Bakıdan Cenevrəyə birbaşa aviareys açılıb (VİDEO)

Bakıdan Cenevrəyə birbaşa aviareys açılıb (VİDEO)
Video
Video 1031
“Azərbaycan Hava Yolları” QSC (AZAL) oktyabrın 30-dan İsveçrənin Cenevrə şəhərinə birbaşa uçuşlara başlayıb.AZAL-dan BAKU.WS-ə verilən məlumata görə, “Azərbaycan Hava Yolları” birgə çarter proqramı çərçivəsində Bakı-Cenevrə marşrutu üzrə ilk uçuşunu yerinə yetirib. Aviaşirkətinin və aeroportun rəhbərliyinin, diplomatik idarələr və KİV nümayəndələrinin iştirakı ilə Cenevrə hava limanında təyyarənin qarşılanma mərasimi keçirilib. Reysin ilk sərnişinlərindən olan Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova bildirib ki, birbaşa aviareysin açılması müxtəlif sahələrdə ikitərəfli əlaqələri möhkəmləndirəcək. Səfir birbaşa aviareysin Azərbaycanda turizmin inkişafına öz töhfəsini verəcəyinə və müxtəlif sahələrdə böyük potensiala malik olan ölkəmizə daha çox diqqətin yetirilməsinə səbəb olacağına əmin olduğunu bildirib. İsveçrənin İqtisadi məsələlər üzrə Dövlət Katibliyinin (SECO) regional direktorunun müavini Simon Heberli (Simone Haeberli) öz növbəsində uçuşun rahat olmasına diqqət çəkib. Diplomat Azərbaycanda turizmin sürətlə inkişaf etdiyini və birbaşa aviareysin açılmasının turizmin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

AZAL aviaşirkətinin icraçı direktorunun müavini Cəmil Mənizadə qeyd edib ki, aviaşirkət bu marşrutun açılmasında məmnunluq duyur. Onun fikrincə, birbaşa aviareyslər ikitərəfli münasibətlər və turizmin inkişafına faydalı olacaq. C.Mənizadə əlavə edib ki, AZAL gələcəkdə də dünyanın müxtəlif nöqtələrinə birbaşa aviareyslərin açılması istiqamətində çalışacaq. Qeyd edək ki, AZAL-ın J2-5009/J2-5010 reysləri həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri üç xidmət sinfi - VIP Club, Business Class və ekonom sinfində təkmilləşdirilmiş komfortlu oturacaqlara malik “Airbus A319” təyyarələri ilə yerinə yetiriləcək. Bakıdan uçuş yerli vaxtla saat 17:30-da baş tutacaq və təyyarə İsveçrə vaxtı ilə 19:35-da Cenevrəyə çatacaq. Geriyə dönüş isə yerli vaxtla saat 20:35-də baş tutacaq və təyyarə növbəti gün, Azərbaycan vaxtı ilə saat 04:20-də Bakıya çatacaq. Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin (Terminal 1) vasitəsilə həyata keçiriləcək. BAKU.WS

Son xəbərlər