Xaricdə, yoxsa Azərbaycanda istirahət etmək daha sərfəlidir?

Xaricdə, yoxsa Azərbaycanda istirahət etmək daha sərfəlidir?
Açıqlama
Sosial 44

Yay mövsümünün başlaması ilə istirahət planları quran vətəndaşları maraqlandıran əsas suallardan biri də xaricdə istirahətin daha sərfəli olub-olmamasıdır.

BAKU.WS-in məlumatına görə, bu məsələ təkcə qiymətlə deyil, həm də ailələrin büdcəsi və seçimləri ilə bağlıdır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc BAKU.WS-ə bildirib ki, yay aylarında Azərbaycanda otellərin, istirahət mərkəzlərinin və turizm xidmətlərinin qiymətlərində artım müşahidə olunur:

"Bu isə mövsümi xarakter daşıyır və turizm obyektlərinin ən çox gəlir əldə etdiyi dövr hesab olunur. Son illər cəmiyyətdə Azərbaycandakı istirahət qiymətlərinin bəzi qonşu ölkələrlə müqayisədə daha yüksək olması ilə bağlı fikirlər formalaşıb. Bununla belə, xaricdə istirahətin ümumi xərcləri hesablanarkən nəqliyyat amili də nəzərə alınmalıdır.

Quru sərhədlərin bağlı qalması xaricə səfər edənlərin əsasən hava nəqliyyatından istifadə etməsini zəruri edir. Təyyarə biletlərinin qiyməti isə xarici istirahətin ümumi xərcini əhəmiyyətli dərəcədə artırır.

Otel və xidmət qiymətləri bəzi hallarda xarici ölkələrdə daha münasib ola bilər. Lakin aviabiletlər, transfer, logistika və digər əlavə xərclər nəzərə alındıqda xaricdə istirahət çox zaman Azərbaycanda istirahətdən daha baha başa gəlir".

AQC sədri əlavə edib ki, istirahət məkanının seçilməsi yalnız maliyyə məsələsi deyil:

"Burada ailələrin istəkləri, zövqləri, istirahətdən gözləntiləri və büdcə planlaması da mühüm rol oynayır. Bununla belə, sırf qənaət baxımından yanaşdıqda, ölkə daxilində istirahət daha əlverişli hesab oluna bilər. Xüsusilə nəqliyyat xərclərinin aşağı olması və əlavə səyahət məsrəflərinin yaranmaması daxili turizmi daha sərfəli edir.

Xarici istirahət və daxili turizm arasında seçim hər bir ailənin maliyyə imkanlarından və üstünlüklərindən asılı olsa da, mövcud şəraitdə büdcəyə qənaət etmək istəyənlər üçün Azərbaycanda istirahət daha münasib variant olaraq qalır".

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər