Putinin Rusiyası: Azərbaycanlılara qarşı bu vəhşiliyin arxasında nə dayanır?

Putinin Rusiyası: Azərbaycanlılara qarşı bu vəhşiliyin arxasında nə dayanır?
Araşdırma
Siyasət 321

Rusiyada azərbaycanlılara, özbəklərə, qırğızlara, türkmənlərə və digər qeyri-slavyan xalqların nümayəndələrinə qarşı aparılan şovinist, diskriminasiya və islamofob siyasətin arxasında Rusiya hakimiyyəti, xüsusilə də prezident Vladimir Putin dayanır.

BAKU.WS xəbər verir ki, bu ayrıseçkilik yalnız gündəlik həyatda deyil, hüquq-mühafizə orqanlarının fəaliyyətində, məhkəmə sistemində, media təsvirlərində və dövlətin rəsmi ritorikasında da özünü göstərir.

Qeyri-rus millətlər sistemli şəkildə "təhlükəli elementlər", "cinayətkar kontingent" və ya "sosial yük" kimi təqdim olunur. Bu siyasət təkcə etnik qrupların ləyaqətini alçaltmaqla kifayətlənmir, eyni zamanda onların Rusiya cəmiyyətindən sıxışdırılıb çıxarılması üçün real hüquqi və inzibati mexanizmlərlə dəstəklənir.

Əslində bu yanaşma Rusiya dövlətçiliyinin tarixi ənənəsidir. Çar Rusiyası dövründən bu yana imperiya daxilində yaşayan müxtəlif xalqlar daim assimilyasiya və mədəni yoxetmə təzyiqləri ilə qarşılaşıblar. Sovet İttifaqı dönəmində isə bu siyasət ideoloji pərdəyə bürünüb "beynəlmiləlçilik" adı altında həyata keçirilsə də, əslində ruslaşdırma və rus dominantlığını möhkəmləndirmək əsas məqsəd olub. Bu gün Putinin rəhbərlik etdiyi Rusiya bu mirası daha sərt, daha açıq və zorakı formada davam etdirir. Putinizm dövləti yalnız bir etnosun maraqları üzərində qurulmuş avtoritar sistem kimi fəaliyyət göstərir və çoxmillətli Rusiyanı faktiki olaraq monoetnik güc strukturları ilə idarə edir.

Əgər bu gün Rusiya dili, dini, tarixi və mədəniyyəti ilə eyni kökdən olan slavyan Ukrayna xalqına qarşı belə amansız və dağıdıcı siyasət yeridirsə, digər xalqlara qarşı daha qəddar münasibətin olması artıq təəccüb doğurmamalıdır. Ukrayna şəhərləri və kəndləri raketlərlə yerlə-yeksan edilir, Buçada, İrpində, Mariupolda və digər bölgələrdə beynəlxalq hüquqa zidd olaraq mülki əhaliyə qarşı soyqırım törədilir. Bu, təkcə müharibə cinayəti deyil, həm də etnik nifrətdən qaynaqlanan bir məhv strategiyasıdır. Rusiya Federasiyası bu modeli daxili siyasətdə də tətbiq edir – azlıqda olan xalqlara qarşı məhdudlaşdırıcı qanunvericilik, məhdud media çıxışı və hüquqi zorakılıq vasitəsilə təzyiqlər artırılır.

SSRİ-nin dağılmasından sonra Rusiyada şovinizm və islamofobiya təkcə yüksəlmədi, həm də dövlət səviyyəsində təşviq edilən bir ideoloji xəttə çevrildi. Xüsusilə Şimali Qafqaz xalqlarına – başda çeçenlər olmaqla – qarşı aparılan kampaniyalar etnik təmizləmə nümunəsi kimi tarixə düşdü. Qroznının və digər şəhərlərin yerlə bir edilməsi, mülki əhalinin sistemli şəkildə qətlə yetirilməsi bu prosesin dəhşətli nəticələridir. Bu təcrübə indi Orta Asiyadan gələn miqrantlara, Qafqaz xalqlarına və Mərkəzi Rusiya bölgələrində yaşayan qeyri-rus icmalarına qarşı tətbiq olunur. Rusiya bu xalqları təhlükə kimi təqdim edir və dövlətin repressiv aparatlarını onların susdurulması üçün səfərbər edir.

1990-cı illərdə Moskva və digər böyük şəhərlərdə qeyri-ruslara qarşı vəhşicəsinə hücumları ilə tanınan skinhed qruplarının fəaliyyətinə dövlətin göz yumması, hətta gizli dəstəyi olmuşdu. Araşdırmalar göstərirdi ki, bir çox hallarda bu ekstremist qruplar Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirdi. İndi isə belə qruplara ehtiyac yoxdur – onların funksiyasını rəsmi polis, OMON və digər hüquq-mühafizə qurumları yerinə yetirir. Bu qurumlar qeyri-rus və müsəlman gəncləri heç bir səbəb olmadan saxlayır, zorakılıq edir, işgəncə verir və onları sistemli şəkildə təhdid altında saxlayır. Artıq bu zorakılıqlar açıq şəkildə, heç bir məsuliyyət qorxusu olmadan həyata keçirilir.

Bu mənzərə humanizm və bəşəri dəyərlərdən danışan Rusiya dövlətinin, eyni zamanda rus xalqının da faciəsidir. Çünki bu siyasət yalnız qeyri-rus xalqları deyil, elə rusların özlərini də mənəvi və sosial çöküşə sürükləyir. Dövlətin zorakılığa əsaslanan siyasəti bütövlükdə cəmiyyətin radikallaşmasına, etimadsızlığın və nifrətin dərinləşməsinə səbəb olur. Uzunmüddətli perspektivdə bu, Rusiyanın öz içində də parçalanma riskini artırır.

Bütün bu diskriminasiya və zorakılıq siyasətində Rus Pravoslav Kilsəsinin rolu da xüsusilə vurğulanmalıdır. Bu dini qurum sadəcə inanc və mənəviyyatla məşğul olmaq əvəzinə, dövlətin şovinist ideologiyasının əsas ideoloji dayaqlarından birinə çevrilib. Pravoslav Kilsəsi rus millətçiliyini ilahiləşdirir, qeyri-rus xalqlara qarşı ksenofobiyanı əsaslandırır və hüquq-mühafizə orqanlarının qeyri-insani davranışlarına dini legitimlik verir. Beləliklə, din vasitəsilə dövlətin zorakılığı "müqəddəsləşdirilir".

Ötən gün Yekaterinburqda baş verən hadisələr bu tendensiyanın canlı nümunəsidir. Azərbaycanlılara qarşı törədilən hücumlar, OMON-un qeyri-insani davranışları və polisin susqunluğu sistemli irqi ayrıseçkiliyin bariz göstəricisidir. 1990-cı illərdə tətbiq edilən zorakılıq ənənələri bu gün daha da sərtləşmiş formada davam edir. Rusiya hüquq-mühafizə orqanları tərəfindən uydurulan "etnocinayətkarlıq" anlayışı isə açıq-aşkar bir etnosun digərinə qarşı yönəlmiş hüquqi və ideoloji basqı alətidir. Bu, Rusiya cəmiyyətində etnik azlıqları hədəf göstərmək və onlara qarşı "profilaktik tədbirlər" adı altında repressiya aparmaq üçün zəmin yaradır.

Bu gün Rusiyada baş verənlər bəzən Stalin repressiyaları ilə müqayisə olunur. Amma tarixçilərin fikrincə, Stalin dövründə belə müəyyən prosedurlar və rəsmi mexanizmlər mövcud idi – insanlar həbs edilir, məhkəmələr qurulur, sürgünlər həyata keçirilirdi. İndiki dövrdə isə hüquqi normalar tamamilə yox sayılır, insanlar küçədə və evlərində döyülür, hətta qətlə yetirilirlər. İşgəncə və qeyri-insani rəftar artıq adiləşdirilib və heç bir məsuliyyətə səbəb olmur. Bu mənzərə Stalin dövrünün dəhşətlərini kölgədə qoyan yeni bir totalitar reallıqdır.

Azərbaycan xalqı da tarix boyu Rusiyanın bu imperialist və şovinist siyasətinin qurbanı olub. 1990-cı il 20 Yanvar faciəsində Sovet ordusunun Bakıya yeridilərək dinc əhaliyə qarşı törətdiyi qırğın, Xocalı soyqırımı zamanı Ermənistanın arxasında duran Rusiya dəstəyi və Azərbaycan torpaqlarının işğalı Rusiya dövlətinin regiondakı siyasətinin acı nəticələridir. Bu hadisələr təsadüfi deyil – onlar Rusiya imperiyasının türk-müsəlman xalqlarına qarşı yüz illərdir apardığı sistemli təzyiqin davamıdır.

Son xəbərlər