SİZİN REKLAM BURADA!
055 213 76 73


26 avqustdan etibarən İsrail-Livan sərhədində gərginlik yenidən artıb. Həmin gün İsrail hava qüvvələrinə məxsus PUA-lar 2006-cı ildən sonra ilk dəfə Livan ərazisinə də hücumlar etməyə başlayıb.

BAKU.WS xəbər verir ki, Hizbullah lideri Həsən Nəsrullahın çıxışından sonra Livan qüvvələri də İsrailin hərbi obyektlərinə qisas hücumları həyata keçirilib.

O, hətta çıxışında bildirmişdi ki, bundan sonra İsrail əhalisi normal şəkildə yaşaya bilməyəcək. İsrail ordusuna müraciət edən Nəsrullah “sərhəddəki İsrail ordusuna üz tuturam, hazırlıq vəziyyətində olun və bizi gözləyin. Bir gün, iki gün, üç gün, sadəcə gözləyin”.


BMT Baş Katibinin sözçüsü Stefan Duyarriçin tərəfləri sükuta çağırması da nəticə verməyib. O, gərginliyin müşahidə edildiyi ölkələrə çağırış edərək Yaxın Şərqin növbəti müharibənin yükünü qaldıra bilməyəcəyini qeyd edib.

Buna baxmayaraq tərəflər bir-birilərinə raket zərbələri endirməyə davam edib.

İsrail Hərbi Hava Qüvvələri Livanı təxribata çəkməyə də cəhd edib. Belə ki, İsrailə məxsus 4 qırıcı təyyarə Livanın paytaxtı Beyrut və ölkənin cənub şəhərləri üzərindən uçuş həyata keçirib. Təyyarələr bir neçə manevr etdikdən sonra Livanın hava məkanını tərk ediblər.

Dünən isə gərginlik pik həddə çatıb. "Hizbullah" təşkilatının döyüşçüləri Livanla sərhəddə İsrailə məxsus zirehli texnikanı məhv ediblər. Nəticədə yəhudi hərbçilər arasında ölən və yaralananlar olub.

İsrail ordusu isə Maron-ər-Ras, Aytrun və Yarun şəhərlərinə 100-dən çox mərmi atıb. İki saata qədər davam edən İsrail zərbələri nəticəsində bir sıra bölgələrdə yanğın baş verib.


Son bir həftə ərzində iki ölkə sərhədində artmaqda olan gərginliyin ardından yeni müharibənin başlanması ehtimalı da yüksəlib. Məsələyə İran, ABŞ və Ərəb Dövlətləri Liqası da münasibət bildirib.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani deyib ki, "Hizbullah" hərəkatı tərəfdarları Qüdsün hərəkətlərinə cavab olaraq, İsrail ərazisində hərbi obyektlər də daxil olmaqla, bir neçə hədəfi atəşə tutublar.

Amerikanın beynəlxalq danışıqlarda xüsusi nümayəndəsi və prezident Donald Trampın köməkçisi Ceyson Qrinblatt da İsraili müdafiə edən açıqlamalar verib. O, İsrailin müdafiə olunduğunu və bu hüququnun legitim olduğunu açıqlayıb.

Ərəb Dövlətləri Liqası (ƏDL) isə vəziyyəti daha da gərginləşdirə biləcək hərəkətlərinin qarşısının alınmasına görə məsuliyyətin beynəlxalq ictimaiyyətin üzərinə düşdüyünü bildirib.


Hazırda əsas sual bundan ibarətdir ki, iki ölkə arasındakı gərginlik nəyə hesablanıb? Tərəflər bu gərginlikdən nə əldə etmək istəyir?

Bu sualları cavablandırmaq üçün siyasi ekspert Kənan Rövşənoğluna müraciət etdik. Politoloq son bir ayda İsrail, Fələstin, İraq, Suriya, İran və Livan ətrafında cərəyan edən hadisələri və nəticə olaraq Livan ərazisinin bombalanmasının ardıcıllığını diqqətə çatdırıb:

“Bilindiyi kimi, son bir ayda İsrail əvvəlcə İraq ərazisində “Həşd-Şabi” qruplaşmasına məxsus bazaları bombaladı, daha sonra Suriya ərazisində İran və Hizbullaha məxsus nöqtələri vurdu. Ardınca isə 2006-cı ildən sonra ilk dəfə olaraq Livan ərazisinə, konkret olaraq Beyruta silahlı dronlar göndərdi və onlardan biri Hizbullaha məxsus media mərkəzində partladı.

Nəhayət, Qəzza zolağını atəşə tutdu. Əlbəttə, Qəzza və Suriya ərazisini İsrail ordusu ən azı son 8 ildə davamlı olaraq bombalayıb. Çünki İsrail rəsmiləri bəyan edir ki, Suriyada yerləşən İran qüvvələri, konkret olaraq İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və onun Qüds briqadası İsrail üçün təhdid yaradır. Qəzzadakı silahlılar isə zaman-zaman İsraili atəşə tutur. Amma İraq və Livan necə deyərlər yeni hadisədir. Ən azı 13 ildir İsrail Livan ərazisinə daxil olmayıb. İraqa isə illərdir bu qədər açıq hücum olmayıb”.


K.Rövşənoğlu İsrail və Livan arasındakı bu gərginliyin səbəbi kimi bu ay İsraildə keçiriləcək növbədənkənar parlament seçkilərinə diqqəti çəkib.
O xatırladıb ki, apreldə keçirilən seçkilərdə hökumət qurmaq üçün lazım olan səsə sahib ola bilməyən partiyalar anlaşa bilmədi, buna görə də növbədənkənar seçkilərə getməyə məcbur oldular. Ancaq ehtimal olunur ki, hazırkı baş nazir Benyamin Netanyahu bu seçkilərdə öz postunu qoruyub saxlaya bilməyəcək.

Ekspert Netanyahunun seçilməsinin böyük ölçüdə İsrail ətrafında gərginlikdən asılı olduğunu vurğulayıb:

“Çünki İsrail seçiciləri militarist hazırkı baş naziri məhz gərginlik çox olanda dəstəkləyir. Məsələn, son seçkilərin nəticələrinə əsasən Netanyahuya səs verənlərin əsas hissəsi mərkəzdə deyil, ətraf regionlarda, xüsusən də Qəzza və digər gərginlik bölgələrində yaşayan, daim raket atəşi təhlükəsi altında yaşayan seçicilər olub. Yəni bu hücumlar daha çox siyasi konyuktura, daha dəqiq olaraq seçkilərə hesablanıb. Bunu təbii ki, müxalifət də bilir və iki gün əvvəl əsas müxalifət partiyalarının lideri bununla bağlı baş naziri qınayan açıqlama yayıb. Çünki normal halda İraq indi İsraili təhdid edəcək gücdə deyil. Bu daha çox qurulmuş provokasiyadır.


Livandakı hadisələr isə onu göstərir ki, İsrail rəhbərliyi Hizbullahın qisas alacağını düşündüyü üçün və seçki qabağı itki verməmək üçün bir xeyli tədbirlər görüb. Ancaq görünən odur ki, Hizbullah rəhbərliyi də məhz bu amili nəzərə alaraq seçki qabağı Netanyahunu daha da zəiflətməyə görə bu hücumu təşkil edib. Bu hadisə baş nazirin militarist obrazına ciddi zərbə olacaq”.

“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, siyasi ekspert Vüqar Zifəroğlu isə bu gərginliyin arxa fonunda ABŞ-İran münasibətlərinin olduğunu bildirib:


“İsrail və Livanın bir-birinə qarşılıqlı zərbələr endirməsi təkcə bu iki ölkənin münasibətləri konteksində dəyərləndirilə bilməz. Çünki bu gərginlik bölgədəki proseslərin tərkib hissəsidir. Diqqət etsək, hazırda İranın nəzarətində olan bölgələrdə müəyyən proseslərin getdiyinin şahidi oluruq. Yəməndə “Ənsərullah” qüvvələrinin Səudiyyə Ərəbistanına, İsrailin “Həşd-Şabi”yə zərbələr endirməsi və digər hadisələr bir-birilə bağlıdır. Bütün bunlar isə ABŞ-İran gərginliyi fonunda baş verir.

İsrailin bu gərginlikdən gözləntisi İsrail öz dövlət təhlükəsizliyini təmin etmək məqsədilə özünə təhdid kimi gördüyü qüvvələri sıradan çıxarmaqdır. Qarşı tərəfin məqsədi isə öz mövqelərində daha da güclənmək, hərbi və siyasi cəhətdən manevr imkanları qazanmaqdır”.

Fərid ƏDALƏT
BAKU.WS
VİDEO