngəzur dəhlizinin ölkə ərazisindən keçən hissəsində işlər yekunlaşmaq üzrədir. Avtomobil yolu artıq tamamlanıb, dəmir yolu ilə bağlı işlərin isə 2027-ci ilin əvvəllərində başa çatdırılması nəzərdə tutulur.

Vüqar Bayramov qeyd edib ki, görülən işlərin hazırkı vəziyyəti 2028-ci ilin sonlarına doğru dəhlizin istifadəyə verilməsi ehtimalını yaradır.

Deputat vurğulayıb ki, Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən nəqliyyat marşrutu deyil, həm də regionun iqtisadi inkişafına mühüm töhfə verəcək strateji layihədir. Onun sözlərinə görə, dəhliz Türk dünyasını quru yolu ilə birləşdirməklə yanaşı, Orta dəhliz, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının inteqrasiyasına da imkan yaradacaq.

Vüqar Bayramovun fikrincə, layihənin reallaşması Naxçıvanın iqtisadi inkişafı üçün yeni perspektivlər açacaq. O bildirib ki, 2026-cı ildən muxtar respublikada Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan vergi güzəştlərinin qüvvəyə minməsi də investisiya mühitinin yaxşılaşdırılmasına xidmət edir. Bu güzəştlər çərçivəsində istehsal sahəsinə yatırılan investisiyalar üzrə bir sıra vergilərdən 10 il müddətinə azadolmalar, eləcə də investisiya təyinatlı idxal məhsullarının əlavə dəyər vergisindən azad edilməsi nəzərdə tutulur.

Deputat əlavə edib ki, Zəngəzur dəhlizi istiqamətində aparılan işlər, Naxçıvanın iqtisadiyyatına dövlət dəstəyinin artırılması, vergi güzəştləri və dövlət proqramları muxtar respublikanın iqtisadi inkişafını sürətləndirmək üçün mühüm imkanlar yaradır.

O, Prezidentin Naxçıvana son səfəri çərçivəsində investisiyalarla bağlı qəbul edilən qərarların da muxtar respublikada investisiya qoyuluşunun artmasına və iqtisadi inkişafın güclənməsinə töhfə verəcəyini bildirib.

Son xəbərlər