"Sovetski" sakinlərinə vaxt qoyuldu
"Bizə evimizdən çıxmağa birinci günə kimi vaxt qoyublar". Bunu ANS PRESS-ə "Sovetski kimi tanınan, Yasamal rayonu M. Naxçıvani 25 ünvanında yaşayan sakinlər müraciətlərində deyib. Onların sözlərinə görə, icra hakimiyyətinin nümayəndələri sakinlərə, binalarının söküləcəyini və iyunun 13-dək evlərini tərk etmələrini tapşırıb.
"Bizə dedilər ki, birinci gündən kommunal xətlər kəsiləcək və evlərimiz söküləcək. Evlərimizdən çıxmaq üçün bizə pul vermirlər. Deyirlər ki, kirayə gedin, bu ərazidə bina tikək və iki ildən sonra sizə bu binada ev verəcəyik. Düzdür, bizə kirayə haqqı verirlər, amma biz evimizin pulunu istəyirik", - deyə həmin ərazidə yaşayan sakinlər şikayətlərində bildiriblər. Onların əsas şikayətləri isə onlara ev veiləcəyi barədə müqavilələrin bağlanmamağı, aldadılacaqlarından qorxmaları ilə bağlı olub.
Sakinlərin sözlərinin nə dərəcədə həqiqətə uyğun olduğunu müəyyən etmək üçün Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyası ilə əlaqə saxladıq. Komissiyanın sədri Səməd İslamov ANS PRESS-ə açıqlamasında deyilən şikayətlərin həqiqətə uyğun olmadığını vurğuladı:
"Bilirsiniz ki, Nazirlər Kabinetinin qərarı var ki, Bakının bütün rayonlarında, o cümlədən, Yasamal rayonunda qəzalı vəziyyətdə olan binalar barəsində pilot layihə hazırlanıb. Bu layihənin də məğzi ondan ibarətdir ki, qəzalı vəziyyətdə olan evlərin sökülüb yerində yeni bina tikilməsi və həmin sakinlərin yeni mənzillərlə təmin edilməlidir. M.Naxçıvani küçəsində yerləşən evlər də illərdir ki, qəzalı vəziyyətdədir və bizim Nazirlər Kabinetinə təqdim etdiyimiz siyahıda həmin evlər də var. İyunun 2-də FHN-nin tikinti təhlükəsizlik departamentinin mütəxəssisləri tərəfindən akt tərtib olunub. Həmin aktda həmin evlər son dərəcə təhlükəli evlər hesab edilib. Bunan başqa, bildirilib ki, mənzillərin istismarı, bütün komunikasiya xətlərinin təmin olunması təxirə salınmadan dayandırılmalı və sakinlər həmin evlərdən çıxarılmalıdır".
Sədr vurğuladı ki, FHN-nin aktından sonra icra nümayəndələri sakinlərlə görüşüb və bu barədə onlara məlumat veriblər. Artıq həmin ərazidəki evlərin sökülməsi Nazirlər Kabinetinin sərəncamında öz əksini tapıb.
"Sakinlərə bildirmişik ki, müvəqqəti kirayədə yaşasınlar, 2 ilədək ərazidə tenderdə qalib gələn şirkət bina tikəcək və həmin sakinlər hazırda yaşadıqları mənzillərin kvadratından 20% daha çox kvadrat olmaqla yeni tam təmirli evlərlə təmin olunacaqlar. Kirayə getdikləri müddətdə isə onlara 1 otaq üçün - 300, 2 otaq üçün - 350, 3 otaq üçün - 400 manat pul veroləcək".
Səməd İslamovun sözlərinə görə, qəzalı olan evlərin yerində yeni bina ucaldılacaq və sakinlər yeni təmirli evlərlə yanaşı, uşaqlar üçün istirahət zonası, müxtəlif ticarət obyektləri ilə təmin olunmuş olacaqlar.
Komissiya sədri sakinlərin aldadıla biləcəyindən söhbət belə gedə bilməyəcəyini deyir. O, bütün bu prosesdən icra hakimiyyətinin cavabdeh olduğunu qeyd edib. "Heç kim aldadıla bilməz. Biz tenderdə şirkəti müəyyən edərkən, onun kapital və nizamnamə fondunu dəfələrlə araşdırmışıq və elə bir şirkət seçmişik ki, o, işi yarımçıq qoymayacaq, bina iki ilə təhvil veriləcək. Buna görə, hazırda həmin qəzalı vəziyyətdə olan mənzillərdə yaşayan sakinlərlə ayrı-ayrılıda müqavilə də imzalayacağıq. Müqavilədə onların kirayədə qaldıqları müddətdə pulla təmin olunması və bina təhvil verildikdən sonra təmirli mənzillərlə təmin olunması öz əksini tapır. Bütün bunlar dövlət səviyyəsində yerinə yetirilir, düşünürəm ki, bundan gözəl layihə ola bilməz".
BAKU.WS
Oxşar xəbərlər
"Sovetski"də sakinlərlə icra başçısı arasında qalmaqal: "Evimizi sökmə" - VİDEO
"Sovetski”də sakinləri söküntü işlərinin pərakəndə və ehtiyatsız şəkildə aparılmasına etiraz ediblər. Belə ki, Abbas Mirzə Şərifzadə küçəsi 45 ünvanında, tarix...