SİZİN REKLAM BURADA!
055 213 76 73


Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilməli olan Türkiyə Superkubokunun “Qalatasaray” – “Fənərbağça” final oyunu üçün Azərbaycan sosial şəbəkələrində kampaniya başladılıb.

Azərbaycan əsilli türkiyəli siyasətçi Sinan Oğanın Xankəndidə oyunun keçirilməsi ilə bağlı təklifindən sonra sosial media fəalları qardaş ölkənin final matçının Bakıda baş tutmasını istəyirlər.

Məsələ ilə bağlı Prosport.Az-a danışan AFFA-nın Mətbuat Xidmətinin rəhbəri Elnur Məmmədli bildirib ki, bu ilin yay aylarında Türkiyə Futbol Federasiyasının ovaxtkı baş katibi Superkubok oyunu ilə əlaqədar onlarla əlaqə saxlamışdı:

“O bildirdi ki, Azərbaycanla yanaşı, Səudiyyə Ərəbistanı variantı da var, ümumiyyətlə, oyun Azərbaycanda keçirilsə, buna necə baxarsınız? Bizim də cavabımız belə oldu ki, təbii ki, müsbət. Maliyyə məsələləri həmin söhbət əsasında müzakirə olunmayıb. Türkiyə Futbol Federasiyasının sabiq baş katibi danışıq əsasında bildirdi ki, hələ oyuna çox var, matç yanvarda olacaq, lazım gələrsə, yenidən sizə müraciət edəcəyik. Türkiyə tərəfi ilə danışıqlar yalnız bundan ibarət olub. Bundan sonra bu məsələ ilə bağlı bizimlə əlaqə saxlanılmayıb”.

Yenidən müraciət ehtimalı ilə bağlı suala E.Məmmədlinin cavabı belə oldu:

“İlk növbədə klubların təqviminə baxmaq lazımdır. Ümumiyyətlə, bu oyun nə vaxt keçiriləcək, hələ məlum deyil. Bütün bu məsələlər təbii ki, müzakirə olunmalıdır. Xankəndi məsələsi isə ölkə rəhbərliyi səviyyəsində qəbul edilən qərardır”. 

Xatırladaq ki, dünən sözügedən matç ləğv edilib. Buna səbəb kimi Səudiyyə Ərəbistanının hər iki komandaya Türkiyə Respublikasının 100 illiyi ilə bağlı Atatürkə dair pankarta, formaya və İstiqlal Marşının oxunmasına qoyulan qadağası göstərilir. Bu qadağadan sonra hər iki komanda vahid qərar qəbul edərək Türkiyəyə qayıtmaq qərarı verib. Nəticədə Səudiyyə Ərəbistanındakı Superkubok matçı ləğv edilib.

BAKU.WS