Prezident yeni açılan metro stansiyada (FOTO, VİDEO)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Bakı Metropoliteninin yeni - bənövşəyi xəttinin "Avtovağzal” və "Memar Əcəmi” stansiyalarının açılışında iştirak edib.
"Avtovağzal” stansiyasının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Bakı Beynəlxalq Avtovağzal Kompleksinə metro xəttinin çəkilməsi ilə bağlı tapşırığı Prezident İlham Əliyev 2008-ci ildə metronun "Nəsimi” stansiyasının açılışı zamanı vermişdi.
"Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov dövlətimizin başçısına Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi barədə məlumat verdi. Konseptual inkişaf sxemi Bakı Metropoliteninin mövcud infrastrukturunun 2030-cu ilədək mərhələlərlə genişləndirilməsini və nəhəng yeraltı nəqliyyat şəbəkəsinin yaradılmasını nəzərdə tutur. Bu da Bakı Metropoliteninin gələcəkdə 2-si mövcud və 3-ü əlavə olmaqla 5 xətdən, 76 stansiyadan və 119 kilometr uzunluğunda yeraltı yollardan ibarət ümumi şəbəkəsinin yaradılması deməkdir. 2030-cu ilədək 53 yeni stansiya inşa ediləcək.
Dövlətimizin başçısı "Avtovağzal” stansiyasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə yaxından tanış oldu.
Tikintisinə 2009-cu ilin sentyabrında başlanılan stansiyanın layihə işləri "Bakımetrolayihə” İnstitutu tərəfindən yerinə yetirilib. Layihəyə əsasən, "Avtovağzal” stansiyası platformadan, 2 vestibüldən, 8 çıxışdan, havalandırma keçidindən, vestibüllərin üzərində quraşdırılmış iki piramidadan ibarətdir. Stansiya kompleksinin ümumi uzunluğu 560 metrə yaxındır. Yeni xətdə yaradılan həm "Avtovağzal”, həm də "Memar Əcəmi” stansiyalarının platformalarının uzunluğu 144 metrdir. Bu isə platformaya əvvəlki stansiyalarda olduğu kimi 5 deyil, 7 vaqonun daxil olmasına imkan yaradır. Stansiya və keçidlərdə müxtəlif hündürlüklü 20 eskalator, çıxışlarda isə 8 travelator qoyulub. Fiziki imkanları məhdud insanların istifadəsi üçün burada lift quraşdırılıb.
Biləcəri qəsəbəsində yaşayan sakinlərin rahatlığını təmin etmək üçün Bakı-Sumqayıt avtomobil yolunun altından keçid inşa edilib. Bakı Beynəlxalq Avtovağzal Kompleksinə isə iki keçid quraşdırılıb. Digər beş çıxış isə "Avtovağzal” stansiyası kompleksinin ərazisində yerləşir.
Sonra Prezident İlham Əliyev qatarla "Avtovağzal” stansiyasından "Memar Əcəmi” stansiyasına gəldi.
"Avtovağzal”–”Memar Əcəmi” mənzil tunellərinin və "Memar Əcəmi” stansiyasının layihə işləri dünyanın aparıcı şirkətləri tərəfində həyata keçirilib. Tunellərin inşası üçün hazırlıq işlərinə 2011-ci ilin fevralında, tikintisinə isə həmin ilin sentyabrında başlanılıb. Podratçı təşkilat tərəfindən tunellərin tikintisi ilə yanası, tunellərarası 8 təxliyyə keçidi və 2 havalandırma şaxtası inşa edilib.
Dövlətimizin başçısına məlumat verildi ki, burada təmir-tikinti işləri yüksək keyfiyyətlə yerinə yetirilib, stansiya ən müasir tələblərə cavab verir. "Memar Əcəmi” stansiya kompleksinin ümumi uzunluğu 168,5 metrdir. Burada üç çıxış yaradılıb. Ümumi sahəsi 12 min kvadratmetrə yaxın olan stansiyada və çıxışlarda 17 eskalator quraşdırılıb. Burada, həmçinin fiziki imkanları məhdud insanlar üçün də liftlər var. Hər iki stansiyanın inşası zamanı əsasən yerli xammaldan istifadə olunub. Şəhər əhalisi üçün mühüm əhəmiyyət daşıyan metropolitenin genişləndirilməsi, yeni stansiyaların açılması, qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər son illər ardıcıl olaraq həyata keçirilir ki, bu da metro nəqliyyatında keyfiyyətin yüksəldilməsi ilə nəticələnib.
BAKU.WS
Oxşar xəbərlər
"Avtovağzal" stansiyasının yeni görüntüsü (FOTO)
Bu gün açılan "Avtovağzal" stansiyasının yeni görüntüləri yayılıb. BAKU.WS-in məlumatına görə, Avtovağzal metrostansiyasının inşasına hələ 2009-cu ildə başlanı...