Zidandan Fransa millisində böyük dəyişiklik: Mbappeyə yeni rol
Zidan Fransada yeni qaydalar tətbiq edir: Mbappe üçün fərqli rol, heyətdə böyük dəyişiklik
2026-cı il dünya çempionatından sonra Fransa millisində baş məşqçi dəyişikliyi baş verib. Uzun müddət bu vəzifəni tutan Didye Deşamı Zinəddin Zidan əvəzləyib.
BAKU.WS-in məlumatına görə, Fransa futbolunun əfsanəsi yeni vəzifəsində ilk oyununa bu gün Türkiyə millisinə qarşı keçiriləcək matçda çıxacaq. Zidanın komandada artıq bir sıra mühüm dəyişikliklər etdiyi bildirilir.
Heyətdə 8 yeni futbolçu
Zidanın ilk dəvət etdiyi heyətdə 15 futbolçu əvvəlki tərkibdən yerini qoruyub. Bunlar qapıçılar Mik Menyan və Robin Risser, müdafiəçilər Jül Kunde, İbraima Konate, Maksans Lakrua və Dayo Upamekano, yarımmüdafiəçilər Rayan Şerki, Manu Kone, Adrien Rabyo və Uorren Zair-Emeri, hücumçular isə Bredli Barkola, Usman Dembele, Desire Doue, Kilian Mbappe və Maykl Olisedir.
Baş məşqçi eyni zamanda 8 futbolçuya ilk dəfə dəvət göndərib. Bunlar Qiyom Rest, Jeremi Jaken, Pyer Kalulyu, Adrien Trüffer, Eduardo Kamavinqa, Andy Diuf, Luka da Kunha və Esteban Lepoldur.
Bununla yanaşı, 2026-cı il dünya çempionatında Fransa millisinin heyətində yer alan 11 futbolçu Zidanın ilk siyahısında olmayıb. Onların arasında Uilyam Saliba, Teo Ernandes, Orelyen Tçuameni, Nqolo Kante, Markus Tyuram və Jan-Filip Mateta kimi tanınmış oyunçular da var.
Lakin bəzi dəyişikliklər sonradan məcburi xarakter alıb. Zair-Emeri və Konatenin zədələnməsi nəticəsində onların yerinə müvafiq olaraq Maqnes Akliuş və Leni Yoro çağırılıb.
Zidanın seçimində əsas meyarlardan biri komandanın gəncləşdirilməsi olub. Baş məşqçi Kərim Benzema və Nqolo Kante kimi təcrübəli futbolçulara münasibətdə də yaş amilini əsas götürdüyünü bildirib.
Zidan Mbappeni yenidən sol cinaha çəkir
Fransa millisində ən diqqətçəkən dəyişikliklərdən biri Kilian Mbappenin mövqeyi ilə bağlıdır.
Zidan Didye Deşamın tətbiq etdiyi 4-2-3-1 sxemindən imtina edərək, "Real Madrid"də çalışdığı dövrdə üstünlük verdiyi 4-3-3 sisteminə keçməyi planlaşdırır.
Bu sistemdə Mbappenin yenidən sol cinahda çıxış etməsi, Usman Dembeleyə isə "saxta doqquz" rolunun verilməsi gözlənilir.
Zidan daha əvvəl Mbappenin hücumun hər üç mövqeyində oynaya biləcəyini desə də, onun xüsusilə sol cinahdakı oyununu bəyəndiyini vurğulayıb.
Mbappe isə Zidanın milli komandaya baş məşqçi təyin olunmasını müsbət qarşılayıb. O, Zidanın 13-14 yaşlarında olarkən onu "Real Madrid"in bazasına apardığını və illər sonra eyni şəxsin Fransa millisinin baş məşqçisi olduğunu bildirib.
Mbappenin komandanın kapitanı olaraq qalacağı, vitse-kapitanların isə Dembele, Rabyo və Kunde olacağı açıqlanıb.
Zidanın komandasında yeni simalar və köhnə tanışlar
Baş məşqçi öz məşqçi heyətində də "Real Madrid"dəki dövründən tanıdığı şəxslərə üstünlük verib. David Bettoni və Hamidu Msaidiyə köməkçi, Qreqori Düpona isə fiziki hazırlıq üzrə məşqçi kimi vəzifə verilib.
Fransa millisinin sabiq qapıçısı Fabien Bartes də Zidanın məşqçi korpusuna daxil olub. O, qapıçılarla işləyəcək. Bartes üçün bu, futbolda beşillik fasilədən sonra ilk iş olacaq.
Zidanın rəhbərliyi altında Fransa millisinin qarşısında sıx oyun qrafiki də var. Komanda Millətlər Liqasının ilk turunda Türkiyə, daha sonra Belçika və İtaliya ilə qarşılaşacaq.
Fransa millisində yeni baş məşqçinin tətbiq etdiyi qaydalar yalnız heyət və taktika ilə məhdudlaşmır. Zidan futbolçuların milli komandaya gəlişi zamanı media ilə ünsiyyətə də məhdudiyyətlər qoyub.
Əvvəllər Klerfonten bazasına gələn futbolçuların geyimləri və davranışları mediada geniş müzakirə olunurdu. İndi isə futbolçuların gəlişinin çəkilişinə yalnız Fransa Futbol Federasiyasının əməkdaşlarına icazə verilir.
Zidan Fransa millisində 2030-cu ilə qədər çalışacaq. Onun qarşısında uzunmüddətli məqsəd qurulub və qarşıdakı iki il ərzində komandanın yeni oyun sisteminin formalaşdırılması gözlənilir.
Oxşar xəbərlər
Formula 1: Corc Rassel sıralama turunu birinci sırada bitirib
Formula 1 Azərbaycan Qran-Prisində sıralama turu başa çatıb. BAKU.WS xəbər verir ki, ən yaxşı nəticəni "Mercedes"in britaniyalı pilotu Corc Rassel göstərib. "Fe...