Rusiya qalib gələ bilmədiyi üçün öz xalqlarına divan tutur - AÇIQLAMA

Bu kimi faktlar Rusiyanın əndazədən çıxdığını göstərir
"Rusiya-Ukrayna müharibəsi başladı və bitmək də bilmir. Məgər beləmi çətindir bu vəhşiliyə son qoymaq? Dünyanın gözü önündə bir dövlət və xalq yer üzündən silinir hələ də Rusiyanın imperialist və "əbədi qalib" təkəbbürü divarları silkələyir. Əslində isə silkələyən heç nə görmürük, silkələnən, zəifləyən, yerindən laxlayan ideologiyadan savayı. O ideologiya ki öz-özünü yeyib-bitirməyinə az qalıb".
Bu sözləri BAKU.WS-ə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.
Ekspert əlavə edib ki, Rusiya sanki qalib gələ bilmədiyindən hiddətlənərək, qəzəblənərək indi də ərazisində yaşayan xalqlara zülmə keçib:
"Özü də zülmün ən qəddar və amansız formasına. O formaya ki, heç Stalinin dövründə belə rast gəlinmirdi. Bunun üçün düşərgələr varıydı, indi isə əllərini-qollarını sallayıb hər yerə girirlər. 1990-cı illərdə OMON maskalanırdısa, indi ona belə "əziyyət çəkmir".

Mərkəzi Asiya xalqları, azərbaycanlıar özlərinə lazım olanda istifadə olunur, lazım olmayanda döyülür, söyülür, işgəncələrə məruz qalır. Azərbaycanlılara, qırğızlara, türkmənlərə, özbəklərə və başqa millətlərin nümayəndələrinə qarşı həyata keçirilən son dərəcə qeyri-insani, islamofob, diskriminativ siyasətin başında ölkə rəhbərliyi dayanır. Yürüdülən bu siyasət isə yeni deyil, öyrəşilmiş, alışılmış siyasətin sürət həddini daha aşmış formasıdır.
Təəccüb edirikmi? Bu, sadəlövlük olar. Dili, dini, kökü, qanı eyni Ukrayna xalqına qarşı bu cür amansız siyasət yürüdülürsə, Ukraynanın xəritədən silinməsi hədəf taxtasına yerləşdirilibsə, Buçadakı kimi soyqırımları realizə edilirsə, mülki infrastrukturlar göz belə qırpılmadan məhv edilirsə, başqa xalqlara qarşı nə gözləmək olar sualı son dərəcə ritorik səslənər. SSRİ dağıldıqdan sonra şovinist və islamofob siyasətin ən pik həddindəyik. Vaxtilə çeçenləri də "sındıran" dəst-xəttə əl atıldığını görürük".
Şəbnəm Həsənova əlavə edib ki, vaxtilə rəhbərliyində birbaşa Rusiya xüsusi xidmət orqanları dayanan skinhed kabusu yenidən dövriyyəyə buraxılıb:
"Bir qədər diqqətlə nəzər yetirdikdə isə görürük ki, indi heç o skinhedlərə də gərək yoxdur. Bir yerdə ki, Rusiyanın hüquq mühafizə orqanları qəddarlıqda onları belə kölgədə qoyur. Bütün bunlar isə əslində bir dövlətin və xalqın öz ana sütunlarına vurulan zərbədir. Mərkəzdə dayanan Rus Pravoslav kilsəsi katalizatorluq edir, ideoloji təxribatları öz aləmində arqumentləşdirir, sözügedən orqanların qəddarlığına bəraət qazandırır.
20 Yanvar faciəsi, Xocalı soyqırımı, torpaqlarımızın işğal altında saxlanılmasına Rusiyanın arxa-dayaq durması, təyyarəmizin vurulması nəticəsində insanlıq dramının yaşanması, deputatımızın Rusiyaya buraxılmaması, media məkanında Azərbaycanın hədəf taxtasına gətirilməsi, azərbaycanlıların təhqir olunması kimi faktlar Rusiyanın əndazədən çıxdığını göstərir".
Oxşar xəbərlər
Aygün Attar: Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara...
