Hörmüz boğazı ilə bağlı kritik toplantı son anda təxirə salındı
İran və Oman arasında razılaşdırılan yeni dəniz dəhlizinin Körfəz ölkələrinə təqdim olunmasının gözlənildiyi regional toplantı son anda təxirə salınıb.
BAKU.WS xəbər verir ki, Oman xarici işlər naziri Bədr əl-Busaidi qərarın "razılaşma əldə etmək məqsədilə" qəbul edildiyini bildirib. Yeni toplantı tarixi açıqlanmayıb.
Oman Xəbər Agentliyi görüşün konstruktiv dialoq üçün uyğun şərait yaratmaq məqsədilə təxirə salındığını açıqlayıb.
Toplantıya İran, Oman, Bəhreyn, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı və Küveytin dəvət edildiyi bildirilirdi. Lakin Bəhreyn İranla diplomatik münasibətlər bərpa olunmayana qədər İranın iştirak etdiyi belə toplantılara qatılmayacağını açıqlamışdı.
İran tərəfi isə təxirə salınma qərarının bəzi region ölkələrinin tələbi və Tehranla Maskatın ortaq qərarı əsasında qəbul edildiyini bildirib.
Görüşün əsas gündəmi Hörmüz boğazında yeni dəniz dəhlizinin yaradılması idi. İran xarici işlər naziri Abbas Əraqçi Tehran və Maskatın bununla bağlı razılaşmanı yekunlaşdırdığını və sənədlərin Beynəlxalq Dənizçilik Təşkilatına təqdim olunmasının planlaşdırıldığını açıqlamışdı.
İran tərəfi yeni dəhlizin boğazın tam açılması anlamına gəlmədiyini vurğulayır. Tehran ABŞ-nin iyunda imzalanmış razılaşma üzrə öhdəliklərinə qayıtmasını əsas şərt kimi irəli sürür.
Hörmüz boğazında gərginlik fonunda neft qiymətləri də yüksək olaraq qalır. Qlobal neft tədarükünün təxminən beşdə birinin keçdiyi boğazda ticarət gəmilərinin hərəkəti kəskin azalıb. Brent markalı neftin qiyməti hazırda 100 dolları ötür.
Oxşar xəbərlər
AfD liderindən Aİ-yə sərt mesaj: "Pullarımızı geri istəyirik"
Almaniyada "Almaniya üçün Alternativ" (AfD) partiyasının Saksoniya-Anhalt əyalətindəki seçkilərdə tarixi nəticə əldə etməsindən sonra partiyanın həmsədri Alisa...