Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ
Sosial 147

"Ruslar Əmir Teymurun qəbrini açmağa gəliblər! Əgər "Dəmir axsaq"ın məzarı açılsa, başımıza böyük bəla gələcək!" 1941-ci ilin iyun ayında Səmərqənd şəhərinin küçələrində və bazarında camaat arasında bu söz ildırım sürəti ilə yayıldı. İnsanlar məşhur sovet akademik Taşmuhammed Karı-Niyazov və antropoloq Mixail Gerasimovun rəhbərliyi altında ekspedisiyanın Əmir Teymurun özünün və yaxınlarının uyuduğu Qur-Əmir məqbərəsində qazıntılar apardığı haqqında eşitmişdilər. Şəhər əhalisi, xüsusi ilə də ruhanilər əmin idilər ki, Əmir Teymurun qəbrinin açılması onlara böyük bəla gətirəcək.

Qur-Əmirdə işlər 1941-ci il iyunun 16-da başladı və ilk olaraq Teymurləngin sevimli nəvəsi Uluqbəyin oğlanlarının qəbirləri açıldı. Sonra növbə Əmir Teymurun oğulları Miran Şah və Şahruxun məzarlarına çatdı. Ardından Uluqbəyin qəbri də ekspedisiya üzvləri tərəfindən tədqiq edilməyə başladı. 19 iyunda isə ekspedisiya üzvləri dünyanın ən böyük imperiyalarından birini yaratmış Teymurləngin məzarı üstündəki nefritdən olan ağır qəbirüstü daşı götürdülər. 20 iyunda Böyük Əmirin qəbri açıldı. Ekspedisiya üzvlərini kəskin kamfora, qızıl gül və ladana yağı qoxusu vurdu. Bu da təbii idi. Çünki Əmir Teymur 1405-ci ildə Çin üzərinə yürüşə hazırlaşarkən qəflətən müasir Qazaxıstanın ərazisində yerləşən Otrar şəhərində dünyasını dəyişmişdi və onun meyitini balzamlayaraq Səmərqəndə gətirib Qur-Əmirdə torpağa tapşırmışdılar.

Məzar açılanda ekspedisiya üzvlərini vuran həmin kəskin qoxu 5 əsrdən çox təsirini saxlamış balzamdan gəlirdi. Məzar açılandan iki gün sonra Səmərqənddə böyük təşviş başladı. İyunun 22-si Faşist Almaniyası SSRİ üzərinə hücuma keçmişdi və 4 il sürəcək bu müharibə məhz ekspedisiyanın Nəhəng Teymurun məzarını açdıqdan cəmi iki gün sonra başlamışdı. Ekspediyası üzvləri bu xəbərdən sonra tələm-tələsik Teymurləng və Teymurilər sülaləsinin üzvlərinin skeletlərinin qalıqlarını da götürərək Moskvaya qayıtdılar. Səmərqəndlilərin qorxduqları başlarına gəlmişdimi? Böyük bəla bu idimi? Demək çətindir. Lakin bu əfsanəni bir qədər təsirli edən bir fakt da var. Böyük Vətən müharibəsində dönüş nöqtəsi olacaq Stalinqrad döyüşündən cəmi bir ay əvvəl Stalin Əmir Teymur və digər Teymurilərin qalıqlarının Səmərqəndə qaytarılaraq hörmətlə dəfn edilməsi haqda əmr verir. Teymurləngin qalıqları Qur-Əmir məqbərəsində torpağa tapşırılır. Bundan bir ay sonra SSRİ cəbhədə Faşist Almaniyasına qarşı üstünlük qazanır və sonda müharibəni qəti qələbə ilə tamamlayır. Səmərqəndlilərin bu inancının həqiqətə nə qədər yaxın olduğunu bilmirəm, amma bir gerçək var ki, bu tarixçə minlərlə turisti Teymurilərin paytaxtı olmuş qədim və əfsanəvi şəhərə çəkib gətirir. Necə ki, bizi də Səmərqəndə gətirdi.

Bu günlərdə "Fly Khiva" və "Azərbaycan Hava Yolları"nın QSC-nin (AZAL) Özbəkistanın Azərbaycandakı səfirliyi ilə birgə təşkil etdiyi Bakı-Səmərqənd-Bakı marşrutu üzrə ilk uçuş həyata keçirilib. Bəndəniz də səfərdə yer almış mətbuat nümayəndələrinin arasında idi. 7 əsr sonra azərbaycanlılar yenə də Səmərqəndə üz tuturlar. Amma bu dəfə 1300-cü illərin sonlarından fərqli olaraq AZAL-ın komfortlu təyyarəsi ilə. İlk dəfə isə Əmir Teymur at döşündə azərbaycanlıları Səmərqəndə məcburi şəkildə gətirtmişdi. Həmin vaxt Mavərünnəhr hakimi istila etdiyi torpaqlardan sənətkarlar, rəssamlar, şairlər, mütəfəkkirlər və sair sənət sahiblərini paytaxt Səmərqəndə gətirərək şəhəri dünyanın incisi etməyi qarşısına məqsəd qoymuşdu. 150 mindən çox şəxs Səmərqəndə gətirilmişdi. Onların arasında azərbaycanlı sənətkarlar da olub. Biz azərbaycanlı rəssamların XIV əsrdə çəkdikləri rəsmləri Səmərqənd abidələri üzərində gördük. Bu haqda bir az sonra. Həmin vaxt Səmərqəndə gətirilmiş azərbaycanlı sənətkarların aqibətinin necə olduğunu demək çətindir. Amma bir şeyi əminliklə söyləmək olar. XIV əsrdə Səmərqəndə köçürülmüş həmyerlilərimiz öz fəaliyyətləri ilə neçə-neçə yüzilliklər sonra da bu əfsanəvi şəhərin dünyanın incisinə çevrilməsində mühüm rol oynayıblar. İndi Səmərqənddə maraqla izlədiyimiz tarixi abidələrin, sənət əsərlərinin ərsəyə gəlməsində azərbaycanlıların birbaşa və dolayısı ilə rolu var.

Yayda iylənməyən qoyun cəsədi və Əmir Teymurun qədim türk ənənəsinə sadiqliyi

Səmərqənd dünyanın ən qədim şəhərlərindən sayılır. Özbəkistanın bu şəhəri Babil və Memfis, Afina və Roma, İsgəndəriyyə və Bizans kimi sivilizasiyanın ilk mərkəzlərindən sayılır. Şəhərin yaşının 2500 il olduğu təxmin edilir. Eramızdan əvvəl VI-IV əsrlərdə Əhəmənilərin hakim olduqları dövrdə Səmərqənd inkişaf etmiş şəhər sayılırdı. Şəhərin əlverişli iqlimi (Səmərqənddə qaldığımız günlərdə gündüz hava nə qədər isti olsa da, gecələr bir o qədər sərinləyirdi - A.Ə.), təbii su mənbələrinin bolluğu, coğrafi cəhətdən təbii qala rolunu oynaması, yaxınlıqdan Zərəfşan çayının axması onu yaşamaq üçün əlverişli bir yer edib. Tarix ərzində Səmərqəndin küçələri sak-massaget tayfası, yunan və makedon falanqasını, ərəb qoşunlarını, Çingizxanın dağıdıcı hücumlarına şahidlik edib. Nəhayət, Əmir Teymur Səmərqəndi nəhəng imperiyasının paytaxtı edib. Rəvayətə görə, qədim türk adəti ilə Teymurun əsgərləri qoyun kəsərək cəmdəyini Səmərqəndə aparıblar. Bu ərazidə gecə hava sərin keçdiyi üçün qoyunun cəmdəyi iylənmir. Səmərqəndin əlverişli iqlimi olduğunu görən Əmir Teymur şəhəri imperiyasının mərkəzi edir və onun idarəçiliyi dövründə şəhər qızıl əsrini yaşayaraq dünyanın incilərindən birinə çevrilir. Bu rəvayətin nə qədər real olduğunu söyləmək çətindir. Amma bir məsələnin dəqiq olması faktdır. Səmərqəndin əlverişli coğrafi mühitdə yerləşməsi və təbii qala rolunu oynaması onun Teymurilərin paytaxtı seçilməsində əsas rol oynayıb.

Teymurləng şəhərin ətrafına böyük divarlar çəkdirir və yeni küçələr saldırır. Dünyanın dörd bir yanından Səmərqəndə gətirilmiş sənətkarlar şəhərdə memarlıq möcüzəsi sayılacaq binalar tikirlər. Teymurilərin dövründə tikilmiş bu tikililər Səmərqəndi dünyanın arixitektura incisi olan Misir, Çin, Hindistan, Yunanıstan və Roma ilə bir sıraya qoyur. Səmərqəndin tarixi adlandırılan hissəsi xüsusi ilə qorunur. Həmin memarlıq inciləri şəhərin tarixi hissəsində yerləşir və turistlərin səfərləri də elə bu hissəyə təşkil edilir. Əmir Teymurun taxtda oturmuş nəhəng heykəli şəhərin məhz tarixi hissəsinin girişindədir. Teymurləng taxtında oturaraq saldığı möhtəşəm şəhərə baxdığı formada canlandırılıb. Səmərqəndin əhalisi 500 mindən bir az çoxdur. Şəhərdə 100-dən çox xalqın nümayəndələri yaşayır. Səmərqənd əhalisinə görə Özbəkistanın üçüncü ən böyük şəhəri sayılır. Şəhər 1925-30-ci illərdə Özbəkistan SSRİ-nin paytaxtı olub.

Nadir şah Teymurləngin qəbirüstü daşını niyə Məşhədə aparmışdı?

Əmir Teymur və Teymurilərin dəfn olunduqları Qur-Əmir türbə-kompleksi turistlərin marağını ən çox çəkən məkanlardan biridir. Əmir Teymurun qara nefrit daşından hazırlanmış qəbirüstü daşı haqda çoxlu rəvayətlər var. Əfsanəyə görə, nefrit daşı Uluqbəyin döyüşçüləri tərəfindən Çin imperatorunun sarayından gətirilib. Çinlilər nefrit daşının güc mənbəyi olduğu inancında idilər. Monqollar çinlilərin bu inancını mənimsəmişdilər. Uluqbəy Çin sarayından gətirilən nefrit daşından monqol hökmdarları üçün taxt hazırlatmışdı. Teymurləngin ölümündən bir qədər sonra həmin nefrit onun qəbirüstü daşı oldu. 1740-cı ildə Nadir şahın Buxara xanlığını fəthindən sonra Teymurun qəbirüstü daşı Məşhədə aparılmışdı. Nadir şahın həmin nefrit daşının Məşhəddə müqəddəslərdən birinin qəbrinin üstünə yerləşdirməyi düşünürdü. Lakin sonradan ruhanilər onu Əmir Teymurun qəbirüstü abidəsinin yerinə qaytarılmalı olduğunu inandıra bilmişdilər. Nefrit daşı Məşhədə çatdırıldığı günün səhərisi geri qaytarılmışdı. Amma yolüstü çayı keçərkən Əmir Teymurun qəbirüstü daşı çaya düşərək iki yerə parçalanmışdı. Sənətkarlar ustalıqla ikiyə bölünmüş daşı birləşdirərək Əmir Teymurun qəbri üstünə yerləşdirmişdilər. Həmin daş indi də Qur-Əmirdə Teymurləngin qəbrini bəzəyir.

Şahi-Zindənin divarlarını bəzəyən azərbaycanlı rəssamların əsərləri

İslam peyğəmbəri Məhəmmədin əmisi oğlu və İslamı müasir Özbəkistan ərazisinə gətirən şəxsin adına olan türbə. Şahi-Zindənin Qusam ibn Abbasın türbəsi olduğuna inanılır. Şahi-Zində haqqında çoxlu əfsanələr mövcuddur. Ancaq bizi bu əfsanələrdən daha çox türbənin memarlıq baxımından əhəmiyyəti və azərbaycanlı sənətkarların bu kompleksin tikintisində rolu maraqlandırırdı. Ekskursiyada iştirak edən gidlər türbələrdən birinin daxili divarındakı rəsmlərin azərbaycanlı rəssamlara məxsus olduğu haqda İtaliya və İspaniyadan gəlmiş turist qrupuna məlumat verirdilər.

Səmərqəndin incisi - Registan

Registan Səmərqənddə yerləşən tarixi meydandır. Bura da turistlərin axın etdiyi məkanlardan biridir. Registan UNESCO-nun Ümumdünya irsi obyektləri siyahısındadır. Registanı XV-XVII əsrin arxitektur nümunələri bəzəyir. Meydanın mərkəzində 1417-1420-ci illərdə tikilmiş Uluqbəyin mədrəsəsi yerləşir. Meydanın kənarlarında isə XVII əsrdə tikilmiş Şerdor və Tillə-Kəri mədrəsələri yerləşir. Registan meydanın çox güclü energetikası var. Burada olanda XV əsr Şərq dünyası sehrinə düşürsən. Çünki Uluqbəy mədrəsəsi XV əsrdə müsəlman Şərqinin ən yaxşı dini universitetlərindən sayılıb. Mədrəsənin divarları arxasında dini dərslərlə yanaşı, riyaziyyat, təbiət elmləri, məntiqdən mühazirələr oxunub. Mühazirə deyən şəxslər arasında məşhur şair, sufi şeyxi, filosofu Əbdürrəhman Cami, XV əsrin ən məşhur astronomu, riyaziyyatçısı, Uluqbəy rəsədxanasının rəhbəri ibn Məsud əl Kaşi kimi şəxslər olub.

Sevimli həyat yoldaşının Əmir Teymura hədiyyəsi - Bibi xanım məscidi

Səmərqəndin ən yaddaqalan yerlərindən biri də Bibi xanım məscididir. Məscid Əmir Teymurun sevimli həyat yoldaşı tərəfindən ona Hindistan fəthinə hədiyyə olaraq tikilib. Həyat yoldaşı Saray Mülk xanım Teymurləngə Hindistan səfərindən geri dönəndə məscidi tikdirərək sürpriz etməyi planlaşdırıbmış. Tikinti işləri o qədər sürətlə aparılıb ki, tikilinin arxitektur hesablanması düzgün həyata keçirilməyib və əsrlər keçdikdən sonra Bibi xanım məscidi dağılmağa başlayıb. Lakin Özbəkistan hökuməti bu sənət incisini bərpa edə bilib. İndi Bibi xanım məscidi öz əzəməti ilə turist və yerli sakinləri heyran edir.

Səmərqənd təəssüratlarım o qədər böyükdür ki, bunu bir yazıya sığdırmaq qeyri-mümkündür. Əslində əfsanəvi Səmərqəndin gəzməli yerləri o qədər idi ki, həmin məkanları gəzib bitirmək üçün insana günlər deyil, bəlkə də, həftələr, aylar lazım olardı. Müqəddəs Daniyarın məzarı, Qırx-qız, Şahi-Zindənin pilləkənləri haqda da ayrıca yazı yazmaq olardı. Amma nə qədər yazılar yazılsa da, bu, Əmir Teymurun ucsuz-bucaqsız imperiyasının paytaxtı olmuş Səmərqəndi tərif etmək üçün kifayət etməzdi.

P.S. Səmərqənd küçələrində, bazarında gəzdiyimiz müddətdə bir məqam xüsusi ilə diqqətimizi çəkdi. Yerli sakinlər azərbaycanlıları çox sevir və Azərbaycanla bağlı hər şeyə böyük ehtiram, sayğı ilə yanaşırlar. Heç şübhəsiz ki, onlar həmyerlilərimizin əzəmətli Səmərqəndin qurulmasında böyük rollarının olduqlarından xəbərsiz deyillər. Axı özbəklər öz tarixlərini çox yaxşı bilirlər.

Azad ƏLİYEV

Son xəbərlər