İran: Fordo nüvə obyekti zərbədən əvvəl təxliyə edilmişdi

İran: Fordo nüvə obyekti zərbədən əvvəl təxliyə edilmişdi
Dünya 152

İran rəsmiləri Fordo, Nətənz və İsfahan şəhərlərində yerləşən nüvə obyektlərinin ABŞ tərəfindən hava hücumuna məruz qaldığını təsdiqləyib. Qum ostanının administrasiyası Fordo kompleksinin müəyyən sahələrinin zərbələrə tuş gəldiyini açıqlayıb.

BAKU.WS xəbər verir ki, İranın strateji qurumlarının verdiyi məlumatlara görə, hücumdan əvvəl obyektlər boşaldılıb və əhəmiyyətli texniki zərər qeydə alınmayıb.

İranın xarici işlər naziri Abbas Araqçi baş verənləri "dəhşətli və beynəlxalq hüquqa zidd" adlandıraraq, ABŞ-ni BMT Nizamnaməsini və Nüvə Silahlarının Yayılmaması Müqaviləsini kobud şəkildə pozmaqda ittiham edib. O bildirib ki, ABŞ Təhlükəsizlik Şurasının daimi üzvü olaraq dinc nüvə obyektlərinə hücum etməklə beynəlxalq hüququ və regionun sabitliyini ciddi şəkildə təhlükə altına atıb. Nazir əlavə edib ki, İran qanuni özünümüdafiə hüququnu özündə saxlayır və bu hücumların uzunmüddətli nəticələri olacaq.

Bununla yanaşı, İran Atom Enerjisi Təşkilatı da bəyanat yayaraq, ölkənin nüvə proqramının dayandırılmayacağını, əksinə, daha da inkişaf etdiriləcəyini vurğulayıb. Bəyanatda qeyd olunub ki, zərbə endirilən obyektlər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) daimi nəzarəti altında olub və bu hücum beynəlxalq öhdəliklərin açıq şəkildə pozulması deməkdir.

İran rəsmiləri beynəlxalq ictimaiyyəti ABŞ-nin bu addımını qınamağa və İranın dinc nüvə enerjisinə olan qanuni hüquqlarını müdafiə etməyə çağırıb. Parlamentin strateji müşaviri Mehdi Məhəmmədi isə bildirib ki, "biliyi bombalamaq mümkün deyil" və bu cür avantürist addımlar nəticə verməyəcək.

Xatırladaq ki, hücumlarla bağlı ilk açıqlamanı ABŞ Prezidenti Donald Tramp vermiş, Fordo, Nətənz və İsfahandakı obyektlərə uğurlu zərbələrin endirildiyini demişdi.

Son xəbərlər