İllər öncənin Novruz ab-havası: Keçmiş ənənələr bu gün necə yaşayır?
Bir papağın içində yalnız qoz-fındıq, şirniyyat yox, həm də uşaqlıq gizlənirdi. Gizlənib gülən uşaqlar, qapı arxasında qalan həyəcan indi xatirəyə çevrilib. Amma Novruz gələndə bu ənənə yenə də qapıları döyür.
Novruz - baharın gəlişi, yeni başlanğıclar və uşaqlıq xatirələrinin yenidən canlandığı ən doğma bayramlarımızdan biridir. Bu bayram həm də şən adət-ənənələri ilə yadda qalır. Tonqal, səməni, qapı pusmaq… və əlbəttə ki, papaq atmaq. Qapı döyülür… Açırsan - heç kim yoxdur. Bir anlıq çaşırsan, sonra baxırsan ki, astanada bir papaq var. Bu mənzərəni xatırlayanlar deyirlər ki, içindən nə çıxacağını gözləməyin həyəcanı, dostlarla gizlənib gülmək bu anları daha da unudulmaz edirdi.
BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Bəs bu ənənə bu gün də əvvəlki kimi yaşayırmı? Kimlər papaq atıb, kimlərin papağı boş qayıdıb? Bu suallara cavab tapmaq üçün müxtəlif sahələrdən olan müsahiblərə üz tutduq.
"Uşaqlıq xatirələri bu bayramın əsas yaddaş qatıdır"
Millət vəkili Fazil Mustafa bu məqamı belə xatırlayır: "Novruz bayramı müstəqillikdən əvvəlki dövrdə bizim üçün daha fərqli və xüsusi mahiyyət daşıyırdı. Bu, bir növ xalqın özünüifadəsinin və identifikasiyasının tərkib hissəsi idi".
Millət vəkili bildirir ki, uşaqlıq xatirələri bu bayramın əsas yaddaş qatıdır: "Uşaqlıq xatirələrim kifayət qədər zəngindir. Yumurta döyüşdürməkdən tutmuş, ilaxır çərşənbədə səhər tezdən uzaq məsafə qət edib Naxçıvan çayına getmək, orada su ilə üz yuyub geri qayıtmaq kimi adətlər vardı. Mənim üçün ən maraqlı məqamlardan biri yumurta döyüşdürmək idi. Bəzən məhəllədə "xuliqan" saydığımız uşaqlar müxtəlif üsullarla yumurtanı daha möhkəm edirdilər və onlarla yarışmaq çətin olurdu. Papaq atmaq daha çox məhəllə mühitində kollektiv şəkildə həyata keçirilən bir adət idi. Uşaqlar birləşib qapıları döyür, papaq atırdılar. Bəzi evlərdə papağın içinə meyvə və şirniyyat qoyulurdu, bəzi hallarda isə buna o qədər də müsbət yanaşılmırdı. Yəni hər kəsin bu adətə münasibəti fərqli idi".
Fazil Mustafa əlavə edir ki, əslində, Novruzun özü bütövlükdə bir xatirədir. Bu ənənələrin əvvəlki kimi yaşadılması bu gün bir qədər çətinləşib. İndi bir çox məqamlar adiləşib, lakin Novruzun gələcək nəsillərə ötürülməsi vacibdir.
"Bir gün ərzində 18 yumurta udduğumu xatırlayıram"
Novruzun digər tərəfi isə kollektiv yaddaş və şənliklə bağlıdır. "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bu ab-havanı belə təsvir edir: "İlaxır çərşənbədə tonqallar qalayar, odun üzərindən atlanardıq, ailələr bir araya gələrdi. "Kosa-keçəl" qrupları ev-ev gəzər, kiçik tamaşalar göstərər, sovqat toplayardı. Qohumlar bir-birinə gedər, bayram payı aparardı. Ən sevdiyim ənənə yumurta döyüşdürmək idi. Yumurtalar əvvəl yoxlanar, sonra yarış başlanardı. Udan tərəf uduzanın yumurtasını götürərdi. Bir gün ərzində 18 yumurta udduğumu xatırlayıram".
Elman Cəfərli bildirir ki, onların yaşadığı bölgədə papaq atmaqdan daha çox "torba sallamaq" ənənəsi yayılıb və bu adətin kökləri qədim dövrlərə gedib çıxır: "Axır çərşənbə günü biz "torba sallayardıq". Biz papaq atmazdıq, pəncərəni döyüb torbanı içəri atardıq. Bu adət qədimdə damdan torba sallamaq ənənəsindən yaranıb. Təxminən 100-150 il əvvəl evlərin damında baca olurdu və torba oradan içəri sallanardı. Küçəmizdə Cahid adlı bir kişi yaşayırdı. Həyətində çoxlu heyvan saxlayır, iki iri it bəsləyirdi. Bir dəfə papaq atmağa gedəndə itlərlə qarşılaşdıq. Qorxudan qaçdıq və torbamız da orada qaldı. O anın həyəcanı və qorxusu uzun müddət yaddaşımızdan silinmədi".
E.Cəfərlinin sözlərinə görə, bu ənənələr təkcə əyləncə deyil, həm də sosial münasibətlərin bir hissəsi idi: "Bayram günlərində qohumlar bir-birinə gedər, sovqat aparardı və bu gediş-gəliş martın 22-dək davam edərdi. Uşaqlar üçün isə papaq atmaq və ya torba sallamaq sadəcə oyun deyildi - bu, həm də paylaşmaq, ünsiyyət qurmaq və bayram sevincini bölüşmək idi. Təəssüf ki, bu gün bir çox Novruz ənənələri unudulub. Şəhərlərdə bayram əvvəlki kimi qeyd olunmur, əsasən tonqal və papaq atmaq qalıb. Yumurta döyüşdürməyə də nadir hallarda rast gəlinir".
"Özümüz sadə "atəşfəşanlıq" vasitələri düzəldirdik"
Yazıçı Elçin Hüseynbəyli isə Novruzun kənd mühitində daha dolğun yaşandığını deyir: "Bizim tərəflərdə - Cəbrayılda, Arazboyunda Novruz çox təmtəraqla qeyd olunurdu. Məhəllədə qalanan böyük tonqallar, gecəyə qədər davam edən şənliklər bu gün də yaddaşımdadır. Yumurta boyamaq və döyüşdürmək bayramın ayrılmaz hissəsi idi. Hətta özümüz sadə "atəşfəşanlıq" vasitələri düzəldirdik. Bayram axşamları o qədər gur keçirdi ki, bugünkü atəşfəşanlıq onun yanında sönük görünərdi".
E.Hüseynbəyli bildirir ki, Novruz bayramında, xüsusən də ilin axır çərşənbəsində papaq atmayan adamı təsəvvür etmək çətindir: "Hamımız papaq atırdıq və bu, sırf maraqdan irəli gəlirdi. Ən kasıb evdə belə bayramlıq olurdu. Papaqlara qoz, şabalıd, fındıq, qovurğa qoyurdular. Ən çox xoşuma gələn qaynadılıb qovrulmuş noxud idi".
Yazıçının fikrincə, bu gün şəhər mühitində həmin coşqu zəifləyib: "Bu gün bəzi ənənələr arxa plana keçsə də, qapı döyüləndə və uşaqlar papaq atanda yenə sevinirəm".
"Topladığımız sovqatları ona aparırdıq"
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Novruzun sosial və mənəvi tərəfini önə çəkərək bildirir ki, bu bayram insanların yaddaşında xüsusi iz buraxır: "Mənim üçün də Novruz ən doğma bayramlardan biridir. Uşaqlıq illərində tonqal qalamaq və papaq atmaq ən yaddaqalan məqamlardan idi. Papaq atmaq həm də xalqımızın qonaqpərvərliyini və əliaçıqlığını göstərirdi. Biz də bu ənənələrdə iştirak edirdik və bundan böyük zövq alırdıq. Uşaqlıq xatirələrimdə xüsusi yer tutan məqamlardan biri qonşuluqda tək yaşayan yaşlı bir xanımla bağlıdır. Biz papaq atdıqdan sonra topladığımız sovqatları ona aparırdıq. Bu, sadə görünsə də, əslində böyük mənəvi dəyər daşıyırdı".
Oxşar xəbərlər
Dövlət Gömrük Komitəsində qadın şöbə rəisi TƏYİN EDİLDİ
Dövlət Gömrük Komitəsinin Xidmət Keyfiyyətinə Nəzarət İdarəsində yeni təyinat olub. BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, 37 yaşlı Şəfəq Həsənəlizadə idar...