Əmək Müfəttişliyi hansı hallarda müəssisədə yoxlama apara bilər?
Əmək müfəttişliyi, əmək hüquqlarının və qanunvericiliyin pozulmasının qarşısını almaq və iş şəraitini təkmilləşdirmək məqsədilə həyata keçirilən vacib nəzarət funksiyasını yerinə yetirən bir orqandır.
Müfəttişlik hansı hallarda müəssisələrdə yoxlama apara bilər?
Hüquqşünas Əlövsət Allahverdiyev "Operativ Media"ya bildirib ki, Əmək Müfəttişliyinin mövzu ilə bağlı səlahiyyətləri aşağıdakılardır:
"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamənin 3.1.1-ci bəndinə görə, əmək müfəttişliyi öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən, aşağıda qeyd olunan qanunlara riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirir.
• İşçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi;
• Əmək müqaviləsinin (kontraktının) bağlanılmasının;
• Müqaviləyə dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi;
• Əməyin ödənilməsi;
• Məzuniyyət və istirahət hüququnun təmin edilməsi;
• Əməyin mühafizəsi;
• Texniki təhlükəsizlik;
• Əmək şəraiti;
• Əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi;
• İşçilərin və iş yerlərinin attestasiyası;
• İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası;
• İş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunmaması).
Bu tələblərdən hər hansı biri pozularsa, onun aydınlaşdırılması məqsədilə, Əmək Müfəttişliyi iş yerində araşdırma aparmaq səlahiyyətinə malikdir".
Ekspert bildirib ki, Əmək Müfəttişliyi qanunvericiliyə zidd olan əmr və sərəncamları ləğv edə bilər:
"Qeyd etmək lazımdır ki, əsasnamənin 4.1.7-ci bəndinə əsasən, müfəttişlik müəssisə və təşkilatlarda işçilərə, qanunvericiliyə əsasən, əlavə məzuniyyət və qısaldılmış iş günü hüququ verən əmək şəraitinin müəyyənləşdirilməsi və təmin edilməsi üzrə sənədləri yoxlanılması və bu barədə qanunvericiliyə zidd olan əmr və sərəncamların ləğv edilməsi haqqında da göstəriş verə bilər".
Bəs hansı hallarda Dövlət Əmək Müfəttişliyi müəssisələrdə yoxlama apara bilməz?
Bu mövzuda hüquqşünas Ramil Süleymanov fikirlərini belə izah edib:
"Dövlət Əmək Müfəttişliyi bir çox hallarda müraciət edən şəxslərin şikayətlərini yerindəcə araşdırmaq hüququndan məhrum olur. Buna səbəb dövlət başçısının sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması barədə imzaladığı sənəddir. Belə ki, bu sənəd əsasında, Dövlət Əmək Müfəttişliyi daxil olan şikayətlərlə bağlı operativ yoxlamalar apara bilmir.
Buna baxmayaraq, Müfəttişlik vətəndaşlar tərəfindən daxil olan şikayətlər əsasında işəgötürənə müvafiq sorğu ilə müraciət etmə və həmin sorğunun sənədlərlə cavablandırılmasını tələb etmə hüququna malikdir. Əldə edilən sənədlər əsasında araşdırmalar həyata keçirilir və vətəndaşın mövqeyi kifayət qədər əsaslıdırsa, İnzibati Xətalar Məcəlləsi və ya Cinayət Məcəlləsinin tələblərinə uyğun protokol tərtib edilərək Baş Prokurorluğa müraciət edilir. Əgər zərərin və pozuntunun həcmi böyükdürsə, Dövlət Əmək Müfəttişliyi bu zaman yerində yoxlamalar aparmaq hüququna malik olur.
Bildirmək istəyirəm ki, Əmək Müfəttişliyinin hansı hallarda müəssisədə yoxlama aparma səlahiyyətini qanunvericilik müəyyən etmir. Əgər pozuntu varsa və bununla bağlı şikayət varsa, əmək Müfəttişliyi mütləq şəkildə həmin müəssisədə onlayn və ya əyani şəkildə yoxlamaların aparılmasını həyata keçirməlidir".
Oxşar xəbərlər
Pensiya artımları hansı aydan ödəniləcək?
Pensiya artımları gələn aydan ödənilməyə başlanılacaq. Həm minimum pensiya məbləğində, həm də əmək pensiyalarında artımlar nəzərdə tutulur. Amma bu artımlar məh...