"TələbəPlus" kartının sahibləri xüsusi endirimlərdən yararlanırlar? - RƏSMİ CAVAB
Artıq noyabrın 4-dən vahid "TələbəPlus" kartlarının tələbələrə təqdim edilməsinə başlanılıb. Təhsilin İnkişafı Fondundan bildirilib ki, ilk olaraq bu kartlar Bakı Dövlət Universiteti və Bakı Mühəndislik Universitetinin tələbələrinə təqdim ediləcək. Daha sonra isə növbəli şəkildə digər universitetlərə də veriləcək.
Bu karta sahib olan tələbələr VİSA-nın təqdim etdiyi xüsusi keşbek, endirim, promokodlardan yararlana biləcəklər. Sözügedən kart tələbələr üçün həm debet bank kartı, həm təqaüd kartı, həm də universitetə giriş-çıxış kartı funksiyalarını daşıyacaq. "TələbəPlus" kartı vasitəsilə təhsilalanlar bir sıra imtiyazlardan yararlana biləcəklər ki, bura supermarketlər, kitab, geyim/aksessuar və parfümeriya mağazaları, kafe/restoran, təhsil mərkəzləri, onlayn platformalar, əyləncə məkanları və s. yerlərdə xüsusi endirimlər, keşbeklər və promokodlar daxildir.
Bəs həmin kartların verilməsi prosesi hansı mərhələdədir? "TələbəPlus" kartının sahibləri vəd edilən imtiyazlardan yararlana bilirlər?
Mövzu ilə bağlı BAKU.WS-ə açıqlama verən Bakı Dövlət Universitenin mətbuat katibi Kamalə Namazova bildirdi ki, tələbələrə böyük imtiyazlar yaradan "TələbəPlus" kartlarının verilməsinə ilk dəfə Bakı Dövlət Universitetində başlanılıb:
"Noyabrın 4-də "TələbəPlus" kartları ilk dəfə olaraq BDU-nun 14 tələbəsinə təqdim olunub. Artıq I kursların hamısına bu kartlar verilib, digər kurslara verilməsi üzərində də iş gedir."
Bakı Mühəndislik Universitetinin mətbuat katibi Elman Babayev də həmin kartların verilməs prosesinin başladığını bildirdi:
"Artıq universitetimizin birinci kurs bakalavr, magistr və doktorant tələbələrinə kartlar təqdim edilib. Yuxarı kurs tələbələri də tezliklə kartla təmin ediləcək və bununla bağlı müvafiq qurumlarla birgə iş aparılır."
BDU-nun hüquq fakultəsinin l kurs tələbəsi Məhəmməd Qasımov "TələbəPlus" kartını təxminən 3 həftə əvvəl aldığını bildirdi:
"Birbank" tətbiqinə əlavə olunan bu kartla müxtəlif əməliyyatları asan şəkildə yerinə yetirmişəm. Buna misal olaraq "Bakıkart"dan istifadə, onlayn ödənişlərin yerinə yetirilməsinə kömək etməsini göstərmək olar. Bundan əlavə kartın əməkdaşlıq etdiyi mağazalardan məhsulları endirimli şəkildə almışam. Hətta ən son yediyim yeməyi 15% endirimlə əldə etmişəm."
Bakı Mühəndislik Universitetinin tələbəsi Nəzrin İbrahimli isə kartı yalnız universitetə daxil olarkən istifadə etdiyini deyir:
"Bəzən mağazalarda ödəniş edərkən problemlər yaşayıram. Hətta bu hal bir neçə qrup yoldaşımda da yaşanıb. Bildiyimiz qədəri ilə alış-veriş zamanı bəzi məhdudiyyətlər qoyulub."
Təhsil İnkişaf Fondundan bildirildi ki, "TələbəPlus" kartının nəzərdə tutulan universitetlərə verilmə prosesinin başa çatması dekabr ayının ortalarına qədər planlaşdırılır:
"Bundan başqa əməkdaşlıq üçün yeni markalarla danışıqlar aparılır. Həmçinin Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti və Gəncə Dövlət Universiteti ilə də "TələbəPlus" kartının verilməsinə dair müqavilə bağlanacaq. Artıq digər region universitetləri ilə də danışıqlar aparılır.
Qeyd edək ki, bəzi texniki nasazlıqlar olar bilər, ancaq bunlar qısa zamanda həll olunacaq"
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Sabah Bakının bu hissəsində qaz olmayacaq
Sabah Bakının Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azər...