"Avro-2016": İlk finalçı bəlli oldu - FOTO

Avro-2016: İlk finalçı bəlli oldu - FOTO
İdman 1133
 

İyulun 6-da Fransada futbol üzrə Avropa çempionatının ilk yarımfinal matçı oynanılıb.

BAKU.WS-in məlumatına görəi, finala gedən yolda Portuqaliya ilə Uels milliləri üz-üzə gəliblər. Bu görüş, bir növ Kriştianu Ronaldo – Qaret Beyl dueli kimi də qələmə verilib.

Lion şəhərindəki "Stad de Lyumer"də təşkil olunan oyunun ilk hissəsində hesab açılmayıb.

Yarımfinala qədər hələ heç bir qarşılaşmanı əsas vaxtda qalib tamamlaya bilməyən portuqaliyalılar ikinci hissədə istəklərinə nail olublar. Matçın 50-ci dəqiqəsində Kriştianu Ronaldu hesabı açıb. Üç dəqiqə sonra Nani ikinci topu Uels millisinin qapısından keçirib. Hər iki komandanın cəhdinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib.

Beləliklə, görüş Portuqaliya millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb və komanda tarixində ikinci dəfə Avropa çempionatının finalına yüksəlib.

Portuqaliya - Uels matçında fərqlənən "Real Madrid”in ulduz futbolçusu Kriştianu Ronaldu Avropa çempionatlarında 9-cu qoluna imza atıb. Bununla da o, əfsanəvi Mişel Platinini qabaqlayaraq mütləq rekorda sahib olub. Keçmiş fransız futbolçu qitə birincilikləri tarixində 8 qola imza atıb.

Xatırladaq ki, ikinci yarımfinal oyununda Almaniya və Fransa komandaları qarşılaşacaqlar. İyulun 7-də keçiriləcək bu matç mütəxəssislər tərəfindən ilkin final kimi dəyərləndirilir.

BAKU.WS

Son xəbərlər