Şəxsi qərarları süni intellektə həvalə edənlərə XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
İşdən çıxmaq, münasibətləri bitirmək və həyatla bağlı digər mühüm qərarları süni intellektin məsləhəti əsasında vermək insanın zamanla müstəqil düşünmə və seçim etmək qabiliyyətinə mənfi təsir göstərə bilər.
BAKU.WS xəbər verir ki, bu barədə psixoloqlar xəbərdarlıq ediblər.
Mütəxəssislərin fikrincə, şəxsi qərarları süni intellektə həvalə etmək meylinin arxasında çox vaxt məsuliyyəti öz üzərinə götürməkdən çəkinmək dayanır. Xüsusilə narahatlıq və qeyri-müəyyənlik yaşayan insanlar seçim etməkdə çətinlik çəkdikdə qərarı başqasının verməsini istəyirlər.
Belə hallarda neyron şəbəkələrin tövsiyələrinə əsaslanan şəxslər sonradan verdikləri qərarları da süni intellektin məsləhəti ilə əsaslandıra bilirlər.
Qeyd olunur ki, insanlara yaxınları ilə problemlərini müzakirə etməkdənsə, süni intellektə müraciət etmək daha asan görünə bilər. Çünki bu platformalar istənilən vaxt əlçatandır, istifadəçini dinləməyə hazırdır və onunla ünsiyyət zamanı yorğunluq nümayiş etdirmir. Halbuki real insanlarla ünsiyyət vaxt və qarşılıqlı səy tələb edir, üstəlik, qarşı tərəfin fikri hər zaman insanın öz düşüncələri ilə üst-üstə düşməyə bilər.
Psixoloqlar bildirirlər ki, davamlı olaraq xaricdən hazır məsləhət almaq vərdişi insanın hadisələri müstəqil təhlil etmək, emosiyalarını idarə etmək və qeyri-müəyyən vəziyyətlərə dözmək bacarığını zəiflədə bilər.
Nəticədə insan şəxsi həyatına dair seçimlərdə getdikcə daha çox süni intellektdən asılı vəziyyətə düşə, öz qərarlarına inamını itirə bilər.
Mütəxəssislər süni intellektdən məlumat və fikir almağın mümkün olduğunu, lakin şəxsi həyatla bağlı mühüm qərarların məsuliyyətini tamamilə texnologiyaya ötürməyin düzgün olmadığını vurğulayırlar.
Oxşar xəbərlər
25 iş günü, 11 min dollar maaş - Azərbaycanda iş elanı
Asiya İnkişaf Bankı (AİB) Abşeron dairəvi dəmir yolu layihəsinin hazırlanmasına dəstək çərçivəsində milli sosial təminatlar üzrə mütəxəssisin cəlb edilməsi üçün...