Həkim-neyrocərrah Vüsal Məmmədov: "10 yaşımda özümə söz verdim ki... "
BAKU.WS saytının bu dəfəki qonağı Respublika Neyrocərrahiyə Xəstəxanasının "Baş beyin" şöbəsinin həkim-neyrocərrah Vüsal Mehman oğlu Məmmədovdur.
Müsahibəni təqdim edirik:
– Azərbaycanda bu sahədə ixtisaslaşmış həkimlərin sayı azdır. Bununla yanaşı, son illər neyrocərrahiyə sahəsində nəzərəçarpacaq inkişaf müşahidə olunur. Bu barədə nə deyə bilərsiniz?
– Bu reallıqdır ki, son illərdə Azərbaycanda neyrocərrahiyə sahəsi sürətlə inkişaf edir. Bunun bir sıra səbəbləri var. Əsas amillərdən biri gənc mütəxəssislərin ölkə daxilində yetişməsi və rezidentura təhsilinin mövcudluğudur.
Neyrocərrahiyə sahəsində, xüsusilə də həkim-neyrocərrah Ələsgər Həsrətovun yetişdirdiyi çoxsaylı mütəxəssislər var. Bu gün həmin həkimlər ölkədə ən mürəkkəb beyin əməliyyatlarını icra edirlər. Onlardan biri də mənəm.
Əsas icra etdiyim əməliyyatlara kəllə əsası şişləri, anadangəlmə damar patologiyaları (anevrizma, AVM, kavernoz malformasiyalar), beyin qan sızmaları, insult hematomaları, beyindaxili şişlər və digər xəstəliklər daxildir.
– Əməliyyat zamanı sağalan xəstələrlə yanaşı, vəziyyəti ağırlaşan və ölüm halları da olur?
– Əlbəttə, bir cərrah olaraq bunların hər biri ilə qarşılaşırıq. Bizim yanımıza müraciət edən xəstələr əsasən ağır vəziyyətdə olan pasiyentlərdir.
Bunlara daha çox beyin qanamaları, beyin şişləri, anevrizmalar və arteriovenoz malformasiyalar daxildir. Cərrahdan asılı olmayan səbəblərdən bu xəstəliklər ağırlaşmalara, hətta ölüm hallarına səbəb ola bilər.
Təbii ki, hər zaman xəstənin şansı gətirməyə bilər. Bütün səylərimizə baxmayaraq, bəzən xəstə həyatını itirir.
– Cərrahın əlində xəstə vəfat etdikdə həkim nə hisslər keçirir?
– Bu, sözlə ifadə ediləcək bir hiss deyil. Hər bir cərrah hər əməliyyat zamanı ciddi stress yaşayır. Çünki üzərində böyük məsuliyyət var. Hər bir əməliyyat bizdən həm fiziki, həm də psixoloji baxımdan çox şey tələb edir.
– Bəs uğurlu əməliyyatdan sonra cərrah özünü necə hiss edir?
– Əməliyyatdan sonra xəstə narkozdan erkən saatlarda ayılır və hər hansı nevroloji qüsur qeydə alınmırsa, bu, çox sevindirici haldır. Həm cərrah, həm də xəstə üçün və əməliyyat zamanı yaşanan bütün stresslər arxa planda qalır.
– Xəstə gətirilir. Onun neçə faiz şansı olduqda əməliyyata götürürsünüz?
– Tibbdə faizlərlə danışmaq doğru deyil. Əgər əməliyyat xəstənin gələcək həyatını və həyat keyfiyyətini yaxşılaşdıracaqsa, buna qərar verilir.
Əməliyyata tibbi göstəriş varsa, xəstə əməliyyata götürülür. Cərrahi baxımdan inoperabel xəstələrdə əməliyyat olunmur. Xəstənin vəziyyət yaxınlarına izah olunur və əməliyyat icra edilmir.
– Xəstə yaxınları israr etdikdə necə?
– Heç bir xəstə yaxınların israrı ilə əməliyyat olunmur. Hər hansı həkimin də bunu etməsi düzgün deyil. Bütün tibbi müdaxilələr yalnız müvafiq protokollar əsasında aparılmalıdır.
– Sizə müraciət edən xəstələr arasında tanınmış insanlar olubmu?
– Əlbəttə, olub. Bizə müraciət edən xəstələr arasında kifayət qədər tanınmış insanlar var. Lakin biz bütün xəstələrə eyni diqqət və məsuliyyətlə yanaşırıq. Ümid edirəm ki, hər birinə layiqincə tibbi xidmət göstərmişik və üzərimizə düşən bütün prosedurları düzgün şəkildə yerinə yetirmişik.
– Söhbət zamanı qeyd etdiniz ki, on bir yaşınızda özünüz cərrahi əməliyyat keçirmisiniz və bundan sonra həkim olmağa qərar vermisiniz.
– Bəli, mən on bir yaşımda travma nəticəsində beyin qanaması keçirmişəm. Əməliyyat olunmuşam və xəstəxanada yatdığım müddətdə özümə söz verdim ki, gələcəkdə həkim olub bu xəstəxanada çalışım.
Ziya SƏCCAD
Foto: Təranə İbrahimova
Oxşar xəbərlər
Bakıda orta məktəbdə şagirdlər zorakılığa məruz qalırlar? - İDDİA
Bakı şəhəri 292 saylı tam orta məktəbdə şagirdlərin fiziki və psixoloji zorakılığa məruz qaldığı iddia olunub. Məktəblilərin bildirdiyinə görə, bu halları təkcə...