"Yüksəliş" müsabiqəsinin beşinci mövsümünün final mərhələsi başlayıb

"Bakı Ekspo Mərkəzi"ndə "Yüksəliş" müsabiqəsinin beşinci mövsümünün final mərhələsi başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, açılış mərasimində müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, maliyyə naziri Sahil Babayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, gənclər və idman naziri Fərid Qayıbov, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov, gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, bundan əvvəlki müsabiqənin qalibləri, media nümayəndələri və finalçılar iştirak ediblər.
Açılış mərasimində çıxış edən qonaqlar "Yüksəliş" müsabiqəsinin ölkədə idarəetmə potensialına malik, peşəkar və perspektivli kadrların seçilməsi və inkişafında oynadığı mühüm rolu vurğulayıblar.
Gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev deyib ki, bu müsabiqə ilə ölkədə ilk dəfə olaraq kadr ehtiyatı formalaşdırılır:
"Bu günə qədər 40 min nəfər qeydiyyatdan keçib. Müraciətlərin edənlərin 10%-i yeni bilik bacarıqlara yiyələniblər, bu ölkədə idarəetmə kadr ehtiyatı üçün mühüm töhfədir".
Gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, bu müsabiqə iştirakçılarının əsasən gənclərdən ibarət olması uğurlu dövlət siyasətinin nəticəsidir:
"Gənclərimiz belə layihələrə qoşularaq həm də bu yolla özlərini müxtəlif sahələrdə təsdiq edirlər".
"Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva qeyd edib ki, bu müsabiqənin əsas məqsədi dəyər yaratmaq iqtidarında və potensialında olan insanları tapmaqdır.
"Biz əqidəli, dürüst, ədalətli insanları axtarırıq. Ona görə də qalib olan hər kəsin yüksəlişi Vətənin yüksəlişidir".
Qeyd edək ki, müsabiqənin builki konsepsiyası Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2024-cü ilin "Konstitusiya və Suverenlik İli" elan olunması ilə əlaqələndirilib. Eyni zamanda, 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin beşinci ildönümü və "Yüksəliş" müsabiqəsinin beşinci mövsümü eyni ilə təsadüf edir.
Üç gün davam edəcək bu mərhələdə əvvəlki dörd mərhələni uğurla tamamlayan 124 iştirakçı mübarizəyə qatılıb. Final mərhələsi 20 iyul tarixində başa çatacaq və ölkənin ən istedadlı kadrları arasında növbəti qaliblər müəyyən olunacaq. Bununla da, beşinci "Yüksəliş" müsabiqəsi yekunlaşacaq.
Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.
Qalereya
Oxşar xəbərlər
Bu ilin altı ayında 69 uşaq övladlığa verilib
Cari ilin ilk yarımilində 69 uşaq övladlığa verilib. BAKU.WS xəbər verib ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclası...