Bakıda tıxaclara son qoyacaq YENİ LAYİHƏLƏR - 5 il ərzində...

Bakıda ictimai nəqliyyatda sərnişin sıxlığı və tıxac problemi illərdir gündəmdədir. Səhər və axşam pik saatlarında bəzən avtobus dayanacaqlarında uzun növbələr yaranır, sıxlıq səbəbindən avtobuslar gecikir və yollardakı tıxaclar paytaxt sakinlərinin əsas şikayətlərindəndir.
BAKU.WS-in məlumatına görə, bu problemləri qismən həll etmək məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikində dəyişiklik edib.
Belə ki, Abşeron dairəvi dəmiryol marşrutu üzrə həftənin iş, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunub.
Bu addım paytaxtın nəqliyyat sistemində yükü azaltmaq və ictimai nəqliyyatda alternativ seçim yaratmaq baxımından mühüm əhəmiyyət daşıyır. Bəs, görülən bu tədbir tıxacları və sıxlığı aradan qaldırmağa kifayət edəcəkmi? Daha hansı addımlar atılmalıdır ki, tıxacların qarşısı alınsın?

Mövzu ilə bağlı BAKU.WS-ə açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, hazırda dövlət proqramı təsdiq olunur, yəni mobilliyin transformasiyası layihəsi icra edilir və yaxın beş il ərzində silsilə tədbirlər görüləcək:
"Onların bəzilərini biz artıq müşahidə edirik. Mobilliyin transformasiyası deyilərkən mövcud küçə yol şəbəkəsinin fərqli hərəkət iştirakçıları üçün yeni şəraitin yaranması və hərəkətlə bağlı yeniliklər nəzərdə tutulur. Dünənki reallıqla bugünkü reallığın fərqi ondadır ki, ayrılmış avtobus zolaqlarının, avtobusun sürəti artıb, ictimai nəqliyyatda hərəkət edənlərin sayı isə çoxalıb. Son bir il ərzində mikromobillik də formalaşır, şəbəkəsi 35 km-dən artıq genişləndirilir və artıq mikromobildən istifadə edənlərin sayı hər gün artmaqdadır.
Dəmir yolunda mövcud infrastrukturda qatar sayını artırmaqla gündəlik 37 min sərnişin sayını ilkin olaraq 50 minə çatdırılması nəzərdə tutulub. Düşünürəm ki, bu, doğru qərardır. Həmçinin elan olunub ki, 10 yeni metrostansiya tikiləcək və tramvay xətləri inşa olunacaq. Bu insanların daha çox ictimai nəqliyyatla hərəkətinə gətirib çıxaracaq. Mövcud layihələr mərhələli şəkildə icra ediləcək.

Düşünürəm ki, bu növlər arasında inteqrasiya rahat olmalıdır və bu gün daha tez nəticə verən həllərə diqqətimizi artırmalıyıq. Əgər piyada hərəkət ediriksə, piyada seksiyalarının işıqforla nizamlanan sayları artırılmalıdır. Velosiped və skuterdən istifadə ediriksə, küçənin bir tərəfindən digər tərəfinə keçmək üçün keçidlərin sayı artırılmalıdır. Eyni zamanda piyadaların önündə olan baryerlər aradan qaldırılmalıdır ki, insanlar məhz fərqli hərəkət etməyə daha çox meyl etsinlər. Bu növ həllərə diqqət ayırsaq daha yaxşı olar".
Ekspert əlavə edib ki, şəhər mərkəzində avtobusların dayanacaqları arasındakı məsafələr bəzən çox böyükdür: "Düşünürəm, bunu təhlillər aparıb, saylarını artırmağa gərək var. Bu zaman insanlar qısa məsafədə dayanacağa çıxış imkanı əldə edəcək və həmin dayanacaqla səfərin məhz avtobuslarla icra etməsinə meylini artıracaq.
İndiki halda transformasiya prosesi baş verir və növbəti illərdə bunu daha aktiv hiss edəcəyik. Ən önəmli məqamlardan biri odur ki, şəhər mərkəzində müxtəlif səviyyəli keçid praktikasına son qoyulacaq. Mövcud olanların yanında da eyni səviyyəli zebralı keçidlər təşkil edilməlidir ki, insanlar piyada hərəkət edəndə problem yaşamasınlar. Bunu daha çox əlillər, uşaqlı valideynlər, yükü olan şəxslər və turistlər hiss etməlidir. Dövlət proqramında nəzərdə tutmuş layihələrin beş il ərzində icrası gözlənilir və bu sahəyə investisiyaların artırılmasına ehtiyac var".
Orxan Hüseyn
Oxşar xəbərlər
Dövlət Su Ehtiyatları Agentliyi yerüstü su obyektlərinə təkbaşına nəzarət edəcək
Nazirlər Kabineti 25 sentyabr 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçiril...
