Qurban Qurbanov: "Yeni futbolçuların uyğunlaşması üçün vaxt lazımdır"
"Bu gün güclü rəqiblə qarşılaşdıq. "Neftçi" yaxşı komanda təsiri bağışladı və bizə öz oyunumuzu nümayiş etdirməyə imkan vermədi. Rəqib layiqli mübarizə apardı. Bununla belə, bizim də üzərində işləməli olduğumuz çatışmazlıqlar var".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının VIII turunda "Neftçi" ilə 3:3 hesablı heç-heçə ilə başa çatan oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis "Neftçi"nin gücləndiyini vurğulayıb və qarşıda komandaları uzun çempionat marafonunun gözlədiyini bildirib.
"Yeni transferlərimizin komandaya tam uyğunlaşması üçün zamana ehtiyacımız var. Çempionatın öz xüsusiyyətləri, məşqçilərin isə fərqli yanaşmaları var. Buna baxmayaraq, futbolçularımız xarakter nümayiş etdirdilər və əllərindən gələni etməyə çalışdılar. Onların daha yaxşı oynamaq üçün potensialı var. İnanıram ki, qarşıdakı matçlarda oyun səviyyəmizi yüksəldə biləcəyik.
Bu gün "Sabah" və ya "Neftçi" ilə qarşılaşdığımızı düşünərək öz gücümüzə şübhə etsəydik, bu, düzgün yanaşma olmazdı. Qarşıda bizi uzun çempionat marafonu gözləyir. Futbolçularımızın hazırkı səviyyələrindən daha yaxşı çıxış etmək imkanları var", - deyə Qurban Qurbanov bildirib.
Baş məşqçinin sözlərinə görə, həm "Sabah", həm də "Neftçi" əvvəlki dövrlə müqayisədə fərqli səviyyəyə yüksəlib və daha fərqli futbol nümayiş etdirirlər.
"Buna görə daha çox çalışmalı və futbolçularımıza daha ciddi yanaşmalıyıq. Bu çempionatda nə asan oyun, nə də zəif rəqib var. Yalnız "Sabah" və "Neftçi" barədə düşünmək olmaz. "Turan Tovuz", "Zirə", "Şamaxı", "Sumqayıt" və digər komandalar da yaxşı nəticələr qazanmağa çalışırlar. Hər bir komandanın öz gücü, məşqçisi və iddiaları var. Mövsümün sonunadək mübarizəmizi davam etdirərək yaxşı nəticələr əldə etməyə çalışacağıq", - deyə o əlavə edib.
Qeyd edək ki, heç-heçədən sonra "Neftçi" 17 xalla turnir cədvəlinin ikinci, eyni xala malik "Qarabağ" isə üçüncü pilləsində qərarlaşıb.
Oxşar xəbərlər
"Qarabağ"dan dramatik qurtuluş: "Neftçi" qələbəni əldən verdi
Misli Premyer Liqasının VIII turunda "Qarabağ" və "Neftçi" komandaları arasında keçirilən oyun 3:3 hesablı heç-heçə ilə başa çatıb. BAKU.WS xəbər verir ki, Tofi...