COP29 üçün xüsusi tibb və qeyri-tibb personalına treninqlər təşkil olunub
COP29 Əməliyyat şirkətinin tibb komandası ilə tədbir üçün ayrılan və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin hər birinə baxış keçirilib və müəssisələrimiz zəruri tibbi xidməti təmin edə bilmək üçün hazır vəziyyətə gətirilib.
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
O, COP29 üçün xüsusi tibb və qeyri-tibb personalı üçün treninqlər təşkil olunduğunu bildirib.
Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində xüsusi monitor və oksigen panelləri ilə təmin olunmuş 10 çarpayı, Uşaq təcili tibbi yardım şöbəsində 3, Stasionar şöbədə 10, Reanimasiya şöbəsində 4, Uşaq reanimasiya və intensiv terapiya şöbəsində 3 çarpayı və 1 əməliyyatxana tibbi xidmətə zərurət ehtimalını nəzərə alaraq tədbir üçün ayrılıb.
COP29 tədbirinin keçirildiyi müddət ərzində fövqəladə hallar baş verərsə, Sabunçu Tibb Mərkəzinə təhkim edilən Məhəmmədi modul tipli xəstəxanada reanimasiya və stasionar tipli olmaqla fövqəladə hallar üçün 370 çarpayı təmin edilib.
COP29 tədbiri dönəmində hava-damcı yolu ilə yayılan infeksion xəstəliklərlə yoluxanlara keyfiyyətli xidmət üçün Kliniki Tibbi Mərkəzin nəzdində modul tipli xəstəxanada 10 çarpayı ayrılıb.
Yanıq xəsarətləri üzrə ehtimalları nəzərə alaraq keyfiyyətli tibbi xidmət göstərmək məqsədilə Mərkəzi Neftçilər Xəstəxanasında bütün zəruri tibbi avadanlıqlarla təchiz olunmuş Yanıq şöbəsi yaradılıb.
Zəhərlənmə ehtimalları üzrə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müvafiq tibbi xidmətin göstərilməsi üçün çarpayılar ayrılıb.
Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində COP29 ilə əlaqədar Atletlər kəndində gələcək qonaqların təhlükəsizliyinin təmin edilməsi, təcili tibbi yardım xidmətlərinin təşkil olunması və tibb məntəqəsinin qurulmasına dair işlər görülüb.
Tədbir zamanı təcili tibbi yardım göstərəcək 60 briqada (həkim, orta tibb işçisi, sürücü) üçün nəzərdə tutulan əməkdaşların siyahısı hazırlanıb, eləcə də nəzərdə tutulan 60 ədəd yeni ambulans (İVECO markalı) artıq təhkim olunub. Onu da qeyd edim ki, COP29 tədbiri ilə bağlı həm ayrılmış otellərdə, həm də tədbirin keçirildiyi məkanda təcili və təxirəsalınmaz tibbi yardım briqadaları xidmət edəcək. Bütün nöqtələr üzrə ambulanslar hərəkət edəcəyi halda isə, əvəzedici ehtiyat ambulans və briqadalar da hazır vəziyyətə gətirilib.
Təcili və təxirəsalınmaz tibbi yardım (TTTY) xidməti göstərəcək heyət üçün nəzərdə tutulan təməl və təkmil həyat dəstəyi üzrə təlimlər keçirilib, 488 nəfər artıq təlimləri uğurla başa vurub. Bura daxildir həkimlər, orta tibb işçiləri və sürücülər. Dil bilgilərini təkmilləşdirmək üçün ingilis dili kurslarında isə 331 nəfər iştirak edib.
Bundan başqa, təcili və təxirəsalınmaz tibbi yardımın Mərkəzi Çağrı Xidmətinə daxil olan müraciətləri operativ yönləndirmək üçün bir sıra addımlar atılıb. COP29 tədbirinə hazırlıq üçün ingilis dilini bilən işçilərdən ibarət növbələr qurulub. Bütün kompüterlər sazlanıb, yeni call-center avadanlıqları təmin olunub. Bundan əlavə, data serverə baxış keçirilib, gələcəkdə baş verə biləcək texniki nasazlığın qarşısını almaq məqsədilə server yeni ötürücü qurğularla təchiz olunub.
Tədbirin keçiriləcəyi Bakı Olimpiya Stadionundakı həkim məntəqələrinə ingilis dili biliyi olan ixtisaslı həkim və orta tibb işçiləri cəlb edilib.
COP29 dövründə Heydər Əliyev Adına Beynəlxalq Hava Limanında tibbi xidmətin təşkil olunması ilə əlaqədar xidmət göstərəcək təcili yardım briqadaları təyin edilib.
COP29 konfransına hazırlıq prosesi çərçivəsində paytaxtda nəqliyyatın idarəedilməsi üzrə keçirilən monitorinqlərdə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili tibbi yardım briqadaları müxtəlif marşrut və ssenarilər üzrə yoxlamaları uğurla yerinə yetirib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür. "Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanı...