Dövlət qulluğunda işləmək istəyənlərin nəzərinə!
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən fevralın 9-dan 5 dövlət orqanında inzibati vəzifələrin beşinci təsnifatına uyğun olan 92 vakant vəzifənin tutulması üçün müsabiqə, 5 dövlət orqanında isə inzibati vəzifələrin beşinci və altıncı təsnifatlarına uyğun olan 15 vakant dövlət qulluğu vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib.
Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatlarındadır.
Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 12-si mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 3-ü isə birinci instansiya məhkəmə orqanlarının aparatındadır.
"Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq, müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.
İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Test imtahanı aşağıdakı test bloklarından ibarət olur:
- dünyagörüşü, o cümlədən Azərbaycan dili və Azərbaycan haqqında ümumi biliklər üzrə 15 test tapşırığı; qanunvericilik sahəsi üzrə 40 test tapşırığı; informasiya texnologiyaları sahəsi üzrə 15 test tapşırığı; məntiqi düşünmə qabiliyyəti sahəsi üzrə 30 test tapşırığı.
Test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında (www.csc.gov.az) yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.
Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 9 fevral tarixindən 9 mart tarixində saat 18:00-dək Komissiyanın rəsmi internet saytında qeydiyyatdan keçərək doldurmalıdırlar. Müraciət Forması şəxsən və yaxud poçt vasitəsilə də kağız daşıyıcılarla təqdim edilə bilər.
Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları isə sənədlərini 9 fevral tarixindən 29 fevral tarixində saat 18:00-dək Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.
Müsabiqə və ümumi müsahibəyə dair ətraflı məlumat "Respublika” qəzetinin 9 fevral tarixli sayında və həmin tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında - www.csc.gov.az verilib.
BAKU.WS
Oxşar xəbərlər
Prezident Dövlət Agentliyini ləğv etdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv edilməsi haqqında sərəncam verib. BAKU.WS-in məlumatına görə, sər...