Koronavirusla mübarizədə səhiyyəmiz maksimum güclə çalışır - Biz üzərimizə düşəni edirikmi?
Koronavirus hələ dünya üzrə pandemiya elan edilməmişdən Azərbaycanda bu virusun qarşısının alınması və müalicə üçün xəstəxanaların hazır vəziyyətə gətirilməsinə başlanılmışdı.
BAKU.WS xəbər verir ki, ilkin mərhələdə ölkə üzrə 20-yə yaxın xəstəxana koronavirus xəstəxanalarının müalicəsi üçün ayrılmışdı. Son zamanlarda yoluxma tempinin yüksəlməsi səbəbindən bəzi xəstəxanalar da bu siyahıya əlavə edildi.
Bundan başqa, artıq 4 modul tipli xəstəxana da istifadəyə verilib və daha 6-sı da istifadəyə veriləcək. Ümumilikdə, 10 modul tipli xəstəxananın, onlardan ikisinin Bakıda, səkkizinin isə bölgələrdə açılması planlaşdırılır. Bunlardan 6-nın inşası büdcədən, 4-nün inşası isə özəl qurumlar hesabına maliyyələşdirilir.
Həyata keçirilən tədbirlər sayəsində xəstəxanalarda xəstələri qəbul etmək imkanları xeyli genişləndirildi. Xüsusi rejimli xəstəxanalarda 5000-dən çox çarpayı var və modul tipli xəstəxanalarda 2000-ə qədər çarpayı fondu olacaq. Ümumilikdə 7 mindən çox çarpayı fondu yaranacaq. Hazırda isə Azərbaycanda 5878 aktiv xəstə var və onların müalicəsi xəstəxanalarda davam etdirilir.
Xəstə sayı artsa belə hökumətdən dəfələrlə bildirilib ki, xəstəxanalarda xəstə qəbulu üçün şərait mümkün olacaq.
Amma burada bir məsələ var. Ölkənin imkanları nə qədər geniş olsa da, tükənməz deyil. Hazırda əsas məqsəd daha çox xəstəyə xidmət göstərmək deyil, əksinə olaraq xəstə sayının azalması və yoluxmanın qarşısını almaqdır.
Hökumət tərəfindən hər zaman əhaliyə edilən müraciətdə qeyd edilir ki, insanlar sosial və gigiyenik qaydalara riayət etmədiyi müddətdə yoluxma artacaq. Yoluxma sayı artdıqca həm xəstəxanalar dolacaq, həm də xəstələrə xidmət edəcək tibbi personal sayında yetərsizlik olacaq. Yəni, səhiyyəmizin bir yerə qədər limiti var.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, əvvəldən baş verənlər daha uzunmüddətli məhdudiyyətlərin tətbiqinə hazırlıq proseslərini sürətləndirirdi:
“Çarpayı fondu kifayət qədər var idi. Adətən xəstəxanaların çarpayı fondunun 15%-i reanimasiya şöbəsi üçün nəzərdə tutulurdu. Xəstələrin böyük hissəsinin oksigenə ehtiyacı yaranıb. Xəstəxanaların oksigen sistemi bu qədər sayda xəstəyə hesablanmayıb. Ölkəyə xeyli miqdarda oksigen generatorları gətirilib”.
Bundan başqa, 20-yə yaxın laboratoriyanın imkanları genişləndirildi, dərman və tibbi ləvazimat bazası gücləndirildi. Əhalinin və tibbi personalın qoruyucu və dezinfeksiyaedici vasitələrlə təminatı üçün Azərbaycanda bir neçə zavod istifadə edildi.
Hazırda xəstə qəbulu, karantin yerləri, dərman və tibbi ləvazimat, reanimasiya şəraitində müalicə, tibbi personal, qoruyucu vasitələr və digər imkanlar baxımından səhiyyəmiz üzərinə düşən məsuliyyəti yerinə yetirə bilir.
Bəs biz əhali olaraq öz üzərimizə düşəni edirikmi? Nəzərə alaq ki, mayda karantin tədbirləri yumşaldıqdan sonra yoluxma sayı sürətlə artmağa başladı. İndi 7-8 rayon və şəhərdə 2 həftəlik sərt karantin rejiminin tətbiq edilməsinə zərurət yarandı. Buna da səbəb məhz göstərişlərə, sosial məsafə və gigiyena qaydalarına riayət edilməməsi oldu. Həmçinin koronavirusa inanmayanlar da bu işdə ciddi rol oynadılar. Onların sosial çağırışları insanlarda arxayınlıq yaratdı və nəticə, çox təəssüf ki, ağır oldu.
İlk başlarda “Virusa yoluxan bir nəfəri niyə tanımırıq?” deyənlər indi yaxın ətrafında ən azı 1 nəfəri tanıyan vəziyyətə gəldilər. Odur ki, indi hər bir şeyi kənara qoymalı və özümüzü, yaxınlarımızı qorumağa çalışmalıyıq.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov deyib ki, hələ də cəmiyyətdə həqiqətən koronavirusun olub-olmaması barədə suallara rast gəlirik. Azərbaycan əhalisinin bir hissəsinin koronavirusa inanmadığı halda daha ciddi problemlərlə üz-üzə qala bilərik. Azərbaycan vətəndaşları hamılıqla bunu dərk etməli və mübarizə aparmalıdır:
"Səhiyyə ləvazimatlarını nə qədər artırsaq da, bu, effektli deyil. 50 faiz xəstələri itirmək təhlükəsi ilə üzləşə bilərik. Bu qədər məlumat əlimizdə varkən bu məsələdə həssas olmalıyıq. Azərbaycan cəmiyyətinin böyük bir hissəsi pandemiyanın olduğunu qəbul edənə qədər yenidən qadağalara geri dönmələrlə qarşı-qarşıya qala bilərik. Bu xəstəliklə birlikdə mübarizə aparmalıyıq. Həkimlərimiz aylardır dayanmadan xəstəliklə mübarizə aparır. Bu reallığa görə biz özümüz-özümüzü qorumalıyıq. Gələcəyimizə münasibətdə məsuliyyətli olmalıyıq. Biz dünyada bu problemin həll olunmasına inanmalı və mətin addımlarla irəliləməliyik”.
Bu gün dünyanı təşvişə salan bu dəhşətli virusdan ən yaxşı qorunma yolu özünütəcriddir. Yalnız məsuliyyətli, vicdanlı olmaqla, gərəksiz yerə evdən çölə çıxmamaqla, özünütəcrid qaydalarına əməl etməklə bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik. Durumun nə qədər riskli olduğunu anlamaq lazımdır. Bu çətin və təhlükəli dövrdə həyatımızı, gündəlik vərdişlərimizi evlərə sığdırmağa çalışaq. Çünki hazırda ən təhlükəsiz yer elə öz evimizdir. Evimizdə qalaq, sağlam qalaq!
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...