Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir

Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir
Digər 8

Gündəlik işə gedib-gəlmək üçün avtomobil idarə etmək ürək-damar sisteminə gözləniləndən daha çox təsir göstərə bilər. Alimlər müəyyən ediblər ki, avtomobil idarə edərkən ürək döyüntüləri digər oturaq fəaliyyətlərlə müqayisədə daha uzun müddət yüksək səviyyədə qalır.

BAKU.WS xəbər verir ki, araşdırmanın nəticələri "Digital Public Health" elmi jurnalında dərc olunub.

ABŞ-nin Hyuston Universitetinin tədqiqatçıları bir həftə ərzində yaşı orta hesabla 26 olan 57 sürücünü müşahidə ediblər. İştirakçılar hər gün ağıllı saatlardan istifadə edərək ürək döyüntülərini qeydə alıblar. Avtomobillərdə quraşdırılan xüsusi cihazlar isə səfərlərin göstəricilərini izləyib.

Nəticədə alimlər ümumilikdə 177 mindən çox dəqiqəlik məlumat və təxminən 3 min saatlıq gündəlik aktivlik qeydə alıblar.

Məlum olub ki, avtomobil idarə edilən vaxtın təxminən 94 faizində sürücülərin nəbzi fərdi istirahət səviyyəsindən yüksək olub. Müqayisə üçün qeyd edək ki, oturaq iş və ya istirahət zamanı bu göstərici 81 faiz təşkil edib.

Bundan başqa, sükan arxasında ürək döyüntüləri saat ərzində orta hesabla cəmi 1,3 dəfə ilkin istirahət səviyyəsinə qayıdıb. Digər oturaq fəaliyyətlər zamanı isə bu göstərici 2,5 dəfə olub.

Tədqiqatçılar hesab edirlər ki, bu fərq avtomobil idarə edərkən sürücünün daim yola diqqət yetirməsi, qərarlar qəbul etməsi və dəyişən vəziyyətlərə operativ reaksiya verməsi ilə bağlı ola bilər. Belə ki, sükan arxasında olmaq televizora baxmaq və ya kompüter qarşısında oturmaqdan fərqli olaraq, fasiləsiz diqqət və konsentrasiya tələb edir.

Alimlər bildirirlər ki, bu qanunauyğunluq həm iş günlərində, həm də həftəsonlarında müşahidə edilib.

Son xəbərlər