Avropada qapıçıların "domino effekti": Dünya çempionunun taleyi sual altındadır

Avropada qapıçıların domino effekti: Dünya çempionunun taleyi sual altındadır
İdman 16

Avropanın əsas futbol çempionatlarında bu yay qapıçıların transfer bazarında ciddi hərəkətlilik müşahidə olunur. "Tottenhem", "Aston Villa", "Yuventus" və hətta PSJ-nin də daxil olduğu transfer zənciri bir neçə məşhur qapıçının gələcəyinə təsir edib.

BAKU.WS xəbər verir ki, bu prosesdə əsas adlardan biri "Tottenhem"in qapıçısı Gulyelmo Vikario olub. London klubunun yeni baş məşqçisi Roberto De Zerbi əsas qapıçı kimi Antonin Kinskiyə üstünlük vermək qərarına gəldikdən sonra Vikario üçün yeni klub axtarışları başlayıb.

İtalyan qapıçıya ən ciddi maraq əvvəlcə "İnter"dən gəlib. Hətta tərəflərin müqavilə şərtləri üzrə razılığa gəldiyi barədə məlumatlar yayılsa da, transfer reallaşmayıb. Daha sonra "Yuventus" Vikario ilə maraqlanmağa başlayıb.

Turin klubunun əsas hədəflərindən biri isə "Aston Villa"nın argentinalı qapıçısı Emiliano Martinez idi. Lakin bu transferdə tərəflər maliyyə məsələsində razılığa gələ bilməyiblər. İngiltərə klubu Martinez üçün 15 milyon avro tələb edib, "Yuventus" isə 6 milyon avro və bonuslardan ibarət təklif irəli sürüb. Bundan əlavə, argentinalı qapıçının barmağından aldığı zədə də Turin klubunda müəyyən narahatlıq yaradıb.

Nəticədə "Yuventus" diqqətini Vikarioya yönəldib və avqustun 18-də transferi rəsmiləşdirib. Məlumata görə, italiyalı qapıçı "Tottenhem"dən icarəyə götürülüb. Müqavilədə 10 milyon avroya satınalma opsiyasının olduğu, lakin bunun məcburi xarakter daşımadığı bildirilir.

Martinezin "Aston Villa"dakı gələcəyinə gəlincə, onun İngiltərə klubundan ayrılması hazırda real görünmür. Futbolçunun zədələnmiş barmağından əməliyyat olunması planlaşdırılır və bərpa prosesinin təxminən üç ay çəkəcəyi gözlənilir. Bu səbəbdən klubların uzun müddət meydandan kənarda qalacaq qapıçıya böyük məbləğ ödəməsi çətin görünür.

"Aston Villa" isə artıq Martinezə alternativ tapıb. İngiltərə klubu "Parma"nın yaponiyalı qapıçısı Dzion Suzuki ilə müqavilə imzalayıb.

Suzukinin əvvəlcə PSJ-yə keçəcəyi gözlənilirdi. Hətta transferin 30 milyon avro və 5 milyon avro bonus qarşılığında razılaşdırıldığı bildirilirdi. Lakin son mərhələdə agentlik komissiyaları ilə bağlı fikir ayrılığı ortaya çıxıb.

Tərəflər əvvəlcə 3 milyon avro komissiya üzərində razılaşsalar da, sonradan "Parma" və PSJ tərəfindən cəlb olunan vasitəçilərin əlavə tələbləri transferin baş tutmasına mane olub. Bundan sonra "Aston Villa" prosesə qoşulub və PSJ-nin 35 milyon avroluq təklifini təkrarlayaraq yapon qapıçı ilə 2031-ci ilə qədər müqavilə imzalayıb.

Qapıçı transferləri zəncirinin digər iştirakçısı isə "Yuventus"un qapıçısı Michele Di Qreqorio olub. Vikario Turin klubuna gəldikdən sonra əsas heyətdə yerini itirmək ehtimalı yüksək olan Di Qreqorio komandadan ayrılmaq istəyir.

İtaliyalı qapıçının keçmiş klubu "Monza"ya qayıtması variantı nəzərdən keçirilir. Hazırda tərəflər arasında rəsmi danışıqların başlamadığı bildirilir.

Beləliklə, Avropada qapıçılar bazarında bir transfer digərinin qarşısını açır. Vikario "Yuventus"a gedir, Martinez "Aston Villa"da qalır, Suzuki İngiltərəyə keçir, Di Qreqorio isə yeni klub axtarır. Bütün bu dəyişikliklər isə yay transfer pəncərəsinin son günlərində qapıçı bazarında kifayət qədər maraqlı mənzərə yaradıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər