Hazırda dünya yeni qlobal dəyişikliklər astanasındadır. Dördüncü Sənaye İnqilabı (Sənaye 4.0) ilə həyatımıza daxil olan yeniliklər – informasiya və kommunikasiya texnologiyalarından daha geniş istifadə, dünya əhalisinin 60%-ə yaxınının internetdən istifadə etməsi (COVİD-19 panepidemiyası fonunda bu göstərici artıb), robotlaşma və süni intellekt texnologiyaları, əşyaların interneti, iri həcmli məlumatların istehlakı və bütün bunların nəticəsində sürətli rəqəmsallaşma qarşımızda yeni imkanlar açıb. Bu imkanlar məhz bu günlərdə daha da qabarıq şəkildə özünü büruza verir.

Cari ilin əvvəlindən Çindən başlayan koronavirus infeksiyası və 11 mart tarixində Ümumdünya Səhiyyə Təşkilatının bu virusu (COVİD -19) pandemiya elan etməsi ilə artıq bütün dünya üzrə milyonlarla ev və ofislərdə istifadəçilər rəqəmsal platformalardan daha da aktiv istifadə edirlər. Bütün dünyanı əhatə edən koronavirus pandemiyası "Qara Qu quşu"na (təsirli nəticələri olan, qlobal miqyasda proqnozlaşdırılması mürəkkəb olan fenomen - Amerikalı iqtisadçı və yazıçı Nassim Talebin müəllifi olduğu “Qara Qu quşu - Mümkünsüzün təsiri“ kitabında istifadə etdiyi termin) bənzəyir. Bu dəfə yeni növ koronavirus epidemiyasının ortaya çıxması səbəbindən iqtisadiyyatın ən müxtəlif sahələrinin rəqəmsallaşması və rəqəmsal iqtisadiyyata keçidin sürətlənməsi ilə yanaşı, həm də dünyada geniş müzakirə predmetinə çevrilir.

KORONAVİRUS YENİ NƏSİL TEXNOLOGİYALARDAN İSTİFADƏYƏ TƏKAN VERİR, RƏQƏMSAL TEXNOLOGİYALAR ÖNƏ ÇIXIR.

Hazırda bu “Qara Qu quşu” qlobal miqyasda iqtisadi dəyişikliklərə yol açmaqla yanaşı, hər birimizin - həm insanların, həm də təşkilatların - davranış qaydalarımızı da dəyişə bilər. Qlobal pandemiya fonunda artıq bəzi ölkələrin liderləri Skype, Zoom və digər vasitələrlə ünsiyyət qurmağın daha təhlükəsiz olması ilə əlaqədar beynəlxalq görüş və konfranslardan imtina edirlər, biznes, təhsil və müxtəlif sahələr onlayn platformaya keçir. Uzaqdan idarə olunan iş yerləri və video konfranslar, bağlantı xidmətlərindən daha geniş istifadə nəticəsində milyonlarla insanın ofislərə getmədən evdən işlərini idarə etməsi xərclərin kəskin dərəcədə aşağı düşməsi ilə nəticələnir. Mütəxəssislər hesab edirlər ki, pandemiyaya qarşı mübarizədə insansız və təmassız sürətli çatdırılma öz üstünlüklərini tam şəkildə nümayiş etdirir. Xidmət robotları, satıcılar olmayan özünəxidmət dükanları, və s. - bütün bunlar yeni bir cərəyana çevrilir və yoluxma riskini azaltmağa kömək edir. Görünən odur ki, infeksiyanın dünyada yayılması, demək olar ki, Avropa və Asiyanın bir sıra şəhərlərini təcrid edib və iqtisadiyyatda rəqəmsal texnologiyaların inkişafına ciddi təsir edib, virusa yoluxma qorxusundan insanlar və şirkətlər oflayn deyil, onlayn alış-verişə üstünlük verirlər ki, bu da e-ticarətin payını daha da artıracaq.

Yaranmış panepidemiya şəraiti onlayn tətbiqlərə, rəqəmsal texnologiyalara ehtiyacın artmasını şərtləndirir ki, bu da dünya ölkələrində dayanıqlı infrastrukturun mövcudluğunu və qurulmasını zəruri edir. Belə ki, milyonlarla insanın artıq ev şəraitində işləməsi fonunda bağlantı xidmətlərinə ehtiyac getdikcə artır, internetdə ötürülən kontentin həcmi yüksəlir və bu da infrastrukturun inkişafını zəruri edir.

Hazırda səlahiyyətli qurumlar, özəl şirkətlər və alimlər virusa qarşı mübarizənin yeni yollarını tapmağa çalışırlar. Çində dronlardan istifadə edən polis təhlükəli bölgələrdə tibbi maska taxmayan insanları izləyir. İnternet nəhəngləri isə (Google, Facebook, Amazon və s.) virusla bağlı saxta məlumatlarla mübarizə kampaniyasına başlayıb. Kanadanın “BlueDot” şirkəti bütün dünya üzrə yeni infeksiyaya yoluxma halları haqqında məlumat toplayır və süni intellektdən istifadə edərək Çinin və ya digər dünya ölkələrinin yeni ərazilərində yoluxanların olub-olmadığını proqnozlaşdırmağa çalışır. Amerika startapı “AIME” isə (Artificial Intelligence in Medical Epidemiology - Tibbi Epidemiologiyada Süni İntellekt) 2015-ci ildən bəri epidemiyaları təhlil etmək və yayılmasını proqnozlaşdırmaq üçün süni intellektdən istifadə edir.

Real vaxt rejimində Çinin koronavirusla mübarizədə təcrübəsi isə bütün dünyaya müasir texnologiyanın və superApp-ların (özündə onlarla xidməti birləşdirən xüsusi mobil tətbiqlər) gücünü göstərdi. Belə ki, 2019-cu ilin dekabrının sonunda Çində başlayan bu virusa yoluxma fevralın əvvəlində Çinin səfərbərliyi və bütün mümkün vasitələrdən istifadə ilə azalmağa başladı. Çinin iri şirkətləri olan Baidu, Alibaba, Alipay və digərlərinin süni intellekt texnologiyalı müxtəlif tətbiqləri virusla mübarzədə fövqəladə effekt verdi.

Tibb sisteminə edilən bütün çağırışların 50%-dən çoxu onlayn formata köçürüldü, çünki virus daşıyıcıları onu həkim qəbuluna gedən zaman yaya bilərdi. Bunun üçün yüksək sürətli 5G şəbəkəsi qoşuldu, teletibb sistemindən geniş istifadə olundu. Eyni zamanda xəstələrin həkimlərlə, apteklərlə əlaqəsini təmin edən, virusla mübarizədə faydalı tövsiyələr verən ən müxtəlif tibbi mobil tətbiqlər istifadəyə verildi. Baş verənlər göstərir ki, epidemiyalar nəticəsində dəyən zərərləri azaltmaq imkanları informasiya texnologiyaları, o cümlədən İnternet sayəsində olduqca artıb, rəqəmsallaşma bəşəriyyətin bir çox xəstəliklərin diaqnozu və monitorinqinə yanaşmasını dəyişib.

AZƏRBAYCANDA RƏQƏMSAL TRANSFORMASİYA

Bu gün rəqəmsal texnologiyalar Azərbaycanda da tətbiq edilir, ölkə artıq rəqəmsal transformasiya yolundadır. Ölkə rəhbərliyi tərəfindən Azərbaycanda iqtisadiyyatın rəqəmsallaşması və rəqəmsal iqtisadiyyat qurulması istiqamətində çox böyük işlər görülür. Azərbaycan artıq Asiya və Avropanı birləşdirən nəqliyyat və enerji mərkəzinə çevrilib, ölkəmizin rəqəmsal və texnoloji mərkəzə (Rəqəmsal Haba) çevrilməsi üçün də işlər aparılır.

Hazırkı qlobal dəyişikliklərin və pandemiyanın yaratdığı yeni şərait fonunda Azərbaycanın da əsas hədəfləri iqtisadiyyatın rəqəmsallaşması, rəqəmsal iqtisadiyyat quruculuğu, texnoloji müstəqilliyinin və infrastruktur təhlükəsizliyinin təmin olunması ilə ölkənin rəqabət qabiliyyətinin yüksəldilməsi, ölkənin investisiya cəlbediciliyinin artırılması və informasiya suverenliyinin təmin edilməsidir.

Dünyada gedən dəyişikliklər, pandemiyaya qarşı mübarizə fonunda Azərbaycanın da qarşısında zamanın çağırışlarına cavab vermək və iqtisadi inkişafda yeni üfüqlərə çıxmaq kimi vəzifələr yaranır. İnkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycan üçün də iqtisadiyyatın rəqəmsallaşması rəqəmsal iqtisadiyyatın qurulması, innovasiyaların tətbiqi prioritet məsələlərdəndir. Ölkənin əlverişli coğrafi mövqeyi və təbii sərvətləri, insan potensialı, habelə son illərdə qəbul edilmiş dövlət proqramları, cənab Prezident İlham Əliyevin fərman və sərəncamları bunun üçün hər cür şərait yaradır. Burada əsas məqsəd rəqəmsal texnologiyaların iqtisadiyyatın müxtəlif sahələrindən tutmuş şəhər infrastrukturuna kimi ictimai həyatın bütün sahələrində tətbiqini təşkil etməkdir. Bu isə beş sahədən ibarətdir: təhsil, infrastruktur, informasiya təhlükəsizliyi, Elmi-texnoloji inkişaf və normativ tənzimləmə.

Təhsil - burada ən vacib məqam rəqəmsal iqtisadiyyatı səriştəli kadrlarla təmin etmək üçün sistemin təkmilləşdirilməsidir. Əhali müvafiq “rəqəmsal” bacarıqlara yiyələnməlidir. Hazırkı panepidemiya fonunda artıq təhsil sisteminin tam onlayn rejimə keçməsinin zəruriliyini biz müşahidə edirik.

İnfrastruktur - infrastrukturun inkişafı prioritetdir, çünki bütün məlumatları saxlamağa və emal etməyə kömək edəcək vahid bir sistem yaratmaq lazımdır. Rəqəmsal iqtisadiyyatın qurulması məhz dayanıqlı infrastrukturla sıx bağlıdır. Çünki müasir texnoloji infrastruktur rəqəmsallaşma və rəqəmsal iqtisadiyyatın əsasıdır.

İnformasiya təhlükəsizliyi - məlumat sızması hallarının getdikcə artması səbəbindən kibertəhlükəsizliyin inkişafı istifadəçilərin məlumatlarını həm daxili, həm də xarici təsirlərdən qoruyacaqdır. Bunun üçün əhalinin informasiya təhlükəsizliyi sahəsində savadını artırmaq lazımdır. Eyni zamanda bütün xəstəxanalar, məktəblər, universitetlər və yaşayış məntəqələri internetə qoşulmalıdır.

Elmi-texnoloji inkişaf - rəqəmsal iqtisadiyyat sahəsindəki araşdırmaların dəstəklənməsi, "ən son" texnologiyaların inkişafını təmin edir. Bu cür texnologiyalara daha çox süni intellekt, robototexnika, rəqəmsal tibb, əlavə və vizual reallıq texnologiyaları, böyük məlumatlar, kvant texnologiyaları və blokçeyn daxildir.

Normativ tənzimləmə - rəqəmsal iqtisadiyyatın inkişafı, yeni texnologiyaların tətbiqi və onların istifadəsinə mane olmayacaq bir tənzimləmə mühitinin yaradılmasına ehtiyac yaradır.

DAYANIQLI İNFRASTRUKTUR RƏQƏMSALLAŞMA VƏ RƏQƏMSAL İQTİSADİYYATIN ƏSASIDIR.

Hazırda dünyada davam edən COVİD-19 panepidemiyası fonunda dünyanın oflayn rejimdən onlayn rejimə keçməsi ilə infrakstruktura olan tələbat daha da artır. Azərbaycanda bu gün sabit texnoloji bazanın modernləşməsi və yeni texnoloji infrastrukturun qurulması beynəlxalq rabitə xidmətlərinin təkmilləşdirilməsi və internet istifadəçilərinin sayının artması baxımından əhəmiyyətlidir. Rəqəmsallaşma, bağlantı xidmətlərinin inkişafı hazırda reallaşdırılan və Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsinə yönəlmiş “Azerbaijan Digital Hub” proqramının əsasını təşkil edir.

Azərbaycanın ilk mobil rabitə operatoru – Bakcell şirkətinin törəmə müəssisəsi olan magistral internet provayderi “AzerTelecom” şirkəti tərəfindən həyata keçirilən bu proqram çərçivəsində dayanıqlı infrastrukturun qurulması prioritet məsələdir. İnfrastruktur quruculuğu istiqamətində Azərbaycan Dəmir Yolları QSC ilə birgə icra edilən layihə ölkə daxilində dəmir yollarının qorunma zolağı boyunca magistral fiber-optik kabel xətlərinin çəkilməsini, Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində qonşu ölkələrin telekommunikasiya operatorları ilə şəbəkə əlaqələrinin qurulmasını təmin etməyi, Xəzər dənizinin dibi ilə Azərbaycanla Orta Asiya ölkələri arasında magistral fiber-optik kabel xətlərinin çəkilməsini nəzərədə tutan layihələr isə ümumilikdə Avropa ilə Asiya arasında tarixi ipək yolu boyunca Rəqəmsal İpək Yolunun yaradılmasını nəzərədə tutur.

Dövlətlər və biznes qurumlar tərəfindən müxtəlif rəqəmsal həllərin və onlayn platformaların tətbiq edildiyi şəraitdə Avropa ilə Asiya arasında internet trafikinin də həcmi artır, internetdən daha intensiv istifadə edilir. “Azerbaijan Digital Hub” proqramı çərçivəsində ən müxtəlif layihələrin icrası isə ölkədə texnoloji bazann qurulması ilə Azərbaycanın Avropadan Asiya ölkələrinə internet və kontent ötürülməsində mərkəzi ölkə olmasını təmin edəcəkdir.

“AZERBAİJAN DİGİTAL HUB” RƏQƏMSAL İQTİSADİYYAT ÜÇÜN ƏLVERİŞLİ PLATFORMADIR.

Dünyada baş verən qlobal dəyişikliklər (virus pandemiyası, bizneslərin onlayn sistemə keçməsi, beynəlxalq rabitə xidmətlərinə ehtiyacın artması və s.) bütün ölkələr kimi Azərbaycan üçün də intensiv rəqəmsallaşmanın, ümumilikdə isə rəqəmsal iqtisadiyyat quruculuğunun zəruri olduğunu göstərir. Hazırda Azərbaycanda mühüm islahatlar aparılır, rəqəmsal iqtisadiyyatın qurulması üçün dövlət və özəl sektor tərəfindən genişmiqyaslı proqramlar həyata keçirilir. Ölkənin qlobal səviyyədə rəqəmsal mərkəz kimi tanıdılması, rəqəmsal texnologiyaların tətbiqi üçün dövlət-özəl sektor tərəfdaşlığı qurulur.

Qeyd edilməlidir ki, bu gün reallaşdırılan “Azerbaijan Digital Hub” proqramı və bu proqram daxilində ən müxtəlif layihələr yeni dəyişikliklər dövründə Azərbaycanda iqtisadiyyatın rəqəmsallaşması və rəqəmsal iqtisadiyyat quruculuğu üçün sabit texnoloji infrastrukturun formalaşması, iri kontent provayderlərin (Facebook, Google, Netflix, Amazon, Alibaba, Tencent və s.) Azərbaycana cəlb edilməsi, Asiya ölkələrinin data trafikinə ehtiyaclarının Azərbaycan vasitəsilə təmin edilməsi, nəticədə ölkənin rəqəmsal mərkəzə çevrilməsi üçün əlverişli imkan yaradır.

Proqramın uğurlu icrası Azərbaycanda son nəticədə rəqəmsal ekosistemin formalaşmasına, rəqəmsal iqtisadiyyatın qurulmasına və iqtisadiyyatda rəqəmsal sektorun payının artmasına şərait yaradacaqdır. Fərqli ölkələrin iqtisadi göstəricilərinə nəzər saldıqda Cənubi Koreya iqtisadiyyatında rəqəmsal sektorun payının 12%, İsveçdə 8,6%, Finlandiyada 8,3%, ABŞ-da 7,4%, Böyük Britaniyada 7,1% təşkil etdiyi aydın olur. Ümumdünya İqtisadi Forumunun məlumatına görə, yaxın onillikdə iqtisadiyyatdakı yeni dəyərlərin 70%-i rəqəmsal platformalar əsasında yaradılacaqdır. Google-un proqnozlarına görə, 2025-ci ilə qədər cənub-şərqi Asiya ölkələrində Rəqəmsal İqtisadiyyatın həcmi üçqat artaraq 240 milyard dollara çatacaq.

Bu gün rəqəmsal iqtisadiyyatın qurulmasının vacibliyini nəzərə alaraq dünya dövlətləri fərqli təşəbbüslər həyata keçirirlər. Hətta ixtisaslaşdırılmış qurumlar yaradan, bu sahədə milli proqramlar qəbul edən ABŞ, Böyük Britaniya, Fransa, Norveç, Qətər, Çin, Rusiya kimi ölkələr rəqəmsal transformasiya proseslərinin daha yüksək operativliyinə nail olaraq rəqəmsal iqtisadiyyat quruculuğunda nailiyyətlər əldə edirlər.
Hazırkı şəraitdə Azərbaycanın da öz potensialından istifadə etməklə rəqəmsal transformasiya proseslərini sürətləndirmək, vahid dövlət siyasəti və koordinasiya sayəsində rəqəmsal iqtisadiyyat qurmaq və sıçrayışla dayanıqlı inkişafa nail olmaq imkanı vardır.

Müəllif: Fuad Allahverdiyev

“AzerTelecom” MMC-nin Baş direktoru

“Azerbaijan Digital Hub” proqramının rəhbəri

Müəllif haqqında: Fuad Allahverdiyev İKT sektorunda 20 ildən çox iş təcrübəsinə sahibdir. O, müxtəlif startapların və telekommunikasiya sferasında bir sıra uğurlu şirkətlərin təsisçisi olub. F.Allahverdiyev iki nüfuzlu ali təhsil müəssisəsinin məzunudur, Bakı Dövlət Universitetini və M.V.Lomonosov adına Moskva Dövlət Universitetini (Executive MBA proqramı) bitirib. Hazırda F.Allahverdiyev “AzerTelecom” MMC-nin Baş direktorudur. “AzerTelecom” şirkəti Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir.

BAKU.WS