Söyüş söydüyü üçün üzərinə benzin töküb od vurublar: "Yana-yana çənlərə tərəf qaçıb"

Söyüş söydüyü üçün üzərinə benzin töküb od vurublar: Yana-yana çənlərə tərəf qaçıb
Hadisə 82

Bakıda bacısının keçmiş ərini yandırmaqda təqsirləndirilən Məhərrəm Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

Şahid Uğur İmanov hadisə vaxtı yanacaqdoldurma məntəqəsində operator işlədiyini və həmin gün növbədə olduğunu bildirib:

"İki nəfər yaxınlaşdı, məndən xahiş etdilər ki, yanacaq verim. Qalıq pul qalmışdı, qaytarmaq istəyirdim ki, Zəhmət adlı şəxs yanacağı üstünə tökməyə başladı. Məhərrəm onu tutub "Gəl evə gedək, camaatın içində özünü pis vəziyyətdə qoyma" dedi. Köməyə adam çağırmağa getdiyim üçün yanğının necə baş verdiyini görmədim".

Digər şahid Amin Baxşızadə isə hadisə günü kameralara nəzarət etdiyini deyib:

"Kameralardan gördüm ki, iki nəfər yanacaqdoldurma məntəqəsinə yaxınlaşdı. Necə baş verdiyini anlamadım, birdən yanğın başladı. Sonradan adının Zəhmət olduğunu öyrəndiyimiz şəxsin yana-yana çənlərə tərəf qaçıb "Yandım" deyə qışqırdığını görəndə özümü itirdim. Tez qaçıb ona kömək etməyə çalışdıq ki, çənlərə yaxınlaşmasın".

Daha sonra məhkəmə sənədlərin tədqiqini elan edib.

Növbəti proses 5 yanvara təyin edilib.

Xatırladaq ki, Məhərrəm Hüseynzadə 2025-ci ilin may ayının 29-da gecə saat 1 radələrində ailəsi ilə birlikdə yaşadığı Nizami rayonu, Fərzəliyev küçəsi 2 ünvanında olduğu vaxt bacısının keçmiş əri Zəhmət Əhmədov sərxoş halda evə gələrək səs-küy yaradıb.

Bina sakinlərini narahat etməməsi üçün Məhərrəm onu ərazidən uzaqlaşdırmaq məqsədilə BMW markalı avtomobilə əyləşdirib. Yolda aralarında yaranmış mübahisə zamanı Zəhmət Əhmədovun söyüşlərindən hiddətlənən Məhərrəm avtomobili yanacaqdoldurma məntəqəsinə sürüb. 1 litrlik plastik qaba yanacaq dolduran Məhərrəm Hüseynzadə onu Zəhmət Əhmədovun üzərinə tökərək od vurub. Zərərçəkən bir gün sonra müalicə aldığı Nərimanov Tibb Mərkəzinin yanıq şöbəsində vəfat edib.

Məhərrəm Hüseynzadə həbs olunub, ona qarşı CM-nin 120.2.4 (qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla törədilmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər