TCL, QLED televizorlarında kvant nöqtələrinin olmamasında ittiham olunur

Bu ayın əvvəlində Amerika Birləşmiş Ştatlarında Hisense ABŞ-a qarşı qrup iddiası qaldırılmışdı. Belə ki, şirkəti öz QLED televizorlarında kvant nöqtə texnologiyasından istifadə edilmiş kimi reklam edərək, istehlakçıları çaşdırmaqda ittiham edirdilər. Hadisənin təfərrüatları hələ məlum olmasa da, digər istehsalçı da oxşar hadisə ilə üzləşib, bu dəfə yeni ittiham TLC-yə ünvanlanıb.

Təsvir mənbəyi: Racool_studio / Freepik
Kvant nöqtələri, diametri 2-10 nm olan kadmium selenid və ya indium fosfid kimi yarımkeçirici materialların nanohissəcikləridir. Ötürülən işığın uzunluğu məhz bu hissəciklərin ölçüsündən asılıdır, elektromaqnit şüalanmasının təsiri altında davranışları isə kvant mexanikasının qanunlarına tabedir. Bunun sayəsində QLED panellər adi LED ekranlarla müqayisədə daha detallı rəng çalarlarının ötürülməsi ilə yanaşı, həm də daha yüksək parlaqlıq təmin edir.
Bu nöqteyi-nəzərdən, Hisense və TCL öz QLED televizorlarında kvant nöqtələrindən istifadə etməməkdə və ya sözü gedən hissəciklərdən şəkil keyfiyyətinə heç bir təsir göstərməyəcək qədər az miqdarda istifadə etməkdə ittiham olunurlar. Belə ki, bu səbəblə, TCL-nin Şimali Amerika bölməsinə qarşı kaliforniyalı Stephan Herrick iddia qaldırıb. O, keçən il Amazon-dan 55 düymlük TCL Q651G QLED televizorunu əldə edib və televizorun kvant nöqtə texnologiyasına əsaslanaraq, daha yaxşı görüntü keyfiyyətini və daha zəngin rəngləri təmin edəcəyini hesab edib.

Təsvir mənbəyi: hometheaterreview.com
Lakin bir müddətdən sonra istədiyi görüntünü əldə edə bilməyən Herrik, cihazın texniki xüsusiyyətlərini araşdırdıqdan sonra belə bir qənaətə gəlib ki, aldığı televizorda ya ümumiyyətlə kvant nöqtələri yoxdur, ya da onların sayı təsvirin ötürülməsi keyfiyyətinə heç bir təsir göstərməyəcək qədər azdır. Ərizədə Herrik qeyd edib ki, əgər o və digər istehlakçıların TCL televizorlarının sözü gedən bu xüsusiyyəti haqqında əvvəlcədən məlumatı olsaydı, belə bir məhsula nə bu qədər pul ödəməzdirlər, nə də ümumiyyətlə satın almazdırlar.
"TCL istehlakçıları aldatmaq üçün saxta məlumatlar paylaşır. Bu səbəbdən də, TCL QLED TV sahibləri əsassız yüksək məbləğ ödəyərək itkilərə məruz qalıblar", - deyərək, Herrik öz açıqlamasında bildirib.
Şərq Sahilində isə Hisense qarşı oxşar iddia Nyu-York sakini Robert Macioce tərəfindən qaldırılıb. Belə ki, o, 2023-cü ilin noyabrında Best Buy-dan 43 düymlük Hisense QLED televizoru alıb. Matsios iddia edir ki, istehsalçı öz televizorlarını kvant nöqtələri əsasında işləyən məhsul kimi qələmə verərək istehlakçıları çaşdırır. İddia müəllifi əmindir ki, televizorlarda ya ümumiyyətlə kvant nöqtələri yoxdur, ya da onların sayı o qədər azdır ki, görüntünün keyfiyyətinə təsir etmir.

Təsvir mənbəyi: hometheaterreview.com
İddialarçılar TCL və Hisense şirkətlərini yanlış məlumat yaymaqda ittiham edir, belə ki, istehlakçılar gözləntilərini doğrultmayan televizorlar üçün külli miqdarda pul vəsaiti ödəmiş olurlar. Onu da qeyd etmək lazımdır ki, Cənubi Koreyada da TCL-ə qarşı oxşar iddia yerli Hansol Chemical şirkəti tərəfindən qaldırılıb. Belə ki, şirkətin TCL QLED televizor modelinin üzərində keçirdiyi müstəqil sınaqların nəticəsi olaraq, sözü gedən televizorlarda kvant nöqtə texnologiyasının əsas elementlərindən olan indium və kadmiumun olmadığı aşkar olunub. Bu məsələ ilə bağlı Hansol, Cənubi Koreyanın Ədalətli Ticarət Komissiyasına şikayət ərizəsini təqdim etmişdir. Buna cavab olaraq, TCL öz test nəticələrini açıqlayaraq, şirkətin istehsal etdiyi televizorlarda şikayətdə göstərilən materialların, o cümlədən hər kiloqramda 4 mq kadmiumun olduğunu iddia edib. Mütəxəssislərin fikrincə isə, qeyd edilən bu rəqəm o qədər cüzidir ki, onun istifadəsi təsvirin keyfiyyətinə çətin ki, təsir etsin.
İddialara baxılması nəticəsində TCL və Hisense nüfuzuna ciddi ziyan vurula bilər, həm də iddiaların doğulduğu halda hər iki şirkət cərimələrlə üzləşə bilər. İddiaçılar məhkəmədə qalib gələrsə, şirkətlər müştərilərə təzminat ödəməli və məhsulun marketinq strategiyalarına yenidən baxış keçirməli olacaqlar.
Mənbə:
Home Theater Review
3dnews.ru
Oxşar xəbərlər
Bakıda yaşayış evini dağıdan tikinti şirkətinin nümayəndəsi AÇIQLAMA VERDİ
Bakı şəhərinin Yasamal rayonunun Alatava ərazisində Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında sakinlər içəridə ola-ola "Melissa Group" adlı tikinti şirkəti tə...
