Sarıcada suyu satanlar kimdir? - ŞİKAYƏT
Yeniliklərdən dərhal xəbərdar olun
Şəkinin Sarıca kəndinin sakinləri artıq bir həftədir ki, susuzluqdan əziyyət çəkirlər.
Bu barədə kənd sakinləri BAKU.WS-in “qaynar xətt”inə şikayətlərində bildiriblər.
Kənd sakini Ramin Şaldmanov deyir ki, kənd sakinləri olaraq dəfələrlə Bələdiyyə və su təsərrüfatı qurumlarına müraciət ediblər. Cavab isə sakinləri qane etməyib.
“Hər dəfə deyirlər, "gözləyin, sabah su olacaq". Suyu başqa kəndlərə və torpaq sahiblərinə satırlar. Biz isə susuz qalmışıq. Əkin sahələrimizi suvara bilmirik. Vəziyyət çox ağırdır”, - deyə Ramin Şaldmanov bildirib.
Məsələ ilə əlaqədar Sarıca kənd Bələdiyyəsinə müraciət etdik. Bələdiyyə sədri Sahib Əliyev BAKU.WS-ə açıqlamasında bildirdi ki, həqiqətən də, 5 gündür, kənddə su yoxdur. Səbəb isə odur ki, aşağı kəndə su verilir, ona görə də bu kəndə su vermək mümkün olmur.
“Sudan İstifadəedənlər Birliyinin nümayəndəsi ilə danışmışam. Bildiriblər ki, bu gün su veriləcək”, - deyə Sahib Əliyev bildirib.
Məsələyə aydınlıq gətirmək üçün Sudan İstifadəedənlər Birliyi ilə əlaqə yaratdıq. Birliyin nümayəndəsi Rza Əzizov BAKU.WS-ə açıqlamasında bildirdi ki, su olmadığı üçün əhali də susuz qalıb.
“Bu gün çalışacağıq, həmin kəndə su verilsin. Sakinlərin suyun satılması ilə bağlı səsləndirdiyi iddia isə doğru deyil. Sadəcə yağışlar yetərincə olmadığı üçün su verilişində fasilələr olur. Yağış yağmayanda sakinlər də susuz qalır”, - deyə Rza Əzizov bildirib.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov BAKU.WS-ə bildirib ki, əgər mənbədə su olursa, əhaliyə su verilir.
“Şəkidə su anbarlarına su toplanır. Çalışırıq, vətəndaşlara izah edək ki, su mənbələri olan ərazilərdə əkin etsinlər. Digər qurumlarla birgə işlər görürük”, - deyə Dilqəm Şərifov bildirib.
Deyilənlərdən belə başa düşülür ki, Şəki sakinləri suya həsrət qalmamaq üçün qədim zamanlardakı kimi yağış duaları etməlidirlər.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...