FHN-nin yaradılmasının 17-ci ildönümü münasibətilə təntənəli iclas keçirilib - FOTO
16 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 17-ci ildönümü və işçilərinin peşə bayramı münasibətilə Nazirliyin inzibati binasında təntənəli iclas keçirilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Əvvəlcə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Nazirliyin kollektivi Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri qoyulub.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin inzibati binasında keçirilən iclas Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda çıxış edən nazir Kəmaləddin Heydərov 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm tarixi Zəfərin ikinci ildönümü, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 17-ci ildönümü və peşə bayramı münasibətilə şəxsi heyəti təbrik edərək uğurlar arzulayıb.
Nazir Kəmaləddin Heydərov bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəfffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin qazandığı misilsiz nailiyyətlər ulu öndər Heydər Əliyevin onilliklər ərzində gələcək inkişaf üçün formalaşdırdığı möhkəm təməllərdən güc alır. 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəmiz isə bunu bir daha təsdiqləyib: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman, igid əsgər və zabitlərimiz Qarabağı işğaldan azad edib. Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın işğaldan azad olunması Heydər Əliyevlə başlanan, İlham Əliyevlə davam edən inkişaf strategiyasının, yüksəliş siyasətinin parlaq məntiqi nəticəsidir. Döyüş meydanında göstərilən əzmkarlıq, liderlik iradəsi bu gün azad torpaqlarımızda aparılan bərpa-quruculuq işləri ilə davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə düşməndən təmizlənmiş ərazilərimiz sürətlə yenidən qurulur, dirçəldilir, bu torpaqlara həyat gətirilir”.
Nazir bildirib ki, cari il ərzində ölkə başçısının tapşırıqlarına və Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq Fövqəladə Hallar Nazirliyi əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələrinin öhdəsindən layiqincə gəlib. Bu çərçivədə, qeyd olunub ki, FHN tərəfindən işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işləri fasiləsiz olaraq davam etdirilib, baş verən yanğınların operativ müdaxilə sayəsində söndürülməsi təmin olunub. Həmçinin, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma layihələri ilə bağlı Fövqəladə Hallar Nazirliyinin təhlükəsizliyə məsul aidiyyəti nəzarət qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilib.
Ölkə başçısının diqqət və qayğısı sayəsində işğaldan azad olunmuş ərazilərdə Nazirliyin qurumlarının texnika parkının zənginləşdirilməsi ilə əlaqədar ciddi tədbirlər görülüb. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin cari ilin 9 dekabr tarixində Fövqəladə Hallar Nazirliyi tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalarla şəxsən tanış olması Nazirliyin şəxsi heyəti üçün böyük qürurverici haldır.
Nazir K.Heydərov vurğulayıb ki, cari il ərzində də yanğından mühafizə sahəsində əməliyyat şəraiti diqqət mərkəzində saxlanılıb, yanğın hadisələrinin qarşısı çevik surətdə alınaraq yayılmasına və ağır fəsadlarla nəticələnməsinə imkan verilməyib. Belə ki, cari ildə respublikada 15810, o cümlədən Bakı şəhərində 4118, işğaldan azad olunmuş ərazilərdə isə 308 yanğın hadisəsinə çıxış qeydə alınıb. Onlardan cəmi 9 yanğın yüksək saylı çağırışla söndürülüb. Hər gün orta hesabla 48 yanğına çıxış qeydə alınıb. Meşə sahələrində 44 yanğın hadisəsi baş verib. Pambıq sahə və məntəqələrində 19 yanğın zamanı cəmi 3 ton pambıq yanıb, 452 ton pambıq yanğından mühafizə olunub.
Ümumilikdə, yanğınların söndürülməsi zamanı 75 dövlət obyekti, 390 özəl obyekt, 305 çoxmənzilli bina, 536 fərdi ev, 458 yardımçı tikili, 288 ədəd müxtəlif təyinatlı texnika mühafizə olunub, 90 nəfərin həyatı real təhlükədən xilas edilib. Baş vermiş yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq 1169 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.
Qeyd olunub ki, cari il ərzində müxtəlif mövzularla, o cümlədən yanğın, partlayış, avtoqəza və digər məsələlərlə bağlı Nazirliyin “112” qaynar telefon xəttinə ümumilikdə 2,5 milyona və ya günə 7000-ə yaxın zəng daxil olub, daxil olan müraciətlərə operativ olaraq reaksiya verilməsi təmin edilib.
Yanğın nəzarəti məqsədilə sosial, sənaye, nəqliyyat, rabitə, kənd təsərrüfatı obyektlərində, xidmət sahələrində və digər təyinatlı 68 mindən artıq obyektdə yanğın-tехniki müayinələr aparılıb, aşkar еdilmiş çatışmazlıqların aradan qaldırılması üçün оbyеkt rəhbərlərinə və sahiblərinə 439 mindən artıq tələbi özündə əks etdirən tələbnamə məktubları vеrilib. Eyni zamanda, 93 min vətəndaş, həmçinin 95 min fəhlə və qulluqçu yanğın təhlükəsizliyi barədə təlimatlandırılıb.
Xüsusi riskli xilasetmə qrupları yol-nəqliyyat qəzası, silah-sursat aşkarlanması, intihara cəhdin qarşısının alınması, mənzildə köməksiz vəziyyətdə qalma, liftdə qalma və s. xarakterli olmaqla 1423 müxtəlif axtarış və qəza-xilasetmə əməliyyatlarında iştirak ediblər. Fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 463-ü uşaq olmaqla 1667 nəfər zərərçəkmiş xilas edilib, 37 nəfər zərərçəkmişə ilkin yardım göstərilib. Həmçinin, xilasedicilər tərəfindən 92 nəfərin cəsədi deformasiyaya uğramış nəqliyyat vasitələrindən, bağlı qapı arxasından və dağıntılar altından çıxarılıb.
Yanğınsöndürən-xilasedicilər tərəfindən 134 nəqliyyat və digər qəzalara çıxışlar olub, 270 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılaraq ərazi üzrə tibb məntəqələrinə çatdırılıb, həlak olmuş 46 nəfərin cəsədi avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin, 16 partlayış hadisəsi ilə əlaqədar çıxışlar olub, dağıntılar altında qalaraq xəsarət almış 22 nəfər hadisə yerindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Cari il ərzində dalğıc-xilasedicilər tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 120 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 105 nəfər olmaqla cəmi 225 nəfər xilas edilib, nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə suda batmış 58 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan əlavə, təyinatından asılı olmayaraq fiziki və hüquqi şəxslər tərəfindən tikinti işləri aparılan 6970 obyektdə tikinti norma və qaydalarının tələblərinə, layihəyə uyğunluğuna, təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə əməl edilməsi, görülən işlərə texniki və müəllif nəzarətinin təmin olunması ilə əlaqədar tikintiyə dövlət nəzarəti aparılıb.
Neft və qazçıxarma sənayesində, maye və təbii qaz obyektlərində, qazan, qaldırıcı və energetika qurğularında, yerin təkinin mühafizəsi və dağ-mədən nəzarəti sahələrində, kimya, neft-kimya və neft-qaz emalı sənayesində, metallurgiya sənayesində, taxıl məhsulları müəssisələrində, təhlükə potensiallı sənaye avadanlıqlarının istehsalında və emal sənayesində, təhlükəli yüklərin avtonəqliyyat vasitələri, dəmiryolu, hava və dəniz nəqliyyatı ilə daşınmasında, magistral boru kəmərlərində və digər bu kimi sahələrdə işlərin təhlükəsiz görülməsinə nəzarət məqsədilə 2474 müəssisədə 29 mindən artıq təhlükə potensiallı qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib. Həmçinin, 3932 nəfər fəhlə və mühəndis-texniki işçinin texniki təhlükəsizlik qaydaları üzrə bilikləri yoxlanılıb.
Əhalinin və ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin edilməsi və ionlaşdırıcı şüalanma mənbələrinin fiziki mühafizəsinin təşkilinin yoxlanılması məqsədilə tibb, sənaye və elmi-tədqiqat müəssisələrində 162 nəzarət-yoxlama tədbiri, həmçinin radioaktiv mənbələrin idxal-ixrac əməliyyatları zamanı 280 radioaktiv mənbənin eyniləşdirilməsi və dozimetrik nəzarəti həyata keçirilmişdir. Sahibkarların müraciətləri əsasında 84 müəssisəyə radiasiya təhlükəsizliyinin gücləndirilməsi üzrə, 75 müəssisəyə isə qəza hallarına hazırlıq və cavabvermə üzrə tədbirlərin gücləndirilməsi məqsədilə metodiki köməklik göstərilib, 100 tibb müəssisəsində radiasiya təhlükəsizliyi qaydalarına düzgün riayət edilməsi ilə bağlı baxışlar keçirilib. Tərkibində şüalanma mənbəyi olan 524 ədəd müxtəlif qurğu və cihazlar ölkədaxili marşrutlarla nəql edilib, ümumi çəkisi 2100 kiloqram olan radioaktiv maddələrlə çirklənmiş xüsusi və fərdi mühafizə vasitələri dezaktivasiya olunub.
Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, fiziki və hüquqi şəxslərə məxsus 182 kiçikhəcmli gəmi ilkin, 450 kiçikhəcmli gəmi təkrar dövlət qeydiyyatına alınıb, gəmi sahiblərinin müraciətinə əsasən 2199 kiçikhəcmli gəmiyə texniki baxış keçirilib.
Nazir qeyd edib ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq gələn il Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər keçiriləcək.
K.Heydərov əldə olunan bütün nailiyyətlərin müasir Azərbaycan dövlətinin banisi, bütün dövrlərin ən böyük azərbaycanlısı ulu öndər Heydər Əliyevin müəyyən etdiyi mütərəqqi siyasi xətti uğurla davam və inkişaf etdirən ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısının nəticəsi olduğunu xatırladaraq, Fövqəladə Hallar Nazirliyinə göstərdiyi bu münasibətə görə Nazirliyin şəxsi heyəti adından dövlətimizin başçısına dərin təşəkkürünü bildirib. Vurğulayıb ki, ölkə rəhbərliyinin ali etimadını doğrultmaq və əhali və ərazilərin etibarlı mühafizəsini təmin etmək üçün Fövqəladə Hallar Nazirliyi bundan sonra da əzmlə fəaliyyət göstərəcək.
Sonra Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi tərəfindən hazırlanmış və Nazirliyin fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla təltif olunmuş Nazirliyin bir qrup əməkdaşına təltiflər təqdim olunub.
İclasda xidmətdə fərqlənən əməkdaşların həvəsləndirilməsi tədbirləri haqqında fövqəladə hallar nazirinin əmri barədə də məlumat verilib.
Sonda iclas iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət qəbul olunub.
Qalereya
Oxşar xəbərlər
Prokurorluq əməkdaşları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Prokurorluq orqanlarının yaradılmasının 104 illiyi münasibətilə Baş Prokurorluğun, Respublika Hərbi və Bakı Şəhər prokurorluqları orqanlarının kollektivləri okt...