Bu gün doğum günü olan şəhidlər - FOTO

Bu gün doğum günü olan şəhidlər - FOTO
Sosial 780

Vətən müharibəsində canlarından keçərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edən qəhrəman şəhidlərimizdən 14 nəfərin bu gün doğum günüdür.

BAKU.WS Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

“Oxu.az”a istinadən həmin siyahını təqdim edirik:

Əsgər Abdullayev Sənan Şahin oğlu 1998-ci il noyabrın 1-də Bakıda anadan olub. 2005-ci ildən Nərimanov rayonundakı 37 saylı tam orta məktəbdə təhsil almağa başlayıb. Təhsilini başa vurduqdan sonra müddətli həqiqi hərbi xidmətə yollanıb.

Peşəkar kəşfiyyatçı olan qəhrəmanımız sentyabrın 27-də başlayan Vətən Müharibəsinə könüllü olaraq qatılıb.

Vətən müharibəsində döyüş tapşırıqlarını uğurla yerinə yetirən S.Abdullayev oktyabrın 5-də Füzuli rayonunun Seyidəhmədli kəndində şəhid olub. Şəhidimizin meyiti isə noyabrın 1-də, özünün doğum günündə tapılıb və ailəsinə təhvil verilib. Şəhidimiz Sənan Abdullayev II Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Sənan Abdullayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Əsgər Babayev Elman Telman oğlu 1994-cü il noyabrın 1-də Oğuz rayonunun Padar kəndində anadan olub. 2001-ci ildə şəhid Arzu Əliyev adına Padar kənd tam orta məktəbinə gedib. 2012-ci ildə təhsilini başa vurub.

O, 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib.

2020-ci il sentyabrın 27-də Vətən Müharibəsi zamanı Murovdağ uğrunda gedən döyüşlərdə vuruşub. Sentyabrın 29-da Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olub. Oktyabrın 4-də Oğuzun Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidin vətənə əmanət iki övladı yadigar qalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elman Babayev ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

MAHXHHQ əsgər Həsənov Afik Namik oğlu 1 noyabr 1999-cu il tarixdə Qusar rayonu, Böyük Muruq kəndində anadan olub. Böyük Muruq kənd tam orta məktəbini bitirib. 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra MAHXHHQ-u kimi xidmətini davam etdirib.

A.Həsənov 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Murovdağ istiqamətində döyüşüb. 2 oktyabr 2020-ci ildə Goranboy rayonu Buzluq kənd yaşayış məntəqəsi istiqamətində gedən hərbi əməliyyatlarda şəhid olub.

Adı itkin siyahısında olan Afik Həsənovun nəşi yanvar ayının 14-də tapılaraq Böyük Muruq kəndində torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Afik Həsənov ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Əsgər İbrahimov Tofik Polad oğlu 1997-ci il noyabrın 1-də Qusar rayonunun Düztahir kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Tofik İbrahimov oktyabrın 11-də Füzuli rayonu Horadiz kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhidimiz Qusar rayonunda torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Tofik İbrahimov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Əsgər İbrahimzadə Nahid Şahid oğlu 1994-cü il noyabrın 1-də Ağdaş rayonunun Kotavan kəndində anadan olub. 2001-ci ildə Kotavan kənd tam orta məktəbində təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra müddətli həqiqi hərbi xidmətə yollanıb.

Nahid İbrahimzadə 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə yollanan igidlərimiz sırasında olub.

Müharibədə Füzulinin, Hadrutun, Şuşanın işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə savaşıb. Nahid İbrahimzadə noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidimizin vətənə əmanət iki övladı yadigar qalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Nahid İbrahimzadə ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

MAHHXHQ, baş çavuş Məmmədov Şahlar Şahin oğlu 1995-ci il noyabr ayının 1-də Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. O, 2020-ci il sentyabr ayının 27-də başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Şahlar Məmmədov Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib və noyabr ayının 7-də Şuşa döyüşləri zamanı şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Şahlar Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

MAHHXHQ əsgər Murtuzayev Toğrul Tahir oğlu 1997-ci il noyabrın 1-də Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub. O, 2020-ci il sentyabr ayının 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Toğrul Murtuzayev sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Ağdam rayonunda torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Toğrul Murtuzayev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Gizir Qasımov Baba Əhməd oğlu 1989-cu il noyabrın 1-də Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. O, 2020-ci il sentyabr ayının 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Baba Qasımov oktyabrın 21-də Qubadlı döyüşləri zamanı şəhid olub. Astara rayonunda dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Baba Qasımov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Əsgər Qəfərli Samir Möhlət oğlu 1 noyabr 1994-cü ildə Ucar rayonunun Bərgüşad kəndində anadan olub. 2001-ci ildə Ucar rayon Bərgüşad kənd şəhid Ağamusa Mustafayev adına 1 saylı tam orta məktəbdə təhsil alıb. 2012-ci ildə həmin məktəbi bitirib və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsinə qəbul olub.

2019-cu ilin oktyabr ayında Samir Qəfərli müddətli həqiqi hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-dən Vətən müharibəsində iştirak edib. Cəbrayılın, Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Sonuncu dəfə ailəsi ilə 15 oktyabrda əlaqə saxlayıb.

Qəhrəmanımız 30 oktyabr 2020-ci ildə Laçın istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Ucar rayonunun Bərgüşad kəndində, anasının yanında torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Samir Qəfərli ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Əsgər Quluzadə Elmin Şəmsi oğlu 1998-ci il noyabrın 1-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Elmin Quluzadə Sentyabrın 21 könüllü olaraq döyüşə yollanıb. Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edən qəhrəmanımız Ağdam və Tərtər istiqamətində verilən döyüş tapşırıqlarını da uğurla yerinə yetirib.

O, 17 oktyabr tarixində şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz Tərtər rayonunda dəfn edilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Elmin Quluzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

MAHHXHQ əsgər Səfərov Qəşəm Taməddin oğlu 1 noyabr 1997-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Yuxarı Qışlaq kəndində anadan olub. 2004-cü ildə Yuxarı Qışlaq kənd tam orta məktəbinin birinci sinfinə daxil olub, 2012-ci ildə Naxcıvan şəhərində yerləşən Heydər Əliyev adına hərbi liseyin kursantı adını qazanıb. 2015-ci ildə Bakıda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2016-cı ildə keçirilən Ordu birinciliyi krosunda birinci yerə layiq görülüb. 2017-ci ildə həqiqi hərbi xidmətə yollanıb.

2020-ci ilin avqust ayında yenidən orduya qayıdıb. O, Şahbuz rayonunda, N saylı hərbi hissədə MAHHXHQ (əsgər) kimi xidmətə başlayıb. Sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak üçün könüllü olaraq döyüşlərə qatılıb, oktyabr ayının 31-də Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub. Noyabrın 3-də Şahbuz rayonu Yuxarı Qışlaq kənd məzarlığında dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Qəşəm Səfərov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Kiçik gizir Tağıyev Fuad Mərdan oğlu 1996-cı ildə Sabirabad rayonunun Ətcələr kəndində anadan olub. 2014-cü ildə Ətcələr kənd tam orta məktəbini bitirib müddətli həqiqi hərbi xidmətə yollanıb. 2016-cı il Aprel döyüşlərində ön sıralarda döyüş tapşırıqlarını yerinə yetirib.

2019-cu ildə “28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illik yubileyi” münasibəti ilə təltif edilib.

27 sentyabrdan döyüşlərə qatılan kəşfiyyatçı-istehkamçı kiçik gizir Fuad Tağıyev erməni dilini bilən hərbçilərimizdən olub.

O, Füzuli, Cəbrayıl, Zəngilan, Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin, Hadrut qəsəbəsi və tarixi Şuşa şəhərinin azad olunması uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmanlıq göstərib. 12 nəfərlik qrupla birgə “Qırmızı bazar” ərazisində komandanlığın xüsusi tapşırığını yerinə yetirərkən ağır yaralansa da döyüşə davam edib və eyni istiqamətdə aparılan döyüş əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalıb. Sabirabad rayonunun Ətcələr kəndində dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Fuad Tağıyev ölümündən sonra “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib.

Əsgər Xəlilov Fəryad Fəxri oğlu 1999-cu ildə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olub. Cavad Həsənov adına Ağcabədi rayon Hüsülü kənd tam orta məktəbində orta təhsilini alıb. Fəryad Xəlilov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Naxçıvanda yerləşən N saylı hərbi hissədə xidmət edib.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsində vuruşub. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Fəryad Xəlilov Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

27 oktyabr 2020-ci ildə Ağcabədi Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Fəryad Xəlilov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Əsgər Xudayev Yaşar Əli oğlu 1999-cu il noyabrın 1-də Quba şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad uğrunda gedən döyüşlərdə fəal iştirak edib.

Yaşar Xudayev sentyabrın 27-də Göygöl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Quba şəhərində dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Yaşar Xudayev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Son xəbərlər