Qazaxıstanda 14 hərbçinin ölümü ilə bağlı araşdırmanın nəticələri açıqlandı
Qazaxıstan Müdafiə Nazirliyində vəziyyətin kompleks araşdırılması üzrə komissiya sentyabrın 24-də 14 hərbçinin həlak olduğu Xəzər dənizindəki təlimlərin planlaşdırılmasında çatışmazlıqlar və pozuntular aşkar edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti komissiya üzvləri ilə keçirilən görüşdən sonra məlumat yayıb.
"İstintaqın ilkin nəticələri hərbi tədbirlərin planlaşdırılmasında ciddi səhv hesablamalara və əvvəlki rəhbərlik tərəfindən lazımi nəzarətin olmamasına işarə edir. Dövlət başçısı vurğulayıb ki, ilkin kadr qərarları qəbul edilib. Eyni zamanda, hərbçilərin ölümündə məsul olan bütün vəzifəli şəxslər qanunla müəyyən edilmiş məsuliyyətə cəlb edilməlidirlər", - deyə məlumatda bildirilib.
Yoxlamanın birinci mərhələsinin nəticələrinə əsasən, cinayət təqibi orqanları tərəfindən dövlət əmlakının mümkün mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə və Müdafiə Nazirliyinin təşkilatları və bölmələrinin fəaliyyətində yol verilmiş digər pozuntularla bağlı 13 cinayət işi açılıb.
Həmçinin bildirilir ki, 14 hərbçinin ölümü ilə bağlı iş üzrə beş təqsirləndirilən şəxs həbs edilib. Ölkə Prezidenti Kasım-Jomart Tokayev bütün təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edib və məsələni şəxsi nəzarətinə götürüb.
"Bu məsələ prezidentin şəxsi nəzarəti altındadır. Komandanlıq heyətinin cinayətkar səhlənkarlığı faktları ilə bağlı məhkəməyədək araşdırma davam edir. Beş vəzifəli şəxs həbs edilib", - deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, sentyabrın 24-də Qazaxıstanın Xəzər dənizi sahilində keçirilən təlimlər zamanı 17 hərbçini su aparıb. Onlardan 14-ü həlak olub, üçü xilas edilib.
İnsidentdən sonra Tokayev Müdafiə Nazirliyinə araşdırma aparılması barədə göstəriş verib. Həmçinin müdafiə nazirini və Baş Qərargah rəisini dəyişib, Hərbi Dəniz Qüvvələrinin baş komandanını isə vəzifəsindən azad edib.
Hadisə ilə bağlı cinayət işi üzrə istintaq davam edir. Daxili İşlər Nazirliyinin daha əvvəl bildirdiyi kimi, təqsirləndirilən şəxslər arasında Hərbi Dəniz Qüvvələrinin baş komandanının birinci müavini və Müdafiə Nazirliyinin bir sıra vəzifəli şəxsləri var.
Oxşar xəbərlər
Taliban: Əfqanıstanda sülh bərqərar olub, ölkə dünya ticarətinin tranzit mərkəzinə çevrilə bilər
Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqi ölkədə hərbi əməliyyatların dayandırıldığını və sabitliyin təmin edildiyini bildirib. BAKU.WS xəbər verir ki,...