Şəhid zabitin həyat yoldaşı: "Dedim ki, səndən başqa heç kimim yoxdur"
Vüsal Babayev Vətənin müdafiəsini müqəddəs borcu hesab edən zabitlərdən biri idi. O, Aprel döyüşlərində iştirak edərək döyüş təcrübəsi qazanmış, 2020-ci ildə başlayan Vətən müharibəsində də ön cəbhədə vuruşmuşdu.
Şəhidin həyat yoldaşı Aynur Babayeva onun ailəsinə bağlılığından və Vətən sevgisindən danışıb.
"Bizim uşaqlığımız Vüsalla bir yerdə keçib. Mən ailənin tək qızı olmuşam. Vüsala demişdim ki, ailə qursaq, sən mənə həm ata, həm ana, həm qardaş, həm də sirdaş olacaqsan.
Ailə quranda Vüsalın Vətənə olan sevgisinin şahidi olmuşdum. O, Vətənini və əsgərlərini çox sevirdi. 2020-ci il sentyabrın 27-də müharibə başlayanda Vüsal cəbhəyə yollandı. Mənə zəng edəndə ondan nə baş verdiyini soruşdum. Həmin vaxt müharibənin başladığını və cəbhəyə getməli olduğunu bildirdi.
Ona "Səndən başqa heç kimim yoxdur" deyəndə Vüsal mənə "Səni xalqıma, Vətənimə, Prezidentimə əmanət edib gedirəm" cavabını verdi", - deyə o bildirib.
Baş leytenant Vüsal Babayev Füzuli və Xocavənd istiqamətlərində gedən döyüşlərdə şəhid olub. Onun döyüş yolu müxtəlif orden və medallarla qiymətləndirilib. "Azərbaycan Bayrağı" ordeni, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şücaətə görə" və "Vətən uğrunda" medalları qəhrəman zabitin Vətən qarşısındakı xidmətlərinin göstəricisidir.
Oxşar xəbərlər
Anthropic: Süni intellekt ABŞ iqtisadiyyatını 2030-cu ilədək 44 trilyon dollara çatdıra bilər
Süni intellektin (Sİ) inkişafı müəyyən şərtlər daxilində 2030-cu ilədək ABŞ iqtisadiyyatının həcmini təxminən 50 faiz artıraraq ümumi daxili məhsulun (ÜDM) 44 t...