Hövsan avtobusu ilə bağlı şikayətlərə RƏSMİ CAVAB

Hövsan avtobusu ilə bağlı şikayətlərə RƏSMİ CAVAB
Video
Sosial 4456

"BakuBus MMC-nin istismarında olan 120E nömrəli müntəzəm marşrut xətti marşrut pasportuna uyğun olaraq saat 06:30-dan 21:00-dək, 16 dəqiqəlik intervalla fəaliyyət göstərir. Hazırda xətt üzrə ümumilikdə 10 ədəd avtobus hərəkət edir".

Bu, BAKU.WS-in sorğusuna cavab olaraq BakuBus MMC-dən bildirilib:

"Qeyd olunan marşrut xəttində avtobusların hərəkəti təsdiqlənmiş iş qrafikinə əsasən təşkil olunur  və Online İzləmə Mərkəzinin monitorinq nəticələri göstərir ki, xidmətin davamlılığı bu qrafikə uyğun şəkildə təmin edilir".

"Günün pik saatlarında marşrut xəttinin hərəkət sxemində müşahidə olunan nəqliyyat sıxlığı intervalların bir qədər artmasına səbəb ola bilər.

Qeyd edək ki, 120E nömrəli marşrut xətti ekspress xətt statusuna malikdir. Daha yüksək sürət və az sayda dayanacaqla uzun məsafələri qət edən bu tip marşrutlarda gediş haqqı təqdim olunan xidmət səviyyəsinə uyğun olaraq müəyyən edilir. Sözügedən ekspress marşrutda gediş haqqı 80 qəpik təşkil edir", - deyə məlumatda qeyd olunub.

***09:40

Bakının "28 May" metrostansiyası ilə Hövsan qəsəbəsini birləşdirən 120E saylı marşrutdan narazılıq var. 

Bu barədə sərnişinlərdən biri BAKU.WS-in "qaynar xətti"nə şikayət edib. 

Bildirilib ki, həm avtobusların sərnişin tutumu azdır, həm də saatda cəmi 2-3 marşrut xəttə buraxılır. Üstəlik xəttə yeni çıxan avtobus 3-4 dayanacaq sonra tam dolur:

"120E nömrəli avtobus marşrutu üzrə hərəkət edən nəqliyyat vasitələrinin kiçik tutumlu olması, eyni zamanda uzun intervalla (saatda cəmi 2-3 avtobus) hərəkət etməsi səbəbindən sərnişinlər üçün ciddi narahatlıq yaranır. Avtobus marşrutun hələ 3-4-cü dayanacağında tamamilə dolur, sərnişinlər bir-birinə sıx dayanar, hətta bəziləri giriş qapısına sıxılmaq məcburiyyətində qalır. Bu vəziyyət nə komforta, nə təhlükəsizliyə, nə də xidmət keyfiyyətinə cavab verir".

O da qeyd olunub ki, bu marşrut üzrə tələbat kifayət qədər yüksəkdir. Kiçik ölçülü və az sayda xəttə buraxılan avtobusların gedişhaqqı isə çox bahadır (80 qəpik).

"Gediş haqqı da münasib sayılmayacaq qədər yüksəkdir və bu cür xidmət səviyyəsinə uyğun gəlmir", - deyə şikayətçi vurğulayıb.

Banu Hüseynli

Son xəbərlər