SİZİN REKLAM BURADA!
055 213 76 73


Əfsanəvi kəşfiyyatçı, Aprel döyüşlərinin şəhid polkovnik-leytenantı Raquf Orucovun və torpaqlarımızın azad edilməsi uğrunda canından keçən bütün hərbçilərimizin xatirəsinə həsr olunmuş  ənənəvi V "Raquf Orucov Kuboku" beynəlxalq turnirinə start verilib.

BAKU.WS xəbər verir ki, “Judo Club 2012” idman klubunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil edilən turnirin açılış mərasimi Bakı İdman Sarayında keçirilib.

Dövlət və hökumət nümayəndələri, parlament üzvləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları, tanınmış idmançılar və Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra böyük Zəfərə və əfsanəvi kəşfiyyatçı Raquf Orucovun döyüş yoluna, həmçinin turnirin tarixinə həsr olunmuş videoçarxlar nümayiş olunub.

Mərasimdə çıxış edən millət vəkili Adil Əliyev turnir iştirakçılarını salamlayaraq yarışın əhəmiyyətindən danışıb.

44 günlük Vətən müharibəsində tarixi Qələbənin dördüncü ildönümündə Ali Baş Komandan İlham Əliyevin Xankəndidə və Qarabağın digər gözəl guşələrində üçrəngli Bayrağımızı qaldırdığını qeyd edən Adil Əliyev bununla da suverenliyimizin tam bərpa edildiyini diqqətə çatdırıb.

Mərasimdə həmçinin şəhid Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova da çıxış edib.

Rəsmi çıxışlardan sonra açılış mərasimi bədii hissə ilə davam etdirilib.

Təşkil olunan ənənəvi turnirdə ölkəmizlə yanaşı, Türkiyənin, Rusiyanın, Türkmənistanın, Macarıstanın və Gürcüstanın klub komandaları iştirak edib.

Xatırladaq ki, dostluq, əməkdaşlıq və vətənpərvərlik ruhu aşılayan turnirin əsası 2017-ci ildə qoyulub. İdman ictimaiyyətinin böyük maraq göstərdiyi turnir 2018, 2019-cu illərdə də keçirilib. Koronavirus pandemiyası ilə əlaqədar yaranmış fasilədən sonra, ötən ilin noyabrında –dövlət suverenliyimizin tam bərpa olunduğu bir dövrdə isə turnir yenidən bərpa olunub.

Turnir 2016-cı ilin Aprel döyüşlərinin şəhidi, əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun timsalında torpaqlarımızın işğaldan azad olunması, dövlətimizin suverenliyinin təmin olunması uğrunda canlarını qurban verən bütün şəhidlərimizin xatirəsinə həsr edilir.

BAKU.WS
QALEREYA