Rəşid doktor: “Hormon ki, beyninə vurdu, dul qadın səni “məhv edər”

Rəşid doktor: “Hormon ki, beyninə vurdu, dul qadın səni “məhv edər”
Sosial 29581

 

Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik.

-Həyatınızdan razısınız?

-Kim həyatından razıdırsa, o, ölümə məhkumdur. Gərək həyatda insan daim işləsin, yeni nələrəsə imza atsın. Qursun, yaratsın, xalqa xidmət etsin. İnsan bu zaman özünü xoşbəxt hiss edir.

-Bilirsiniz bu sualları niyə verdim? Efirdə demişdiniz ki, nə SSRİ vaxtı, nə də indi yaxşı yaşayırsınız…

-Yaxşı yaşamaq nədir? Mən maaş hesabına dolanan adamam. Bu aydan o aya zorla yaşayırıq. Bu, bir həqiqətdir. Toylar çox olur. Bu neçə gündə dalbadal toya getməliyəm. Dəvət edənlər də hamısı, yaxın adamlardır. Nə zamansa üz-üzə gəlirsən deyə, adam xeyir işə getməyə bilmir. Bəzən pul çatdıra bilmirəm. Borca girib toylara gedirəm. Bir də maaş alanda borc götürdüyüm adamın pulunu qaytarıram.

Bütün bunlara baxmayaraq, xalqımıza nə verdiyimizdən danışmalıyıq. Neçə illərdir Tibb Universitetində işləyirəm. Mənim çoxlu tələbəm var ki, bu gün səviyyəli professordurlar.

-Azərbaycan xalqının hansı problemləri var? Normal fiziologiya üzrə mütəxəssis kimi istərdim ki, problemə tibbi tərəfdən işıq tutasınız.

–Gözəl sualdır. Mən də daxil olmaqla, Azərbaycan xalqının təbabət sahəsində problemi var. Onun biri suyun yodlaşdırılması ilə bağlıdır. Bilirik ki, su yodlaşdırılmasa, bizim yaddaşımız olmayacaq, bizim yaxşı kəşflərimiz olmayacaq. Fikir verin, Azərbaycanda çox sayda akademik var. Onlar nə kəşf ediblər?! Bunun səbəbi ilk növbədə yod çatışmazlığı ilə bağlıdır. Təsəvvür edin, bizə unutqan xalq deyirlər. Təkcə biz deyilik. Dünyada yaşayan əhalinin 2 milyardı yod çatışmazlığından əziyyət çəkir. 2000-ci ildən bəri Avropa ölkələri yod çatışmazlığını aradan qaldırmağa başladı. Onlar içməli suyu butulkadan içirlər. Həmin sulara ionlaşdırılmış yod əlavə olunur. Bizim pulla 1 litrə 1 qəpik xərc düşür. Bizdə də belə olsa, insanlarımızın həm boyu uzanacaq, həm intellektual səviyyəsi yüksələcək, həm yaddaşı normallaşacaq. Bir düşünün ki, uşaq evə gəlir, anası, atası onu döyür ki, niyə oxumursan? Təsəvvür edin, birinci sinfə gedən şagird 2-nin üstünə 3 gələ bilmir. Uşaq məktəbə də gedəndə, müəllim danlayır. Başa düşmürlər ki, bu, uşağın özündən asılı deyil. Bu gün insanlarımızda, uşaqlarımızda yod çatmır.

İkinci problem isə geni dəyişdirilmiş məhsullardır. Onların ölkəmizə gətirilməsinə qadağa qoyulmalıdır.

Üçüncü problem isə kök hüceyrələrlə bağlıdır. Kök hüceyrə ciftdə çox olur. Fikir verin, Zəlimxan Yaqub böyrək çatışmazlığından vəfat etdi. Onun hüceyrəsi kökdən alınsa idi, maye azotda 100 illərlə saxlamaq olardı. O hüceyrəni bankanın içərisində saxlayırsan. Həmin hüceyrədən 28 gündə böyrək əmələ gəlir.

-Yodun insan orqanizmi üçün faydalı olduğu haqda məlumatlarım səthidir. Ona görə də, yod amilinin üzərində niyə bu qədər ciddi-cəhdlə dayandığınızı soruşmaq istərdim.

–Yod nə edir? Yod qalxanabənzər vəzdə hormon hazırlayır. Onun adı trioksindir. Trioksin beyinə gedir. Beyində xüsusi hüceyrələr-peyk hüceyrələri var. Trioksin qlükoza ilə birləşib, qlutamin turşuları əmələ gətirir. Beyində ən çox olan qlutamin turşusudur. Bu zülal da, sinirlərin üzərində miyelin qişası əmələ gətirir. Miyelin də ağıl deməkdir. İndi insanlarda, yod çatışmırsa, nə olmalıdır? Yod da torpaqda, suda, bir də havada olur. Bakıda vaxtı ilə yod var idi.

-Dediyinizdən belə anladım ki, indi olmadığına görə, əziyyət çəkirik. Səhv etmirəmsə, su buxarlananda da yodu uduruq və ciyərimizə çəkirik. Yəni, indi Bakıda Xəzər dənizi buxarlanmır ki, ondan yod ala bilməyək?

–Sovet vaxtı, yod çatışmazlığı yox idi. Xəzər dənizi buxarlanırdı, bununla da havadakı yodu udurduq. İnsanlarda yox çatışmazlığı söhbəti ola bilməzdi.

-Bu gün buxarlanmır?

–Sizə elə gəlir ki, buxarlanır. Xahiş edirəm, əlinə bir mikroskop al. Xəzər dənizinin suyuna həmin mikroskopda bax. Görərsən ki, suyun üzərində nazik bir təbəqə var. Bu təbəqə buxarlanmağa imkan vermir. Biz yalnız yodu o zaman alırıq ki, dənizdə ləpə olur, bu zaman o təbəqə qırılır. Bu zaman nə yod çıxsa, onu uduruq.

Sovet dövründə 2 gəmi gələrdi, Xəzər dənizinin üzərindəki nazik təbəqəni yığardı. Bu zaman da su buxarlanardı.

-Yəqin ki, təbəqə deyərkən nefti nəzərdə tutursunuz.

-Bəli. Nazik bir təbəqədir. O, gözlə görünmür. Bu gün rayonlarda da problem var.  Azərbaycanda yod çatışmazlığı var. Buna ölkə patologiyası deyilir. Bu gün Avropada yekə qarınlı adamların sayı azalıb. Niyə? Çünki onların yodları normaldır. O yod trioksini əmələ gətirir, sinirlərin üzərində meyilin qişasını yaradır.

-Fiziologiya ilə bağlı suallarım olacaq. Mən istərdim ki, bir az tarixə ekskurs edək. Gədəbəyin Rəsullu kəndinə 1961-ci ildə baş həkim təyin edilmisiniz. Deyəsən, həmin xəstəxanada çox dəyişikliklərin edilməsinin səbəbkarı olmusunuz.

-1961-ci ildə mənim təyinatımı Gədəbəy rayonuna verdilər. Şınıx bölgəsinə, Rəsullu kəndinə heç kim getmək istəmirdi. Yolları pis idi, qışda maşın getmirdi. Gedəndə gördüm ki, bir kolxoz idarəsi, onun 4 otağı var. Bir otaqda bir mil qırılmışdı, bilək nazikliyində bir dirək qoymuşdular. Onun da altında xəstə yatırdı. Qəribədir ee! Adam düşünür ki, bu qırılan milin də altına xəstə qoyarlar?! Nə qədər səriştəsizlik gördüm. Nə isə. Orada işləməyə başladım. Həmin xəstəxananın da altı zirzəmi idi. Orada da kolxozun ölmüş heyvanlarının dərisini doldurmuşdular. Kolxoz sədrini çağırdım, dedi, onluq bir şey yoxdur. Hər gün raykoma zəng edirdim. Bir gün səhər tezdən, raykomdan biri gəldi. Mustafayev idi, alim idi. Mənə dedi ki, buranı sökün. Sökdük. Bir kişi var idi, 4 otaqlı evi var idi. Müvəqqəti olaraq ora köçdük. Amma mənə yenə də əl çəkmədim.

"Belə xəstəxana olmaz” dedim. O zaman Saratovkada bir Zaman kişi var idi. Aptek müdiri idi. Bizə qanunla 400 manatlıq dərman, 15 litr spirt verilməli idi. Bu Zaman kişi spirti də özünə götürürdü, araq edib, ruslara satırdı. Mənə 200 manatlıq dərman verirdi. Özü də ancaq qarınağrı, başağrı dərmanları verirdi. Bununla müalicə olardımı? Ona dedim: "Zaman kişi, dolu çanağı, boş çanağa vurma. Mən cavan həkiməm, xəstəm çoxdur, mənə dərman ver”. Gördüm əmələ gəlmir, düşündüm ki, ağsaqqal adamdır, dalaşmağım lazım deyil.

Buna görə də, Moskvaya məktub göndərdim. Moskvanın Baş Apteklər İdarəsinə yazdım ki, ayda onlara 400 manat pul köçürəcəyik, bunun müqabilində bizə dərman göndərsinlər. Bizə cavab gəldi ki, nə dərman lazımdırsa, onları yazaq. Onlar bizə nələr göndərmədilər!… Hər şey. Bu dəfə Zaman kişi yanıma gəldi və dedi ki, o dərmanlardan bir az da ona verim. Dedim ki, verməyəcəyəm. Mən işlədiyim yerin 28 min əhalisi var idi. Xəstə çox olurdu, şərait isə yox idi. Belə yerdə işləmək olmazdı.

Moskvaya bir dənə də məktub ünvanladım. Moskvadan Bakıya tapşırıq gəlmişdi. Bakıdan Kamran Hüseynovun qardaşı Gürşad Hüseynov həmin xəstəxayana gəldi. Söhbət etdik. Bildirdim ki, bu şəraitdə həkimlik olmaz, yeni tipli xəstəxana tikilməlidir. Gürşad Hüseynov isə dedi ki, mütləq bunu qardaşına çatdıracaq.

Həmin xəstəxananın tikilməsini 5 illiyə saldılar. Mən dözmədim, Bakıya gəldim. Bir büro var idi, ev tikintisinə, xəstəxana tikintisinə nəzarət edirdi. Mən bildirdim ki, 50 çarpayılıq xəstəxana tikilməlidir, özü də istilik sistemi olmalıdır. Təsəvvür edin, 60-cı illərdə Gəbədəydə istilik sistemi ilə xəstəxana tikildi. Bu gün də o xəstəxana qalır. İstilik sistemi həm qırla, həm də odunla işləyirdi.

Sonralar isə mən aspiranturaya qəbul olundum.

-Fizioloqsunuz…

–Mən Gədəbəydə terapevt işləyirdim. İndi isə revmatik xəstəliklərin müalicəsi ilə məşğulam. Ən əsası, fizioloqam. Fiziologiyanı bilməyən həkim ola bilməz.

-Bu günə qədər niyə elmlər doktoru olmamısınız? Yoxsa imkan verməyiblər?

-Nə edirəm, elmlər doktoru dərəcəsini. Bu, mənə lazımdır?!

-Hər halda, sizdən sonra gələnlər elmlər doktoru, professordur. Heç təəssüf hissi keçirmirsiniz?

–Olsunlar. Mənim doktorluq işim də hazır idi. Amma vermədim. Çünki texniki məsələlər xərc aparırdı. Mənim də buna gücüm çatmırdı. İndi isə "Tibbi fiziologiyanın əsasları” adlı 1200 səhifəlik kitab yazmışam. Yaxın zamanlarda çap etdirməyi düşünürəm. Fiziologiyada kök hüceyrə anlayışı var. Dünyada ilk dəfə sütun hüceyrənin fiziologiyasını mən bu kitabda fiziologiyaya salmışam. İlk dəfə olaraq öz dilimizdə immun sisteminin fiziologiyasını yazıram. İlk dəfə olaraq reproduktiv orqanların fiziologiyası haqda yazıram. Yəni, dölün, doğuşun, yeni doğulmuş uşaqların fiziologiyasını işləyirəm. Bundan başqa bədənin bioloji ritmlərini tədqiq edirəm. Sponsor olsa, bu elmi işimi kitab şəklində çap etdirəcəyəm. Olmasa internetə, verəcəyəm, qoy millət oxusun.

–Düşünürsünüz ki, bioloji ritmləri heç bir həkim tam bilmir?

-Bu, çox maraqlı sahədir. Hələ çox şey dəqiq öyrənilməyib. Bədənin saatı var. Elə vaxt olur ki, həmin saatda bədənin bütün mübadiləsi aşağı enir. Elə saat da var ki, o vaxtda çox yüksəkdə durur. Bir xəstəlik tutma şəklində təzahür edə bilər. Elə olur ki, bədənin bioloji ritmi yüksəkdə olan kimi, o xəstəlik öz-özünə sağala bilir.

-Belə anladım ki, o zaman yüngül bir xəstəlik keçirən adam ritm aşağı düşəndə, ağırlaşa bilər.

-Çox düz anladınız. Elə xəstəlik varsa, ritm aşağı düşəndə ağırlaşır. Bunları ilk dəfə mən yazıram.

-Rəşid müəllim, sizin "Normal fiziologiya” adlı kitabınız var. Bəs onu necə imkan tapıb çap etdirmisiniz?

–Bunun maraqlı tarixçəsi var. Bir tələbə var idi. Yanıma gəldi və dedi: "Rəşid müəllim, siz mənim müəllimim olmamısınız. Mən indi 3-cü kursda oxuyuram. Ginekologiya, histologiya, anatomiya kafedralarına getdim. Bir sualım var idi, ona cavab tapa bilmədim”. Həmin tələbə ciftdən sual verdi. Ciftin siniri yoxdur. O sual etdi ki, bəs cift sinirsiz necə tənzimlənir? Onun bu sualına heç kim düz-əməlli cavab verməmişdi. Həmin tələbəyə hormonların ifrazını başa saldım, ciftin necə olmasını ətraflı izah etdim. Həmin tələbə qayıdıb mənə dedi: "Rəşid müəllim, niyə kitab yazmırsınız?”. Dedim ki, oğul yazarıq da, hələ vaxtı deyil. Tələbə mənə dedi ki, "Rəşid müəllim, Allahla danışığın var?”. Təəccübləndim və "bu nə sualdır” dedim. Dedi ki, "bəlkə dərsdən çıxanda başınıza daş düşəcək, öləcəksiz. Siz beyninizi o dünyaya aparırsınız. Bu qədər kafedraya getdim, heç kim məni sizin kimi başa sala bilmədi. Siz niyə kitab yazmırsınız?”.

Tələbə bunu deyib əsəbiləşdi, kitabı yerə çırpdı və mənə "sən xalq düşmənisən!” dedi. Dilxor oldum, siqaret çəkdim. Bir yaşlı müəllim var idi. Qanımın niyə qara olmasını sual etdi. Dedim ki, tələbə mənə xalq düşməni dedi. Həmin müəllim zarafatla qayıtdı ki, siz xalq düşmənisinizsə, bəs biz kimik?!

Bildirdim ki, kitab yazsam da, pul yoxdur ki, onu çap edim.  Dedi ki, onda pul var. Siz adını çəkdiyiniz kitabı bu hadisədən sonra çapa verdik.

-Fiziologiya orqanizmlərin fəaliyyətini öyrənən elm sahəsidir. Bilirik ki, davranışın da bir fiziologiyası var. Sualı isə belə verəcəyəm. Yaltaqlıq fizioloji xəstəlikdir, yoxsa sonradan qazanılan bir vərdişdir? Hər halda indi yaltaqlıq da öz çərçivələrini aşdığına görə, söhbət zamanı bundan da söz açmanızı zəruri bildim.

-Bizdə davranışın fiziologiyası fənni tədris olunur. Mən isə ona yaltaqlığın fiziologiyası deyirəm. Yaltaqlıq, insan tərbiyəsindən, ailədən və cəmiyyətdən asılıdır. Cavan adamları yaltaqlıq etdiyinə görə, qınamıram. Onlar görür ki, kim bərk əl çalırsa, kim yaltaqlanırsa, ona vəzifə və çörək verirlər.

Baxın, Heydər Əliyev böyük şəxsiyyət, dövlət xadimi olub. Azərbaycanı çox bəlalardan xilas edib. Bu gün çoxu ona ulu öndər deyib keçir. Halbuki, onun etdiklərinin birini də demirlər. O, böyük siyasətçi olub. Bunları tam səmimi deyirəm. Ancaq yaltaqlıq olmaz. Yaltaqlığın da bir dərəcəsi var. Biri durub deyir ki, mən fəlsəfəni Heydər Əliyevdən öyrənmişəm. Ayıbdır. Hər şeyi Heydər Əliyevdən öyrənmək mümkün deyil axı. Mən durub deyə bilərəmmi ki, riyaziyyatı, fiziologiyanı Heydər Əliyevdən öyrənmişəm?! Adama gülərlər.

Hər şey cəmiyyətdən asılıdır.

-Babam yaşındasınız. Bu ifadəmə görə üzr istəyirəm. Yəqin siz yaltaqlardan olmadığınıza görə, kitabınızın çap edilməsi üçün sponsor tapa bilmirsiniz, yaşayışınız da o qədər yaxşı deyil.

-Mən yaltaqlıq etmədiyimə görə heç bir ziyan çəkməyəcəyəm. Kitabı da çap edə bilməsəm, internetdə yayımlayacağam. Allah mənim qabağıma pul yazmayıb. Mən o kitabı yazmamışam ki, pul qazanım. Mən ölüb gedəcəyəm, istəyirəm ki, millətimə bir yadigar qalsın. Mən sənətimi bilirəm. Sənət birdən-birə adamın başına girmir, bu illərlə qazanılan savad və təcrübədir. Məsələn, sən elə bilmə ki, yaxşı bir jurnalistsən. Belinskini tanımayan, oxumayan adam yaxşı jurnalist ola bilməz.

-Zatən mən yaxşı jurnalist olduğum iddiasını səsləndirmədim. Belinskini isə tanıyıram. Məşhur rus tənqidçisi, publisistidir…

–İndi siz tanıyırsınız. Çox jurnalist isə xəbərsizdir. Mən isə sənətimi gözəl bilirəm. Buna görə də, Amerikada da, Avropada da işləyə bilərəm.

– İnsandakı xəstəliklərin çoxu hüceyrələrlə bağlıdır. Müasir dövrdə, insan hüceyrələrində nələr baş verir ki, xəstəliklər bu qədər geniş yayılıb?

–İnsanlarda həmişə xəstəlik olub. Məsələn, xərçəng xəstəliyi həmişə olub. Amma indi çox gəncləşib. Bir zamanlar 50 yaşından aşağı olan insanlarda bu xəstəlik tapılmazdı. İndi isə uşaqlarda da bu xəstəlik var. Bunun səbəbi nədir? İnsanın immun sistemi var. İmmun sistemi dərman qəbul etməklə güclənmir. Uşaqlar ildə ən azı 1 ay kənd yerində, təmiz havası olan, saf su olan yerlərdə qalmalıdır. Ən böyük immunitet Günəş şüasıdır. Bir dərman bir mikrob öldürmür. Həmin dərman sadəcə mikrobları ətrafına yığıb duz kimi saxlayır. Mikrobları ən çox Günəş şüası, dağ şəraitindəki ultrabənövşəyi şüa öldürür. Bu, dağda daha çox olur.

İkincisi, dağ yerlərində saf sular var. Qidası da, havası da safdır. Sizə hesabladığım bir məsələni danışım.

Deməli, bizdə deyirlər ki, il ərzində 1 milyon ton benzin satırlar. Bir qram benzin yananda 16 qram oksigen yanır. Benzinin tərkibində isə elə şeylər var ki… Hər şey var. Allah göstərməsin. Yananda onun hamısı üzə çıxır. Yaxşı ki, Bakıda külək var. 1 milyon tonu götürüb hesablayanda dəhşətli rəqəm alındı. Axırı bunu tona çevirdim. Hər il Bakının üzərində 48 min ton zəhərli maddə olur.

-Bir sözlə, tərəqqi öz ardınca neqativ tendensiyaları gətirir.

-Bəli. Bunun nəticəsində ekologiya korlanır. İnsan orqanizmi buna  necə dayanmalıdır?! Bunlar axı insandakı hüceyrələri məhv edir!

-İndi onkoloji xəstəliklər çox yayılıb, bu təhlükəli və ölüm saçan xərçəng az qala bütün evlərdə ölüm zəngi çalır. Xərçəng xəstəliyinin təbii yollarla, heç bir həkim müdaxiləsi olmadan sağaldılması mümkündürmü?

–Xərçəng xəstəliyinin nə olduğuna diqqət edək ( vərəq götürür və çəkdiyi sxemlə izah edir). Təsəvvür edin, bir kapilyar var, həmin kapilyarların üzərində hüceyrələr var. Deyək ki, kapilyarla yalnız 5 hüceyrə üçün qida gələ bilər. Artıq olmaz. Burda bir də görürsən ki, başqa bir hüceyrə əmələ gəlir. Amma qanın tərkibində tekiller var.

O, reseptorlara toxunur və görür ki, burada orqanizmə xas olmayan hüceyrə var. Tekiller immunitet rolunu oynayır, əgər o sağlamdırsa, xərçəng hüceyrəsini udub məhv edəcək. Deməli, bizim əlimizdə tekilleri aktivləşdirən, onu gücləndirən dərman olsa, xərçəngi müalicə etmək olar.

Xərçəng xəstəliyinin olduğu aşkara çıxırsa, deməli, o ən azı 6 ildir ki, orqanizmdə kök atıb. Ən uzağı 9, bir da getsək, 12 ilə şiş əmələ gəlir. Hüceyrədən asılı olaraq 6 ildən 12 ilə qədər vaxtda xərçəng şişi büruzə verir.

Xərçəng hüceyrəsinin necə və niyə əmələ gəlməsi haqqında 400 nəzəriyyə var. İndi alimlər tapıb ki, həmin hüceyrə bayaq dediyim 5 hüceyrənin qidalandıqlarından qidalanır. Bir vaxtdan sonra o birilərinin qidasını azaldır, özününkünü çoxaldır. Çox maraqlıdır ki, həmin hüceyrə maddə ifraz edir. Onun adı angiogenindir. Bu iri bir damardan özünə damar çəkməyə başlayır. 6, 9, 12 ilə. Hazır olan kimi hüceyrələr bölünməyə başlayır.

Azərbaycanda uşaqla davranış qaydaları da xaotikdir. Uşaqların üzündən, dodağından öpürlər. Belə olmaz. Uşağı təpəsindən öpərlər. Bir də görürsən ki, uşaqları kütləvi bayram tədbirinə filan aparırlar. Bu yolverilməzdir. Bu zaman uşaq müxtəlif viruslara yoluxur. Uşaqlar 10 yaşına qədər hər il ən azı 1 ay dağ yerində, havası, suyu təmiz olan yerdə olmalıdır. Ondan sonra uşağın immuniteti möhkəmlənir.

-Angiogeninin ifrazının qarşısını almaq mümkün deyilmi?

-Angiogenin ifraz olunması məlumdur. Onun bir nonoqramını bir litrdə həll ediblər. Yenə də təsirini göstərib. Görün nə qədər qüvvətli bir maddədir. İndi alimlər onu neytrallaşdıran bir maddə tapmaq istəyirlər. Çox ağıllı fikir söyləyiblər. Bunu məhv edən maddə tapılsa, xərçəng yayılmayacaq. O hüceyrə də, yaşayıb-yaşayıb axırda özü öləcək.

-Azərbaycanda Elmlər Akademiyası, onun institutları var. Onlar niyə ortaya nəticə qoya bilmirlər? Ya qoyurlar bizim xəbərimiz yoxdur? Deyirsiniz ki, yod çatışmazlığı intellektual inkişafın da qarşısını alır. Amma bunu Elmlər Akademiyasının da alimləri bilməmiş deyil axı…

 –Onlar bu barədə bilmirlər. Bilsələr, çoxdan deyərdilər. Nə qədər demişəm ki, su vacibdir. Suyu yodlaşdırsaq və millətimiz zərərli sudan içməsə, o zaman inkişaf edəcəyik. İnsana gündə 100-300 pikoqram yod lazımdır. Biz bunu etsək və uşaqlarımız, insanlarımız yodlaşdırılmış sudan içsələr inkişaf da olacaq. Müdadilə yaxşılaşacaq, qarın çıxmayacaq. Bu gün isə kişilərimizə baxırsan, hamilə qadınlara oxşayır. Qadınlarımız isə begemota oxşayır. Bu, çox pis haldır. Bunlar hamısı xəstəlikdir.

-İnsanlarda hormonal disbalans yarandıqda, cinsi oriyentasiyada dəyişiklik olur. Nəticədə, bu, homoseksuallığda da gətirib çıxarır. Mən istərdim ki, homoseksuallığın fiziologiyası barədə də danışasınız.

-Axmaq bir xəstəlikdir. Biz uşaqları belə xəstələrdən qorumalıyıq. Uşaqlar onlara baxır, pis şeyləri öyrənir. Geylərin paradını keçirilər.

Onlar yığıldılar, hamısı boz kostyum geyindi, ayaqqabıları par-par parıldayırdı. İnanırsan, ağ köynək geymişdilər, mən elə ağ köynək görməmişəm. Süddən də ağ idi. Qırmızı da qalstuk. Onlar meydana çatanda hamısı birdən-birə soyunur, lüt, anadangəlmə bir-birləri ilə yaşayırlar. Bu adət bizə yaraşarmı?! Xeyr. Homoseksuallarda hormonal sistem zəifləyir. Niyə? Müqayisə aparaq. Hormonu toyuğa vururlar, həmin toyuq dəhşətli dərəcədə şişir… Homoseksuallıq barədə çox şey danışmaq olar. Bunu dərslərdə tələbələrə danışırıq.

Məsələn qadın var ki, duldur, onun hormonları neytrallaşmalıdır. Sən o dul qadının qabağında dura bilməzsən. Hormon ki, onun beyninə vurdu, dul qadın səni "məhv edər”. Mən xarici elmi jurnaldan bir şey götürmüşəm. Deməli, 1 həftəlik, 15 günlük hamiləliyə diaqnoz qoymaq olur. Qadının sidiyini erkək qurbağaya vururlar. Mikroskopda baxanda həmin qurbağa spermatazoid ifraz edirsə, deməli qadın hamilədir. Elm çox inkişaf edir, görün nələrə qadirdir. Heyf ki, bizim millət belə şeyləri oxumur.

-Mən SSRİ zamanında yaşamamışam. Bir onu bilirəm ki, müasir dövrdəki tibbimizi sovet vaxtındakı ilə müqayisə edirlər və yaxşı olmadığını deyirlər. Bu gün xəstələr müalicə üçün xarici ölkələrə üz tuturlar.

–Azərbaycan tibbi geriləməyib. Sadəcə sovet zamanında insanlar poliklinikalarda pulsuz müalicə olunurdular. Dərmanlar 3-7 qəpik idi. O da rəmzi bir rəqəm idi. İndi isə dərmanlar 30 manata, 60 manatadır. Bu öz yerində. Bizim camaat isə həkimə o vaxt gedirlər ki, xəstəlik ağırlaşmış olur. Bu da açığını deyim ki, kasıblıqdandır.

Təbabətimiz çox inkişaf edib. Bizim həkimlər Almaniyada, Türkiyədə, Amerikada təhsil alırlar. Onlar uzmandırlar. Siz elə düşünməyin ki, bütün həkimlərimiz yaxşı deyil.

-Psixi xəstəliklərin yaranma səbəbləri nədir? Bunu tədqiq etmisiniz?

–Çoxları deyir ki, psixi xəstəliklərin, şizofreniyanın səbəbi bilinmir. Əslində isə hamısının səbəbi bilinir. Bizim millət sadəcə elmi sevmir. Sizə amerikalıların yazdıqları kitabdan bir neçə sitat deyəcəyəm.

Gəlin baxaq, bu gün revmatizmin 120 növü var. Onu da amerikalılar 6 qrupa bölürlər. Birinin müalicəsi o birinə düşmür. Bizdə isə revmatizmin müalicəsini kolxoza döndəriblər. Bizdə revmatizmdən əziyyət çəkənlərə bitsilin vururlar. Bu isə düzgün deyil. O xəstəliyin qruplarına görə ayrı-ayrı müalicələri var.

Bəs revmatizmi törədən nədir? Məsələn, amerikalılar yazır ki, revmatizmi törədən mikrobdur. Həmin mikrobun sevdiyi yer boğaz, oynaq, əzələ, ürəyin endokart qişası və beyindir. Tibb sübut edir ki, revmatizmdən dəli olanlar da var. Yəni revmatizm psixi xəstəliklərin yaranmasına gətirib çıxarır.

Şizofreniyaya gəlincə. Onun 2 forması var: manyakal və depressiv forması. Depressiv formada xəstə bir küncə girir, özünə qapanır, heç kimlə danışmır. Beyində multipolyar qat var. Oradan seratonin maddəsi ifraz edilir. Bu maddə çox olanda xəstə depressiyaya düşür. Az olanda isə, manyakal formaya keçir.

Rəhmətlik İlhamə Quliyeva deyirdi ki, məndən yoxdur…

-İlhamə Quliyeva rəhmətə gedib. Sizcə, onun psixi xəstəlikləri var idi? Mənə elə gəlir ki, söhbət zamanı ona vurğu etdiniz.

–Mən ad çəkməyəcəm. Amma bir neçə misal çəkəcəyəm. Deyək ki, birinə deyirəm ki, tükünü niyə yuxarı qaldırmısan? Cavabı belə olur ki, kosmosla danışır. Bir də görürsən ki, biri deyir ki, filan yerdən cin getdi. Görmə, eşitmə hallüsinasiyaları var. Bəli, həqiqətən də belələrinin qulağına səslər gəlir, onların gözünə nəsə görünür. Niyə? Çünki seratonin çatmır. Seratoninin ifrazı artanda insan ağıllanır.

-Efirə çox baxırsınız. Heç efirə çıxanların portretini cızırsınızmı?

–Hamısının psixoloji portretini cızıram. Sizə açığını deyəcəyəm. Hansı müğənni çıxıb efirə deyirsə ki, onu kimi oxuyan yoxdur, onları silin getsin. Onlarda özlərini böyütmə ideyası var. Kim özünə tənqidi yanaşmırsa, kim özünü qınamırsa, bu adam dəlidir. Belələrinin müalicəyə ehtiyacı var.

-Bayaq o biri dünya ifadəsi işlətdiniz. Öləndən sonra başqa bir dünyaya düşəcəyimizə inanırsınız?

–O dünyadan heç nə, heç kim gəlməyib. Desəm inanıram, siz də sübut istəyərsiniz. İnanmıram desəm də, həmçinin. Heç nə ilə sübut etmək mümkün deyil.

Din mənim üçün saflıq, paklıq, həqiqət, başqasının haqqını yeməmək, vicdandır. Bundan yaxşı nə var ki?! Amma qalan şeyləri xurafat sayıram. Məsələn, çoxları Allahın nə olduğunu bilmir, dualar edir, namaz qılır, amma sonra dinə zidd işlər görür. Allah – bir yaradıcı var. Bu gün bütün mollalar dinimizi bərbad hala salıb.

Dini də, Allah sözünü də yaradan insanlardır. Ruslar "boq” deyir. Deməli, bu sözü onlar yaradıblar.

-Rəşid müəllim, son vaxtlar televiziyalarda az görünürsünüz.

-Açığı vaxtım yoxdur. Kitab yazmaqla məşğulam. Əlimlə yazıram, yazmaqdan əlim qabar olub. Kompüterdə yazsaydım, bu qədər əziyyət çəkməzdim.

-Ailəniz haqqında da qısa məlumat verərdiniz, söhbətə yekun vurardıq.

-2 qızım, 1 oğlum var. Oğlum hüquqşünasdır, amma işləmir. Qızlarım isə həkimdir. Biri göz həkimidir, Türkiyədə təcrübə keçib.  Bu yaxınlarda isə Danimarkaya gedəcək. O biri qızım da həkimdir. Yoldaşım da "Semaşko” xəstəxanasında qaraciyər həkimidir. 5 nəvəm var. Hamısı da oxuyurlar. Birini Türkiyədə yaxşı oxuduğuna görə, 3-cü sinifdən 5-ci sinfə keçiriblər.

BAKU.WS

Son xəbərlər