ABŞ Rusiyaya atəşkəs üçün 3 iqtisadi təklif irəli sürüb - DETALLAR

ABŞ Rusiyaya atəşkəs üçün 3 iqtisadi təklif irəli sürüb - DETALLAR
Dünya 46

ABŞ Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması istiqamətində Moskvanı məhdud atəşkəsə razı salmaq üçün bir sıra iqtisadi güzəştləri nəzərdən keçirir. Təkliflər enerji infrastrukturu və dənizdə hərbi əməliyyatların məhdudlaşdırılması ilə bağlı mümkün razılaşmanı əhatə edir.

BAKU.WS xəbər verir ki, bu barədə "The New York Times" (NYT) müzakirələrdən məlumatlı rəsmilərə istinadən yazıb.

Məlumata görə, Vaşinqtonun gündəliyində Rusiyaya üç iqtisadi stimulun təqdim edilməsi məsələsi var.

İlk təklif Qərb ölkələrində dondurulmuş milyardlarla dollar həcmində Rusiya aktivlərinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasıdır. Nəşrin mənbələri bildiriblər ki, bu vəsaitlərin qaytarılması atəşkəsdən sonra veriləcək mükafat kimi deyil, Moskvanı razılaşmaya sövq edən vasitə kimi nəzərdən keçirilir.

İkinci təşəbbüs Rusiyanın "Lukoil" şirkətindəki paylarının Yaxın Şərq investorlarına satılması planının yenidən gündəmə gətirilməsidir. NYT-nin məlumatına əsasən, söhbət milyardlarla dollar dəyərində ola biləcək sövdələşmədən gedir. Potensial alıcılar arasında ABŞ nümayəndələri ilə işgüzar əlaqələri olan şəxslərin də olduğu bildirilir.

Üçüncü təklif isə Belarusa kalium gübrələrinin ixracına icazə verilməsi ilə bağlıdır. Bu məsələnin müzakirəsini ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner yenidən gündəmə gətiriblər.

Bununla yanaşı, Ukrayna tərəfi mümkün razılaşma çərçivəsində öz maraqlarının da nəzərə alınmasını istəyir. Qəzetin yazdığına görə, Kiyev Rusiyanın dondurulmuş aktivlərinin açılması halında eyni məbləğdə vəsaitin Ukraynaya da ayrılmasını və ya atəşkəsin pozulacağı təqdirdə əlavə hərbi yardım göstərilməsinə zəmanət verilməsini təklif edib.

Qeyd edək ki, nəşrin məlumatı tərəflər arasında müzakirə olunan təkliflərə aiddir. Mətnə əsasən, bu təşəbbüslərin yekun razılaşmaya çevrildiyi barədə məlumat verilməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər