Bakıda avtobus zolaqlarının uzunluğu nə qədər olacaq? - RƏSMİ CAVAB
Avtobus zolaqları şəhər nəqliyyatında hərəkətin daha səmərəli və təhlükəsiz olmasını təmin etmək üçün yaradılıb. Bu zolaqların əsas məqsədi ictimai nəqliyyatın hərəkətini tənzimləmək və sürətləndirməkdir. Xüsusi avtobus zolaqları vasitəsilə avtobuslar sıx tıxaclarda dayanmayaraq daha sürətli hərəkət edə bilir, nəticədə sərnişinlərin vaxt itkisi azalır.
BAKU.WS xəbər verir ki, bunlar həmçinin yol hərəkətində təhlükəsizliyi artırmağa kömək edir, çünki digər nəqliyyat vasitələrinin avtobus zolaqlarına daxil olması qadağandır və beləliklə, avtobusların dayanma-durma halları azalır.
Eyni zamanda, ictimai nəqliyyatdan istifadənin təşviq edilməsi, şəxsi avtomobillərin istifadəsinin azaldılması və yolun ümumi yükünün yüngülləşdirilməsi məqsədi daşıyır. Bu isə tıxacların azalmasına və ətraf mühitin qorunmasına da müsbət təsir göstərir.
Bəs bu günə kimi salınan avtobus zolaqlarının uzunluğu nə qədərdir? Bu zolaqlarının gələcəkdə nə qədər artırılması nəzərdə tutulub?
Bu suallara cavab tapmaq üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik. Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, AYNA tərəfindən Bakı şəhərində yeni avtobus zolaqları şəbəkəsinin tətbiqi çərçivəsində hazırda paytaxtın 26 küçə və prospektində uzunluğu 77 km-dən çox xüsusi hərəkət zolağı təşkil edilib.:
"Müxtəlif ərazilərdə təşkil edilmiş bu zolaqlarla ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınması təmin edilir. Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək. Növbəti mərhələdə daha 106 km avtobus zolaqları şəbəkəsinin təşkili nəzərdə tutulub.
Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində artıq 12,5 km-lik mikromobillik zolağı da təşkil edilib. Görülən işlər nəticəsində müvafiq nişanlanma işləri aparılıb, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunub. Şəhərdə mövcud olan işıqfor dirəklərində velosiped bölmələrinin quraşdırılması işləri davam etdirilir".
Agentlikdən həmçinin deyildi ki, Bakı şəhərində ilk velosiped kirayəsi xidməti də fəaliyyətə başlayıb. Mikromobillik vasitələrinin parklanması üçün şəhərdə 50-yə yaxın məntəqə yaradılıb:
"Əhali arasında velosipeddən və skuterlərdən istifadəyə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin mikromobillik, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, sakinlər üçün şəhər konsepsiyası çərçivəsində AYNA tərəfindən velosiped zolaqları şəbəkəsinin genişləndirilməsi davam etdiriləcək".
Baş DYP İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev isə BAKU.WS-ə açıqlamasında avtobus zolaqlarına daxil olan sürücülərin hansı halalrda cərimə olunub-olunmayacağından danışıb:
"Yol hərəkəti haqqında" Qanunun 48-ci maddəsinə əsasən 5.9 (Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) nişanı və 1.23 ("BUS" yazısı) nişanlanması ilə işarələnən zolaqlarda digər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır. Zolaq 1.1 bütöv nişanlanma xətti ilə digər hərəkət zolaqlarından ayrılmışdırsa, digər nəqliyyat vasitələrinin bu zolağa bütün hallarda daxil olması qadağandır.
Lakin istisnalar var:
1. Əgər zolaq digər zolaqlardan 1.5 qırıq-qırıq nişanlanma xətti ilə ayrılarsa , başqa nəqliyyat vasitələrinin bu zolaqla hərəkəti qadağan edilsə də, ümumi istifadədə olan nəqliyyat vasitələrinə maneə yaratmadan yalnız sərnişini mindirmək və ya düşürmək üçün bu zolağa keçib dayanmaq və dərhalda hərəkətə başlayıb zolağı tərk etmək olar.
2. Yalnız yoldan çıxış və yola giriş yerlərində 1.11 nişanlanma xətti ilə işarələnən yerlərdə bu zolağa qismən daxil olub oradan müvafiq manevri etmək olar.
Digər nəqliyyat vasitələrinin sürücüləri giriş-çıxış yerlərində tətbiq edilmiş 1.11 xəttini kəsərək həmin zolağa daxil olduqda mütləq yoldan çıxmalıdırlar. Həmin zolağa daxil olub giriş-çıxış yerini düz keçərək bu zolaqla hərəkəti davam etdirmək, o cümlədən növbəti 1.11 xətti olan yerdə həmin zolağı tərk edənədək davam etdirmək qadağandır".
İdarənin inspektoru əlavə etdi ki, bəzi küçələrdə qadağa yalnız günün müəyyən saatlarında qüvvədədir:
"Hansı ərazidə, küçədə qoyulmuş nişanda saat qeyd edilibsə, həmin yerdə qadağa yalnız həmin saatlarda qüvvədədir. Hazırda quraşdırılan nişanlarda avtobus zolağına giriş səhər saat 07:00-10:00 və saat 17:00-20:00-da qadağandır. Saatın qeyd edildiyi nişanlar olmayan küçələrdə qadağa bütün gün üçün qüvvədədir".
Xatırladaq ki, avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 cərimə balı qeydə alınır".
Orxan Hüseyn
Oxşar xəbərlər
DSX zabiti: Sərhədçilər xidmət etdikləri ərazidə mədəni abidələri, flora və faunanı da qoruyurlar
Sərhədçilər xidmət etdikləri ərazidə mədəni abidələri, flora və faunanı da qoruyurlar. BAKU.WS xəbər verir ki, bu sözləri report-un Qazaxa ezam olunmuş əməkdaşı...