FHN vətəndaşlara ev payladı (FOTO)
Bu gün Qusar rayonunun Urva kəndi ərazisində torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş sakinlər üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa edilmiş 15 fərdi yaşayış evi istifadəyə verilib. Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, evlərin təhvil verilməsi münasibətilə təşkil olunmuş mərasimdə FHN-in əməkdaşları, Qusar rayon İcra Hakimiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi polkovnik-leytenant Şahin Mirzəyev Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü sosial siyasət nəticəsində hər bir azərbaycanlının həyat səviyyəsinin yüksəldiyini bildirib. O, təbii fəlakət nəticəsində evləri zərər görmüş kənd sakinləri üçün istifadəyə verilmiş mənzillərin buna bariz nümunə olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Qusar rayonu Urva kəndində 2009-cu ildə baş vermiş torpaq sürüşməsinin 2010-cu ildə yenidən aktivləşməsi nəticəsində evlər qəzalı vəziyyətə düşüb. Kənd rayon mərkəzindən 10 kilometr uzaqlıqda və dəniz səviyyəsindən 1100 metr yüksəklikdə yerləşdiyindən tikinti materiallarının daşınması zamanı, xüsusilə payız-qış aylarında bəzi çətinliklər yaranmışdır. Buna baxmayaraq FHN-in əməkdaşları tikinti işlərini vaxtında və uğurla başa çatdırıblar. Yeni tikilmiş 15 evin inşaat işləri yüksək səviyyədə həyata keçirilmiş və müasir tələblərə tam cavab verir. Kənd sakinləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıq ediblər. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakı sakinləri üçün xoş xəbər (FOTO)
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Şabran rayonunun Gəndob kəndi ərazisindən Bakı şəhəri istiqamətinə doğru olan 11 kilometrlik hiss...