FIDE mart ayı üçün reytinq siyahısını açıqlayıb. Siyahıya görə fevral ayını ən yaxşı oyunçular üçün sakit ay hesab etmək olar. Belə ki, onların əksəriyyəti Yekaterinburqda keçiriləcək “İddiaçılar turniri”nə hazırlaşdığı üçün ilk 10-da dəyişiklik o qədər də hiss olunmur.

BAKU.WS xəbər verir ki, norveçli hazırkı dünya çempionu Maqnus Karlsen (2862), amerikalı Fabiano Karuana (2842) və çinli Liren Dinq (2805) ilk üçlükdə qərarlaşıblar. Şahmatçılarımızdan Şəhriyar Məmmədyarov Cəbəllütariqdə 6 reytinq xalı itirərək 10-cu pilləyə enib. Bu, digər təmsilçimiz Teymur Rəcəbov və fransalı şahmatçı Maksim Vaşe-Laqrava bir pillə yüksəlməyə imkan yaradıb.

“Top-100”lüyün orta və aşağı sıralarında qərarlaşmış şahmatçıların reytinqlərinə Cəbəllütariqdə keçirilmiş “Masters” (onun nəticələri fevral ayına hesablanıb) turniri, Rraqada təşkil olunmuş beynəlxalq festival və Moskvada keçirilmiş “Aeroflot open”ın nəticələri təsir edib. “İddiaçılar turniri” iştirakçılarından yalnız rusiyalı Kirill Alekseyenko və çinli Yanq Hao çox güman ki, təlim məqsədilə Cəbəllütariq turnirində oynayıblar. Rusiyalı nəticədə reytinqinə 4 xal əlavə edib, çinli isə o qədər xal itirib.
Şahmatçılarımızdan Rauf Məmmədov “Aeroflot open”də çıxışına əsasən, reytinq xalını 11 bal artırıb. Turnirin qalibi, Azərbaycanın istedadlı gənc şahmatçısı 14 yaşlı Aydın Süleymanlı hələ “Top-100”dən çox uzaq olsa da, əldə etdiyi nailiyyətlər yaxın gələcəkdə ilk 100-də yer alacağına əminlik yaradır. Ümumiyyətlə, bu il “Aeroflot open” gənc oyunçular üçün əsl hünər məkanına çevrildi. Dünya şahmat ictimaiyyətinin diqqəti fevralın sonunda Moskvada parlayan iki gəncə yönəldi. Aydın Süleymanlı nəinki bu nüfuzlu yarışın qalibi titulunu qazandı, o, həmçinin reytinqini 38 xal artırdı. Digər gənc şahmatçı hindistanlı Subramaniyam Bharath qalibdən cəmi 1 xal geri qalaraq reytinqinə 35 xal əlavə etdi.

Digər şahmatçılarımızdan Qədir Hüseynov (2665, 72-ci yer), Nicat Abasov (2664 xal, 74-cü yer), Rauf Məmmədov (2654, 91-ci yer) ilk yüzlükdə yer alıblar.

Qadınların reytinq cədvəlində əvvəlki kimi birinci sırada çinli Hou Yifan (2658 xal) qərarlaşsa da, həmyerlisi Vencun Cu (2583 xal) rəqabətə dözməyib ikinci mövqeyi əlindən verib. Üç elit turnirdə ardıcıl qələbə qazanan Hindistan şahmatçısı Humpi Koneru (2586 xal) ikinci pilləyə yüksəlib.

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2443, 31-ci yer), Gülnar Məmmədova (2386, 77-ci yer) Ülviyyə Fətəliyeva (2377, 89-cu yer) ilk yüzlükdə yer alıblar.

BAKU.WS