Bakıda baha başa gələn ölüm - "Ölü maşını" 100

Bakıda baha başa gələn ölüm - Ölü maşını 100
Sosial 755

Bakıda dostlardan, yaxınlardan bəzən belə bir ifadə eşidirik ki, adam ölməyə də qorxur. Niyə qorxur? Çünki insan dünyasını dəyişdikdən sonra cəmiyyətin formalaşdırdığı və qanuniləşdirdiyi dəfn prosesi bir çox insanlar üçün əlçatmazdır.

BAKU.WS olaraq Bakıda vəfat edən bir şəxsin ailəsi üçün nə qədər xərc yaratmasını dəqiqləşdirmək məqsədilə araşdırma apardıq. Rəqəmlərlə tanış olduqda, həqiqətən, dərindən ah çəkməli olduq.

Əvvəlcə ondan başlayaq ki, bir nəfər rəhmətə gedirsə, ilk olaraq onun məscidə aparılıb-gətirilməsi (nəqliyyat vasitəsilə), ardınca məsciddə qüsl, kəfən prosesi həyata keçirilir. Bu ayin dinimizin buyurduğu vacibatlardan olsa da qarşılığında xidmət haqqı istənilir.

Qısası, Bakıda mərkəzi məscidlərin biri ilə əlaqə saxladıq və qiymətləri dəqiqləşdirdik. Məlum oldu ki, vəfat edən şəxs üçün qüsl və kəfən prosesi 50-100 AZN-ə başa gəlir. Mərhumun aparılıb gətirilməsində istifadə olunan avtomobil üçün isə 100 AZN ödəmək lazımdır. Həmçinin yas məclislərinin idarə edilməsi, dəfn prosesini həyata keçirmək və digər işlər üçün 50-100 AZN də din xadiminə verilir.

Bakıda baha başa gələn ölüm -

Bundan sonra vəfat edən şəxsin dəfn prosesi üçün qəbiristanlıq xərclərini də araşdırdıq. Bir neçə qəsəbənin Bələdiyyə nümayəndələri ilə danışdıq onlar dəfn olunmaq üçün vətəndaşlardan yer haqqı tələb edilmədiyini bildirdilər. Bakıda qəbiristanlıqlarda qəbir yerləri üçün təyin olunmuş dövlət rüsumunun 63 manat olduğunu vurğuladılar. Dəfn zamanı yerin qazılması və digər xidmətlər üçün isə 100-200 AZN əlavə xərclər ola bilər.

Bakıda baha başa gələn ölüm -

İşin kulminasiya nöqtəsi dəfn prosesinin yekunlaşmasından sonra başlayır. Adət halını almış və dəyişdirilməsi qeyri-mümkün olan yas məclislərindəki xərclər göz qamaşdırır. Belə ki, dəfn günü və 3 mərasimini nəzərə almaqla mərasim evləri və çadır quraşdıran şəxslərlə əlaqə saxladıq.

Məlum oldu ki, 3 gün ərzində qurulan çadırın qalması, dəfn günü çay, şirni və halvanın süfrəyə qoyulması, eyni zamanda 3 mərasimi zamanı 120 nəfərlik yeməyin verilməsi qarşılığında 2 min AZN tələb olunur.

Əgər vəfat etmiş şəxslə bağlı mərasim evində məclis vermək istəyərsə, bunun üçün adambaşına bir yemək üçün 15 AZN, iki yemək üçün isə 18 AZN xərc çəkməli olur. Belə aydın olur ki, 120 nəfərlik yemək üçün 1800-2160 AZN tələb olunur.

Bakıda baha başa gələn ölüm -

Apardığımız kiçik araşdırmadan məlum olur ki, Bakıda vəfat etmək, el adəti ilə dəfn olunmaq və dəfn mərasimi təşkil etmək üçün təqribən 2-3 min AZN arasında xərc tələb olunur. Bu xərclər yalnız 3 gün üçün nəzərdə tutulub. Əgər mərasimlərə 7, cümə axşamları və 40 mərasimi də daxil olarsa, qiymət 2-3 dəfə artacaq.

Məsələyə dini yöndən münasibət öyrənmək üçün ilahiyyatçı Fərid Abdullaha müraciət etdik. O, BAKU.WS-ə açıqlamasında yasların sanki toylar kimi dəbdəbəli keçirildiyini vurğuladı: "İslam dinində yas mərasimlərinin hədəfi ölümü xatırlamaq, əməlləri təftiş etmək və tövbə etməkdir. Müqəddəs kəlamlarda da buyurulur ki, ölüm sizə moizə etmək üçün kifayət edər. Yas mərasimlərinin məramı bu olmalıdır.

Bəzən belə hallar müşahidə olunur ki, bir nəfərin yaxını dünyasını dəyişir və ailəsi külli miqdarda borca-xərcə düşür. Hətta belə bir fikir deyirlər ki, bizim adımıza uyğun yas mərasimi təşkil olunmalıdır. Lakin insanlar anlamırlar ki, 5 mərtəbəli bir binada yas mərasiminin keçirilməsi rəhmətə gedən şəxsə heç bir faydası yoxdur. Fayda o zaman olar ki, rəhmətə gedən şəxsin adından ehtiyaclı insanlara ehsanlar verilsin. Yas mərasimlərində qətiyyən israfçılığa yol vermək olmaz".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər