"Bakı Marafonu 2025"in qalibləri müəyyənləşib

Bakı Marafonu 2025in qalibləri müəyyənləşib
Foto
Sosial 163

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2025"in qalibləri müəyyənləşib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Küləyə qalib gəl" şüarı ilə keçirilən marafonda kişilər arasında yarışın qalibi türkiyəli Atac Sezgin olub.

Rusiyalı Vitali Şafar finiş xəttini ikinci, Türkiyənin digər təmsilçisi Murat Emekdar isə üçnücü keçib.

Qadınların mübarizəsində isə ukraynalı Natalya Semenoviç finişə hamıdan tez çatıb. Azərbaycanı təmsil edən Anna Yusupova ikinci, yaponiyalı atlet Eriko Soma üçüncü yerə layiq görülüb.

Qaliblərə pul mükafatları və medallar təqdim olunacaq. Qeyd edək ki, marafonda 28 minədək iştirakçı qeydiyyatdan keçib.

***09:50

Mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2025" təşkil edilir. "Küləyə qalib gəl" şüarı ilə keçirilən yarışda 28 minədək iştirakçı qeydiyyatdan keçib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, artıq 8-ci dəfədir təşkil olunan "Bakı Marafonu"na tanınmış siyasi-ictimai, incəsənət xadimləri, ziyalılar qoşulublar.

Ümumilikdə, marafonun 200-dən çox rəsmi və fəxri iştirakçısı olub. Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər, həmçinin digər ölkələr - Almaniya, Amerika Birləşmiş Ştatları, Avstraliya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Fransa, Hindistan, İspaniya, İtaliya, Kanada, Niderland, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukraynadan və digərlərindən qoşulanlar olub.

Yürüşdə fiziki imkanları məhdud şəxslər və Daun sindromlu uşaqlar da iştirak edirlər. 2016-cı ildən təşkil edilən "Bakı Marafonu" idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

Marafona səhər saat 10:00-da start veriləcək, saat 07:00-dan etibarən Bayraq Meydanında artıq yarış əhvali-ruhiyyəsi yaşanır. Burada təşkil olunan atletlər zonasında iştirakçılar üçün yarışdan əvvəl yoqa, isinmə məşqləri keçirilir, "fan zona"da DJ-lər, müxtəlif əyləncə və interaktiv oyunlar təşkil edilib. Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanı olan marafonun marşrutu Dənizkənarı Bulvar, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini, ümumilikdə 21 km-lik məsafəni əhatə edir: Marafonun marşrutu boyu şəhərin müxtəlif ünvanlarında da əyləncə zonaları təşkil edilib.

Son xəbərlər